“Orqan mafiyası”nın Azərbaycandakı yeni və ilginc uzantıları

9-12-2015, 12:16           
“Orqan mafiyası”nın Azərbaycandakı yeni və ilginc uzantıları
Adımız Suriyalı qaçqınların orqanlarının satıldığı ölkələr arasına necə düşdü?
1449554833_01Azərbaycanın adı bir daha “orqan mafiyası”nın uzantılarının yer aldığı ölkələr arasına düşüb. Belə ki, Türkiyədə Suriya qaçqınlarının orqanlarını satan ukraynalı saxlanılıb. Bu barədə alman KİV-i xəbər tutub. Onların məlumatına əsasən, ukraynalı Boris Bolfman adlı bir şəxs türk tibbi klinikaları vasitəsilə qaçqınların orqanlarını xarici ölkələrə satıb.
Yaxın Şərqdən miqrantlar ən çox Türkiyə vasitəsilə Avropa ölkələrinə keçir. Elə ona görə də ukraynalı , məhz, burada orqan alveri etməyin asan olduğunu düşünüb. “Boris Volfman İstanbulda, Atatürk hava limanında orqan alverində şübhəli bilinən biri kimi saxlanılıb. Ukraynada anadan olan İsrail vətəndaşı Türkiyəyə Suriyalı qaçqınların orqanlarını satmaq məqsədi ilə gəlib”, – qardaş ölkənin “Doğan” informasiya agentliyi yazır.
Afrika və Yaxın Şərqdə gedən müharibələrlə əlaqədar olaraq, donor orqanların qara bazarında canlanma müşayiət olunur. Pula ehtiyac duyan insanlarla razılığa gələn Volfman, onlardan orqanlarını ucuz qiymətə alıb, çox baha qiymətə satıb. Salon nəşriyyatının məlumatına görə, hər saziş üçün cinayətkar 70-100 min avroya qədər vəsait alıb. Orqanlar Kosovo, Azərbaycan və Şri-Lankaya satılıb. Saxlanılan şəxs məhkəmə qarşısına çıxarılacaq İsrailə deportasiya olunacaq. Lakin məhkəmə qarşısına çıxana qədər o, 40 gün Türkiyədə həbsdə saxlanılacaq. Türkiyə tərəfi bu hadisəni şərh etməkdən imtina edib, lakin verilən məlumata görə, artıq araşdırmalara başlanıb.
Daha əvvəl də İŞİD terrorçuları belə cinayətkar əməllərlə gündəmə gəlib. Məlum olub ki, onlar əsir saxladıqları insanların sağlam orqanlarını çıxararaq, xarici ölkələrə satıb. Ümumiyyətlə, terrorçular neftlə yanaşı, donor orqan satmaqla öz gəlirlərini artırırlar.
Onu da deyək ki, bundan bir müddət əvvəl də ölkəmizin adı “orqan mafiyası”nın cinayətkar əməlləri ilə bağlı qalmaqala qarışıb. Belə ki, bir neçə il əvvəl Ukraynada ifşa edilən beynəlxalq orqan mafiyasının Azərbaycanla da əlaqələri ortaya çıxmışdı. Həmin vaxt Ukraynanın Daxili İşlər Nazirliyindən bildirirdilər ki, mütəşəkkil dəstə üzvlərinin qanunsuz böyrək nəqli əməliyyatları həyata keçirməsi ilə yanaşı, onların saxta sənədlər hazırlamasına dair dəlillər də əldə olunub. İstintaq 12 nəfərlik qrupun işini araşdırıb, onlardan 4-ü Kiyevdəki Şalimov adına Cərrahiyyə İnstitutunun həkimləri idi.
O vaxt bildirilirdi ki, bu şəbəkə internet vasitəsilə elanlar verərək pula ehtiyacı olanlardan böyrək alıb, qurbanların daxili orqanı əsasən Azərbaycan və Ekvadorda çıxarılırmış. Bir neçə belə əməliyyat isə Kiyevdə aparılıb. İstintaq müəyyən edib ki, mafiya böyrəkləri donorlardan təqribən 10 min dollara alıb və onu pasiyentlərə dəfələrlə baha qiymətə köçürüb. Bu yolla dəstə 40 milyon dollardan çox qazanc əldə edib.
Mafiya ilə əlbir olmaqda adı hallanan Şalimov adına İnstitutdan isə bəyan ediblər ki, DİN-in onların adlarını bu işdə hallandırması əsassızdır. İnstitutdan bildirilib ki, işdə adı keçən həkimlərlə onların əlaqəsi olmayıb. Ukrayna DİN-in Mütəşəkkil Cinayətkarlıq və İnsan Alveri İdarəsinin rəisi Yuri Kuçera jurnalistlərə açıqlamasında təsdiq edib ki, Şalimov adına İnstitutun həkimlərindən həbs edilən hələ yoxdur: “Sübutlar toplanır, tibbi sənədlər analiz edilir. Bu, xeyli genişmiqyaslı işdir. Şalimov adına İnstitutun həkimlərinin bu işdə əlinin olmasına dair kifayət qədər dəlil əldə etmişik, ancaq indi onlar vəkillərin arxasında gizlənir. Bu klinikada bir neçə qanunsuz əməliyyat aparılıb, ancaq əvəzində bizim həkimlər müntəzəm olaraq Azərbaycana və Ekvadora gedərək bu ölkələrin qanunvericiliyinə zidd şəkildə böyrək nəqli həyata keçiriblər. Nəticədə bu yolla böyük sərvət əldə ediblər”.
Xatırladaq ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda insan orqanlarının transplantasiyası haqqında qüvvədə olan qanunvericiliyə əsasən donorlarla pasiyentlər qohum olmalıdır. Qanun insan orqanlarının qazanc götürmək məqsədilə alınıb-satılmasını qadağan edir.
Lakin orqan nəqli üçün donorla xəstənin qan qohumluğu şərt deyil. 1-ci, 2-ci, 3-cü dərəcəli qohumlardan bir transplantasiya məqsədilə donorlar hazırlanır. Ukraynadakı beynəlxalq orqan mafiyası ilə bağlı araşdırmalardan belə görünürdü ki, həmin cinayətkar şəbəkə sənədləri saxtalaşdırmaqla Azərbaycanda hüquqi məsuliyyətdən sığortalanmaq istəyib. Yəni əvvəlcədən saxta sənədlər hazırlanaraq orqanı çıxarılan şəxslə onu alan şəxsin “qohumluğu” təşkil edilib. Ondan əvvəl İsraildə istefada olan generalın başçılıq etdiyi “orqan mafiyası” da eyni üsulla işləyirdi və dəstənin tərkibində xüsusi olaraq saxta sənədlər hazırlayan peşəkar hüquqşünas yer alırdı.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda “orqan mafiyası”na qarşı mübarizə sərtləşdirilib. Bu da sözügedən beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə rahat fəaliyyətini xeyli əngəlləyib. Sözügedən problemin miqyası artıq Azərbaycanda əvvəlki kimi geniş deyil. Hər halda bir sıra ekspertlər belə düşünürlər.
Bununla belə, indi suriyalı qaçqınların orqanlarının Türkiyə üzərindən satışında Azərbaycanın da adının hallandırılması narahatlıq doğurur. Görünür, beynəlxalq orqan mafiyasının buradakı uzantıları qalmaqdadır, ya da yeni uzantılar yaranıb.
Ona görə də aidiyyatı dövlət qurumlarının məsələyə həssas münasibət sərgiləyəcəyinə, təcili müdaxilə edəcəyinə ümid bəsləyir, inanırıq ki, ortaya atılan məlum iddia ilə bağlı operativ və obyektiv araşdırmalar atılacaq.(unikal.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.