Nazim İbrahimov Azərbaycan dövlətinin üzünü niyə ağ edə bilmədi - Xaricdəki soydaşlarımız birləşmir, parçalanır...
27-04-2015, 10:06
Bir neçə il öncə prezident İlham Əliyev Azərbaycan diplomatları ilə görüşüb, yeni proqramla çıxış edərək bəyan etdi ki, Azərbaycan diplomatiyası artıq müdafiədən hücum diplomatiyasına keçid etməlidir. Bundan sonra demək olar ki, Xarici İşlər Nazirliyi iş sistemini yeniləyərək qarşıya qoyulan vəzifələrin icrasına başladılar. Qısa müddətdə Azərbaycan diplomatiyası həqiqətən uğur qazanmağa başladı və Ermənistan xarici siyasət masasında küncə sıxışdırıldı. Amma bir problem, problem olaraq qaldı. Bu isə dünyaya səpələnən erməni diasporasının fəaliyyəti idi.
Kifayət qədər aktivlik göstərən erməni diasporasına qarşı isə çıxmalı olan azərbaycanlı diaspora təşkilatlarının fəaliyyəti diqqəti cəlb etmədi. Bunun isə köklü səbəbləri var və gəlin bunları aydınlaşdıraq.
Diasporla İş üzrə Dövlət Komitəsinin vəzifəsi
Hələ on illər öncə ümumilli lider Heydər Əliyev erməni diasporasının fəaliyyətini izləyərək onların Azərbaycan üçün problemlər yaratdığını müəyyənləşdirmişdi. Buna görə Avropa və ABŞ-da yaşayan azərbaycanlıların diaspora təşkilatlarında birləşmələri, Türkiyə tərəfindən formalaşdırılmış türk diaspora təşkilatları ilə mərkəzləşdirilmiş fəaliyyəti üçün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə bağlı addım atdı. Dövlət komitəsinin isə vəzifələri konkret və aydın idi. Komitə sədri postuna isə uzun illər Ukraynada fəaliyyət göstərən iş adamı Nazim İbrahimov gətirildi. Bunu da qeyd edək ki, komitə yaradılmamışdan öncə artıq aparıcı dövlətlərdə zəif də olsa diaspora təşkilatları fəaliyyət göstərirdi.
Komitənin “seçim” siyasəti
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov fəaliyyətinin ilk mərhələsində fəaliyyətdə olan diaspora təşkilatları ilə tanışlığa başladı və aydın oldu ki, 50-dən çox ölkədə diaspora təşkilatları fəaliyyət göstərir. Güman edilirdi ki, Nazim İbrahimov bu təşkilatları səfərbər edəcək və fəaliyyətlərinin mərkəzləşmiş şəkildə davamını təmin edəcək. Amma gözləntilər özünü doğrultmadı. Hər zaman əsasən mədəni tədbirlərdə gözə dəyən diaspora təşkilatları nəinki siyasi proseslərdə də aktivlik nümayiş etdirdilər, əksinə ümumiyyətlə fəaliyyətləri parçalanmış hala gətirildi.
Nazim İbrahimovdan ilk zərbə
Aydın oldu ki, Nazim İbrahimov fəaliyyətinin ikinci ilində diaspora təşkilatlarını demək olar ki, iflic halına saldı. Məhz onun sayəsində süni şəkildə diaspora təşkilatları arasında gərginlik artmağa başladı və ilk dəfə bu təşkilatlar iqtidaryönlü, müxalifətyönlü təşkilatlara ayrıldı.Hansı təşkilatın fəaliyyəti Nazim İbrahimovun xoşuna gəlmədisə o təşkilata müxalifyönlülük donu geyindirildi. Bu isə diaspora təşkilatlarının çöküşünün başlanığıcı oldu.
