Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə

Bu gün, 15:02           
Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir –
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən Tovuz rayonunda yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması məqsədilə 2025-ci il 8 iyul tarixində keçirilmiş açıq tenderə yekun vurulub və “TƏMİR-TƏCHİZAT-4” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. Tərəflər arasında 380.507,52 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 02.09.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Təchizat” MMC-nin satınalma müqaviləsi bağlamaq istədiyi “TƏMİR-TƏCHİZAT-4” şirkəti bir neçə il öncə tender bazarının ən fəal iştirakçılarından olub. MMC 2021-2023-cü illərdə Qaradağ rayon İcra Hakimiyyətinin və Aparatın Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi yolların əsaslı təmir işlərinin, abadlıq işlərinin satın alınması üzrə tendrlərin qalibi olub. Mediada yayılan xəbərlərə görə MMC Lökbatanın abadlaşdırılmasına ayrılan dövlət vəsaitlərini satınalmalar yolu ilə kənarlaşdırmaqla məşğul olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” (VÖEN: 3100165181) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.05.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, RİZVAN TEYMUROV, ev.10/4, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu olduğu göstərilir.

Vergi öhdəlikləri üzrə 2006-2020-ci illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC passiv vergi ödəyiçisi kimi göstərilir.

Qeyd edək ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Belə olan halda Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Təchizat”Məhdud Məsuliyyətli Cəmiyyəti son üç ildir sahibkarlıq subyekti kimi fəaliyyətini dayandırmış “TƏMİR-TƏCHİZAT-4 ” MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlamaq istəyir?

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vahid reyestri məlumatlarında MMC-nin müvafiq sahə üzrə tələb olunan lisenziya və icazələri haqqında heç bir məlumat yoxdu.

Bunlardan əlavə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Həmin qanuna görə təchizatçının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayışın olması mütləqdir.

Qanunun tələblərindən də göründüyü kimi sahibkarlıq fəaliyyəti dayandırılmış şəxsin satınalmalarda iştirakına yol verilmir.

Maraqlıdır Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Təchizat”Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmiləri “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini qiymətləndirərkən bütün bu sadaladığımız qanunsuzluqları necə olub ki, görə bilməyiblər. Çox yaxşı görə bilirlər. Amma özləri görməzdən gəlirlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 15 oktyabr 2022-ci il tarixli qərarı ilə yaradılıb. MMC-nin direktoru Vəliyev Rafiq Mustafa oğludur. O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru kimi deyil, “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabr ayına qədər.

Medianın yazdığına görə bu dövrdə “Əsaslı Tikinti və Təchizat” MMC Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının ən bahalı tenderlərini 4-5 şirkətə verib. Onlardan biri də vaxtı ilə Rafiq Vəliyevin rəhbərlik etdiyi “FİL AGENCY” MMC olub.

Aktualinfo.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru