“Avropa” otelindəki qanlı olayla bağlı sensasion TƏFƏRRÜATLAR

24-04-2015, 23:01           
“Avropa” otelindəki qanlı olayla bağlı sensasion TƏFƏRRÜATLAR
Yaralanan Ruslan Əfəndiyev uzun illər “Beynəlxalq bank” prezidentinin mühafizə xidmətinin rəisi olub; vəkildən sensasion açıqlamalar


“Avropa” otelində baş verən olayda adı keçən Ruslan Əfəndiyev bu ilin martına qədər Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin şəxsi mühafizə xidmətinin rəisi olub. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, C.Hacıyev vəzifəsindən çıxarılandan sonra R.Əfəndiyev də işini itirib və aktiv şəkildə məşqçiliyə başlayıb.

Aprelin 22-də “Avropa” məlum qətl hadisəsi də həmin məşq zamanı yaşanıb. Otelinin idman zalında Ruslan Əfəndiyevə və Azər Məmmədova bıçaq xəsarətləri yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə həkim müayinəsindən sonra sərbəst buraxılıb.

A.Məmmədov "Zaminbank”ın filial müdiri olub. Digər bıçaqlanan R.Əfəndiyev isə idman ustası, qarışıq döyüş idman növü üzrə məşqçidir. Olayla bağlı ilkin məlumatlarda bildirilirdi ki, A.Məmmədov otelin idman zalında məşq edərkən Sənan Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub və hadisə yerindən qaçıb.

Sonradan məlum oldu ki, hadisə baş verən gün Sənan Quliyev tək olmayıb. Onunla birlikdə Mövlud adlı dostu da olub.

Ruslan Əfəndiyev vəzifəli şəxsin mühafizəsinin rəisi olub

Mövlüdun vəkili Cavid Rzazadə “Yeni Müsavat” əməkdaşına hadisənin təfərrüatlarını danışıb. Vəkil işdə adı keçən Ruslan Əfəndiyevin uzun illər “Beynəlxalq bank” prezidentinin mühafizə xidmətinin rəisi olması haqda bilgili olmadığını deyib. Bildirib ki, adi bir məsələnin bu səviyyəyə çatmasında R.Əfəndiyevin rolu var: “Mətbuatda tamamilə yalnış olaraq məlumat yayılıb ki, Sənan Quliyev vəzifəli şəxsin mühafizəçisi olub. Mövlud və Sənan adi dindar uşaqlardır. Onlar vəzifəli şəxs deyillər və heç vaxt da vəzifəli şəxsin mühafizəsinin rəisi olmayıblar. Amma Ruslan Əfəndiyev vəzifəli şəxsin mühafizəsinin rəisi olub. Mətbuatda məsələnin bu cür baş-ayaq yayılması təsadüfi deyil. Görünür Sənan və Mövluddu cəmiyyətə, ictimaiyyətə arxalı şəxslər kimi təqdim etməklə onların qarşılarına çıxan şəxsləri aradan götürmək, bıçaqlamaq iqtidarında olmalarını təlqin etmək istəyiblər. Əslində isə Mövlud və Sənan namaz qılan, kiminsə haqqına girməyən insanlardır. Bu olayda onlar sadəcə özlərini müdafiə etmək zorunda qalıblar. Mən Mövludun soyadını, atasının adını, bir sözlə anket məlumatlarının ictimailəşməsinin əleyhinəyəm.

Vəkil müvəkkilinin öldürüləcəyindən ehtiyat edir


Ruslan Əfəndiyev vəzifəli şəxsin mühafizəsinin rəisi olduğundan kifayət qədər böyük çevrəsi var. Hesab edirəm ki, hazırda istintaq təcridxanasında olan Mövludun kimliyi haqda bilgi alan Ruslan Əfəndiyev onun həyatına təhlükə yarada bilər”.

Ruslan Mövludun boğazından yapışıb boğarkən...

Vəkil baş vermiş bu qanlı hadisənin əsas səbəbkarının R.Əfəndiyevin olmasını istisna etmir: “Mövludla Sənan oteldəki məşq zalına ilk dəfə gediblər. Orada aylıq məşq üçün 100 manat ödəniş olunur. Bunların isə 170 manat pulları olub. 30 manat da dostlarından biri onlara verib ki, gedin məşq edin. Onlar zalda güləşərkən Ruslan Əfəndiyev bir neçə tələbəsi ilə zala girib. Sənanın ayağında “barsovka”(idman ayaqqabısı) olub. Ruslan da deyib ki, tatami üzərinə o ayaqqabı ilə çıxmayın. Bunlar üzrxahlıq edib deyiblər ki, birinci dəfədir gəlmişik, bilmədik. Sonra gedib digər zalda dəmir alətlərlə məşq ediblər. Hamama gedəndə Mövlud idman zalından verilən ayaqqabı ayağında olarkən qayıdıb tataminin qırağından dəsmalı götürüb. Bu dəfə Ruslan deyib “sən nə “ponyatkasız” adamsan, bayaq dedim axı ayaqqabı ilə keçmə”. Mövlud da deyib ki, tatamiyə oteldən verilmiş birdəfəlik ayaqqabı ilə də çıxmağın qadağan olduğunu bilmirdim.

