"Tam üzən məzənnəyə keçid manatı dəfn etməyə bərabərdir"
9-01-2016, 13:42
İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın valyuta satışına 4%-lik marjanın tətbiq edilməsi ilə bağlı verdiyi qərara münasibət bildirib.
Avropa.info xəbər verir ki, bu barədə ekpert sosial şəbəkədə yazıb.
Samir Əliyev qeyd edib ki, sözügedən qərar başda Mərkəzi Bank olmaqla hökumətin məzənnə siyasətinin yanlış olduğunu bir daha təsdiq etdi: “Məhz düzgün qurulmayan siyasət nəticəsində manat əvvəlcə dəyərini 35%, sonra 48% itirdi. Bu azmış kimi valyuta bazarında hökm sürən ajiotaj milli paramızı daha 15% (bu artım səviyyəsi müxtəlif banklarda fərqlidir) dəyərsizləşdirdi. Devalvasiya prosesi hələki davam edir və bu, yekun deyil. Hökumətin siyasətinin əsasını əvvəlcə “güclü manat güclü iqtisadiyyat” prinsipi təşkil etsə də, sonradan onu əlacsızlıqdan “valyuta ehtiyatlarını qorumaq” prinsipi əvəz etdi.
Uzunmüddət manatı qorumaq üçün ehtiyatların əhəmiyyətli hissəsi xərcləndi. Mərkəzi Bankın ehtiyatının 70%-ni, Neft Fondu isə bir neçə milyard dolları manatı qorumağa sərf etdi. Nə istənilən nəticə əldə edildi, nə də ehtiyatları qorumaq mümkün oldu”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın əsas səhvi ondan ilk devalvasiyadan sonra manatı yenidən saxlamağa və hətta bəzən cüzi də olsa bahalaşdırmağa üstünlük verməməsi oldu: “Halbuki fevral devalvasiyasından sonra manat tədricən ucuzlaşdırılmalı idi. Əgər ucuzlaşdırma tədricən aparılsaydı, dekabrdakı dəhşətli devalvasiyaya da ehtiyac qalmazdı və valyuta ehtiyatları indiki həddə düşməzdi. Onsuz da həmin dövrdə məzənnənin saxlanmasına rəğmən bank sektoru sürətlə dollarlaşırdı. Mərkəzi Bankın ikinci böyük səhvi üzən məzənnəyə keçmək oldu. Əvvəl də qeyd etdiyimiz kimi, bunun adı üzən məzənnədir. Əslində isə devalvasiya bəhanəsi idi. Mövcud durum üzən məzənnəyə keçidə imkan vermir. Bunun fasadları ağır ola bilər və artıq onu görürük. Çünki ölkənin nə diversifikasiya olunmuş iqtisadiyyatı var, nə qiymətli kağızlar bazarı normal inkişaf edib, nə də strateji məhsulların idxaldan asılılığı aradan qalxıb. Tam üzən məzənnəyə keçid manatı dəfn etməyə bərabərdir. Deməli, söhbət tam idarəolunan üzən məzənnə siyasətindən gedə bilər.
Əsas bankın üçüncü səhvi də məhz sistemsiz idarəolunan üzən məzənnəyə keçid oldu. İlk addım kimi devalvasiyadan sonra 2%-lik marja götürüldü. Nəticədə valyuta bazarında qarışıqlıq yarandı. Valyuta birjasının normal fəaliyyət göstərmədiyi, Mərkəzi Bankın isə bazarı zəruri həcmdə dollarla təmin etmədiyi bir vaxtda marjanın götürülməsi səhv addım idi. Yenidən marjanı bərpa etməklə (bu dəfə 4%) baş requlyator 18 gün əvvəlki səhvini düzəltdi”.
Ekpsertin fikrincə, bu addım bazarda müəyyən sabitlik yaradacaq: “Əlbəttə problemin həlli bunda deyil. Səbəb köklü problemdir. Bu addım da manatın ucuzlaşmasının qarşısını almayacaq, sadəcə qiymətlər arasındakı fərqi və bankların sui-istifadə addımlarını minimuma endirəcək. Ancaq devalvasiyanın qarşısını ala bilməyəcək. Mərkəzi Bank əslində marjanı götürməklə dolların bahalaşması məsuliyyətini bankların üstünə atmışdı. Banklar isə bunu çox nizamsız və təhlükəli şəkildə həyata keçirtdi. Bu, gözlənilən idi. Çünki həm bazar buna hazır deyildi, həm də ajiotaj aradan qalxmamışdı. Marjanı bərpa etməklə Mərkəzi Bank məsuliyyəti yenidən üzərinə götürdü. Bundan sonra manatın ucuzlaşma ağırlığı rəsmi məzənnənin üzərində düşəcək. Bundan sonra rəsmi məzənnənin gündəlik artımını müşahidə edəcəyik. Yumşaq devalvasiya davam edəcək. Banklar öz növbəsində dollar satışını məhdudlaşdıracaq. Hökumət isə manata inamın qaytarılması barədə düşünməlidir”.