Rusiya sanksiyalara baxmayaraq, Avropaya yüz milyonlarla avro dəyərində almaz satır

Bu gün, 15:44           
Rusiya sanksiyalara baxmayaraq, Avropaya yüz milyonlarla avro dəyərində almaz satır
Avropa İttifaqı Rusiyaya qarşı indiyədək 18 sanksiya paketi qəbul edib. Məqsəd Moskvaya təzyiq göstərmək olsa da, Kreml bu məhdudiyyətləri müxtəlif yollarla aşmağı bacarır.

2024-cü il yanvarın 1-dən etibarən Aİ-yə Rusiya almazlarının idxalı qadağan olunub. ABŞ, Kanada və Böyük Britaniya isə hələ 2022-ci ildə ölkənin əsas hasilatçısı olan və bazarın 97 faizinə nəzarət edən "Alrosa" konserninə sanksiya tətbiq etmişdi.

Jurnalist-araşdırmaçılar "Arctida" layihəsi çərçivəsində müəyyən ediblər ki, "Alrosa" məhdudiyyətləri aşmaq üçün PBK adlı vasitəçi şirkət yaradıb. Rəsmi sənədlərdə bu qurum "Alrosa"da əvvəllər çalışmış bir qadının adına rəsmiləşdirilib. Şirkətin əsas məqsədi Rusiya mənşəli almazların izini gizlətməkdir.

Sxem belə işləyir: əvvəlcə emal edilməmiş almazlar Ermənistana göndərilir. Burada daşlar cilalanır və rəsmi mənşəyi dəyişir - onlar artıq Ermənistan istehsalı kimi təqdim olunur. Daha sonra həmin daşlar Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və Çinə satılır. Satış zəncirinin son nöqtəsi isə Aİ-nin almaz sənayesinin mərkəzi olan Antverpenə qədər uzanır.

Antverpendə fəaliyyət göstərən sahə assosiasiyası AWDC rəsmi şəkildə bəyan edib ki, 2024-cü ildən etibarən Rusiya mənşəli almazlarla ticarəti dayandırıb. Lakin "Arctida"nın araşdırmasına görə, faktiki olaraq satış davam edir. Belə ki, 2023-cü ilin yanvarından 2024-cü ilin mart ayına qədər PBK vasitəsilə 250 milyon avro dəyərində almaz ixrac olunub. Bu satışlardan əldə edilən gəlirlər Rusiyada vergiyə cəlb edilir və nəticədə Putin hökumətinin hərbi büdcəsini artırır.

Mütəxəssislər bildirirlər ki, bu sanksiyaların boşluğunu Avropa İttifaqının özü yaradıb. İllərdir almazların mədənindən satışına qədər mənşəyini izləyə biləcək blokçeyn əsaslı sistemin tətbiqi elan edilsə də, hazırda bu nəzarət yalnız 0,5 karatdan kiçik daşlara şamil olunur. Rəsmi qərara görə, bütün qiymətli daşların tam izlənməsi yalnız 2026-cı il yanvarın 1-dən etibarən mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru