Olimpiyada öncəsi - Hansı QHT haradan maliyyələşir?

29-04-2015, 13:08           
Olimpiyada öncəsi - Hansı QHT haradan maliyyələşir?
Mətbuatda Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı "qara piar" məqsədilə ABŞ-dakı National Endowment for Democracy təşkilatıvasitəsilə ölkəmizdə fəaliyyət göstərən QHT və media vasitələrinə böyük məbləğdə pular ötürüldüyü yazılıb. İddia görə qaralama kompaniyasına ABŞ dövlət katibi Con Kerri rəhbərlik edir. Məqalədə deyilir:

“Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”.

Femida.az saytı Azərbaycanda fəaliyyət göstərən bir neçə QHT sədrlərinə hazırda hansı layihələr üzərində çalışdıqlarını və qrant üçün kimlərə müraciət etdiyini sorduq.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova:
“Əlimizdə bir layihə var, o da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən də dəstəklənən insan alverinə qarşı mübarizənin gücləndiliməsi üçün nəzərdə tutulub.”
“Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı”nın sədri Mirvari Qəhrəmanlı:
“Yeni layihəmiz əmək hüququnun müdafiəsi ilə bağlıdır. Bununla bağlı regionlardan müraciət gəlir, xüsusən də Şirvan, Siyəzən, Nefçala, Gədəbəy kimi rayonlardan olan vətəndaşlarımız müraciət edir. Hazırda bölgələrdə də maarifləndirmə işi aparılmasına çalışırıq. Əmək hüququnun müdafiəsi ilə bağlı layihmizədəstək üçün müraciət 25 min manat olsa da, qrant olaraq 12 min manat ayrılıb”.
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov:
“Hazırda qadın iştirakçılığı proqramı ilə bağlı layihəmiz var. Bu layihə qadınların biznes bacarıqlarının ortaya çıxarılmasına şərait yaradır. Qəbələ, Oğuz və Qax rayonlarda treninqlər keçirmişik. Bu layihə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyi/(USAİD) maliyyələşdirdiyi Kaunterpart İnterneşnl təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramı/(QİP) çərçivəsində həyata keçirilir. Layihənin dəyəri 20 min manat civarındadır”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov:
“Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən əmək müqavilələrinin online keçidlə bağlı marfləndirmə layihəsi üzərində işləyirik. Hesab edir ki, bu çox vacib bir məsələdir. Layihənin dəyəri 17 min manatdır. Sonuncu layihəmiz ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən 2012 –ci ildən icra olunan Qadın İştirakçılığı Proqramın çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi ilə həyata keçirilən “Qadınlara qarşı zorakılığn aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası” layihəsidir”

Yazıda o da qeyd edilir ki, “Azad İqtisadiyyata Yardım” İB-nin sədri Zöhrab İsmayıla iqtisadiyyat və idman qurğularının tikintisində guya korrupsiya hallarının olduğuna dair materialların hazırlanması həvalə olunub. İnternetdə isə kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə ciddi təbliğat qurulması, hakimiyyətə petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi təmin edilməlidir. Yazıda adıçəkilən Zöhrab İsmayılla əlaqə saxlamaq cəhdələrimiz isə boşa getdi.

Qeyd edək ki, ötən ilin aprel ayından etibarən QHT-lərin mənbəyi məlum olmayan maliyyəsi, pul yeyintiləri, Azərbaycanın əleyhinə qruplaşmalarla iş birliyi aşkarlanmaqda davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.