Nazim İbrahimovdan ikinci zərbə
Növbəti mərhələyə start verildi. Nazim İbrahimov maraqlarını tam təmin etmək üçün mövcud təşkilatlar arasında qarşıdurma yaratdı, bir təşkilatı bir neçə yerə parçalatdı və daha sonra ona tam itaət göstərən təşkilatlar yaratmağa başladı. Çoxları hesab edə bilər ki, yeni təşkilatların yaradılmasının nəyi pisdir? Sualın cavabı aşağıdakılardır.
- Ənənəvi təşkilatlar sıradan çıxarıldı
- Diaspora təşkilatları arasında nifaq salındı
- Yeni yaradılan təşkilatlar isə sırf Nazim İbrahimovun biznes işlərini icra edən filiallara çevrildi.
Diasporadan
şirkətə keçid
Beləliklə aydın oldu ki, Nazim İbrahimov komitə sədri olksa da köhnə vərdişindən , biznesmenliyindən əl çəkə bilməyibmiş. Elə buna görə də Azərbaycana siyasi və mədəni sahədə yardımçı olmalı, erməni diasporalarına qarşı savaş aparmalı olan təşkilatlar bir neçə ilin ərzində ictimai-siyasi təşkilat rolundan imtina edərək Nazim İbrahimovun qeyri-leqal yaratdığı şirkətlərin filialları rolunda iştirak etdilər. Elə buna görə prezident İlham Əliyev dünya azərbaycanlılarının son qurultayında dövlət komitəsinin fəaliyyətindən narazılığını bildirdi.
Komitə bu gün mövcuddurmu?
Bu gün isə aydın olur ki, Diasporla İş üzrə Dövlət Komitəsi faktiki fəaliyyət göstərmir. Diqqət yetirin hazırda Azərbaycanın xarici siyasətində prioritet hesab olunan mövzular hansılardır?
1. Xocalı soyqırımını dünyaya tanıtmaq
2. Dağlıq Qarabağ problemini gündəmdə saxlamaq
3. Erməni lobbisinə qarşı ictimai dəstəyi təmin etmək
Bəs bu prosesdə dövlət komitəsi hansı işləri həyata keçirir? Düşünmədən “heç bir işi” desək yanılmarıq. Nəyə görə?
Heydər Əliyev
Fondunun addımları
Qeyd etdiyimiz kimi Azərbaycanın xarici siyasətində prioritet mövzulardan birincisi Xocalı soyqırımını dünyaya tanıtmaqdır. Bununla bağlı konkret addımlar atan, beynəlxalq müstəvidə görüşlər təşkil edən əsas iş Heydər Əliyev Fondunun üzərindədir.Məhz fondun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təşkil edildi. Qısa zaman ərzində məhz Heydər Əliyev Fondunun əziyyətindən sonra bir sıra dövlətlər Xocalı soyqırımını tanıdılar və hazırda bu proses davam edir. Bəs Nazim İbrahimovun rəhbəri olduğu komitə nə işlər gördü?
Nazim İbrahimovun Rusiya və
Avropa “siyasəti”
Heydər Əliyev Fondu dünyaya Xocalı soyqırımını tanıtdığı zamanlarda Nazim İbrahimovun formalaşdırdığı “diaspora təşkilatları” əsasən Rusiya və Şərqi Avropada yeni biznes şəbəkəsi yaradırdı. Sir deyil ki, bu gün Şərqi Avropada və Rusiyada meyvə-tərəvəz bazarında Nazim İbrahimovun yaratdığı “diaspora təşkilat”ları ciddi paya sahibdirlər. Çünki dövlətin vəsaiti hesabına dispora işlərini tənzimləməli olan Nazim İbrahimov sadəcə olaraq biznes şəbəkəsi yaratmaqla məşğuldur.
Komitə sədrinin
otel sevgisi
Amma məsələ heç də bununla tamamlanmır. Bu gün erməni lobbisinin daha çox aktivlik göstərdiyi Avropada da durum kifayət qədər ağırdır. Öncələr pis yaxşı diaspora təşkilatları fəaliyyət göstərirdilərsə bu gün Nazim İbrahimovun sayəsində tam fəaliyyətsizlik yaranıb.Əvəzində isə komitə sədri Avropada əsasən otel biznesi ilə məşğul olmağa başlayıb. Londonda daşınmaz əmlak biznesinə də əl uzadan Nazim İbrahimov bu fəaliyyətini ustalıqla gizlədə bilir. Belə ki, ildə bir neçə dəfə hansısa Avropa ölkələrində konsertlər təşkil etməklə Nazim İbrahimov gözdənpərdə asmaqla missiyasını başa çatdırır. Bunu da bildirirlər ki, bu konsertlərin təşkili də kifayət qədər maraqlı olur. Belə ki, Nazim İbrahimovun şou insanları ilə sıx münasibətlərinin olduğu söylənilir və o belə konsertlər təşkil etməklə həm də şou aləmindəki dostlarının könlünü xoş edir. Amma bu gün Azərbaycan diaspora təşkilatları siyasi və ictimai həyatdan tam kənarlaşdırılıblar.Və nəticədə erməni lobbisi heç bir müqavimət görmədən fəaliyyətlərini genişləndirirlər.Bunu da qeyd edək ki, Nazim İbrahimovun sayəsində Avropada, konkret olaraq Skandanaviya ölkələrində diaspora təşkilatları paramparça halına salınıb.Təkcə İsveçrədə 30-dan çox diaspora təşkilatı yaradılıb. Əslində isə 30 təşkilat bir neçə təşkilatın parçalanması nəticəsində ortaya çıxıb və yalnız Nazim İbrahimovun dəstək olduğu bir neçə təşkilat gündəmdə qala bilir. Amma siyasi gündəmdə yox, orta sahibkarlıqla, bizneslə məşğul olmaqla.
Türkiyə fiaskosu
İddia oluna bilər ki, Avropada və ABŞ-da erməni lobbisi hər zaman güclü olduğundan Azərbaycan diaspora təşkilatları istəklərinə nail ola bilmirlər və buna görə Nazim İbrahimovu qınamağa dəyməz. Yaxşı, belə olan halda nədən qonşu Türkiyədə belə diaspora təşkilatlarının fəaliyyəti yox həddindədir? Buradakı ermənilərin maneəsi yoxdur.İki il öncə Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusu gündəmə gələndə aydın oldu ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycanın dostu deyə tərənnüm etdiyi müəyyən qüvvələrin çoxu əslində Azərbaycanı umruna belə almayan qüvvələrdir. Halbuki zaman-zaman bu qüvvələrə maddi dəstəkdən tutmuş, mənəvi dayağa qədər hər şey edilmişdi. Bəs nəticə? Nəticə bu oldu ki, Nazim İbrahimovun dostları heç də Azərbaycanın dostları deyil. Və Türkiyədə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı Türkiyə mediasında heç nə tapmaq mümkün olmasa da Nazim İbrahimovun yaxta həvəskarı olduğu və müxtəlif zamanlarda dəyəri milyonlarla ölçülən yaxtalar aldığı ilə bağlı xəbərlərə rast gəldik.
Erməni “soyqırım”ı və görünməyən komitə
Bu il həm də erməni “soyqırım”ının yüz illiyi oldu. İl boyu istər Azərbaycanın diplomatiyası, istər müəyyən QHT-lər prezident İlham Əliyevin rəhbərliyi ilə kifayət qədər ciddi işlər gördülər və erməni lobbisinə lazımi anda ciddi əngəllər törədə bildilər.Amma bu müddətdə nə komitə sədri Nazim İbrahimov gözə dəydi, nə də komitənin hansısa fəaliyyətinin şahidi olduq. Maraqlıdır, bəs onda bu komitə nəyə lazımdır?.Bəlkə komitə lazımdır, sadəcə yuxusunda nazir olmağı görən Nazim İbrahimov başqası ilə əvəzlənməlidir? Hər halda bu suallara mütləq cavab verilməlidir və dövlətin vəsaiti hesabına öz biznes şəbəkəsini quran və buna dispora təşkilatları adı verən Nazim İbrahimova “DUR” demək vacibdir.