Növbəti dəfə də təsadüfdən şkafın açarları zalda qalıb. Mövlud açarı götürmək üçün zala girəndə Ruslan Əfəndiyevlə üz-üzə gəlir. Üzrxahlıq edib ki, yenə bura gələcəyik, aramızda qanqaraçılıq olmasın. Ruslan Əfəndiyev “bir də belə qanacaqsızlıq eləməyin” dedikdə, Mövlud bildirib ki, “biz qanacaqsız deyilik, bizi qanacaqsız hesab edən özü qanacaqsızdı”. Bu zaman Ruslan Mövludun boğazından yapışıb boğarkən, Mövlud müqavimət göstərməyə çalışıb. Ruslanın boyu 1 metr 80-dən hündürdür. Mövludun isə 1.69 boyu var. Ruslan illərin idman ustasıdır, 1971-ci ildəndir. Mövlud isə yenicə məşqə başlamaq istəyən, ondan çəkidə və boyda balaca olan şəxsdir. Mövlud Ruslanın əlindən canını qurtarmaq istəsə də, buna nail ola bilməyib. Üstəlik Ruslanın tələbələri də onu döyməyə başlayıblar. Sənan isə ora sonradan gəlib. Orada heç bir tərəfdən söyüş söyən olmayıb. Ruslan Mövludla savaşanda onun tələbələri də köməyə gəlib. Mərhum Azər Məmmədov da onların içərisində olub. Sənan görüb ki, 4-5 cüssəli adam Mövludu döyür. Mövludu da elə Azər Məmmədov döyüb, onun burnu sınıb, gözü göyərib. Sənan qorxub ki, onlarla bacara bilməyəcək, onu da döyəcəklər”.
Video var və videodan görünür ki…

Vəkil deyir ki, Sənan üzərində gızdirdiyi qatlanan bıçağı çıxarıb və Mövludu döyənləri qorxutmağa çalışıb. Düşünüb ki, qarşı tərəfdə olanlar bıçağı görüb qorxub Mövluddan əl çəkərlər: “Amma onlar Mövludu buraxmayıblar, nəticədə Sənan bıçaqla bir neçə nəfəri bədənini cızıb. Ruslaının da qolu çızılıb. Həmin vaxt Mövludu döyən şəxslər Ruslan, Azər Məmmədov və digər iki şəxs olub”.

Sənan da, Mövludda Azərin ölümünə görə çox peşimandırlar

Vəkil deyir ki, otelin daxili təhlükəsizlik kameraları hadisənin necə baş verdiyini qeydə alıb: “İstintaq orqanı da qeyd edib ki, həmin video var və videodan Sənanın hadisəni törətməsi, Mövludun döyülməsi qismən görünür. Həmçinin Azər Məmmədovun da hadisəyə müdaxilə etməsi, Sənanı yumruqla vurması və təpikləməsi görünür. Ruslanda və digər şəxslərdə xəsarətlər kəsicidir. Azər Məmmədovda isə kəsici olmaqla yanaşı ürəyin üst pərdəsi cırılıb. Sənan da, Mövludda Azərin ölümünə görə çox peşimandırlar və onun ölümünə görə özlərini bağışlaya bilmirlər”.

“Aranı qarışdıran Ruslandır”

Vəkil olayın baş verməsində məşqçini günahlandırır: “Olayın baş verməsinin səbəbkarı Ruslandır və ona heç bir ittiham verilməyib. Aranı qarışdıran Ruslandır. O məşqçidir, əgər mübahisə yaransa belə həmin mübahisənin sakitləşdirilməsinə səy göstərməli idi. Amma Ruslan Əfəndiyev bunun əvəzinə ondan 2 dəfə üzr istəyən Mövludu döyməklə aranı qızışdırıb. Üstəlik tələbələrini də ciddi bir səbəbi olmayan və özü tərəfindən başladılan mübahisəyə qarışmalarına imkan verib. Allah Azər Məmmədova rəhmət eləsin, ailəsinə səbr versin. Amma onun ailəsinin də bilməsini istəyirik ki, təqsirləndirilən şəxslərin vermiş olduğu ilkin ifadələr onu deməyə əsas verir ki, hadisənin başlanması Ruslan Əfəndiyevdən qaynaqlanır. Sənan və Mövlud da, Azər kimi Ruslan Əfəndiyevin lüzumsuz iradlarının qurbanıdırlar”.

C.Rzazadə qeyd edib ki, Sənan Quliyevi və Mövludu polisə özləri təhvil veriblər: “Onlar mətbuatdan hadisə nəticəsində adam öldüyünü öyrəniblər. Hər ikisi aprelin 23-də səhər tezdən Nəsimi Rayon Polis İdarəsinə gedib təslim olublar”.

S.Quliyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1 (bir qrup şəxs tərədindən xuliqanlıq), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət) , 221.3 (silah qismində əşyanı tətbiq etməklə xuliqanlıq etmə) maddələri üzrə cinayət işi başlanıb.

Mövluda isə 221.2.1; 221.2.2; 221.3 maddələri ilə Cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə Sənan Quliyev 4, Mövlud isə 3 ay müddətinə həbs olunublar.(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.