Yəhudi ekspert erməniləri məhv etdi: “Dronun...”
30-04-2015, 21:34
Amerikada nəşr olunan nüfuzlu “Jewish Journal” yəhudi qəzetinin dünənki nömrəsində beynəlxalq münasibətlər sahəsində israilli ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-nin rəhbəri Arye Qutun “Ermənistan Holokostda iştirak etmiş faşistlərin və antisemitlərin xatirəsini əbədiləşdirir” sərlövhəli məqaləsi dərc edilib.
Axar.az xəbər verir ki, müəllif məqalədə Ermənistanın İsraildən “erməni soyqırımı”nın qarşılığında Holokostu tanıyacağını bəyan etməsini məntiqsizlik adlandırıb.
Onun sözlərinə görə, yəhudilər sadəcə yəhudi olduqları üçün öldürülüb:
“Alman faşistləri Avropada 6 milyon yəhudini ona görə məhv etmişdi ki, onlar sadəcə yəhudi idilər. Ermənilər isə onlara Osmanlı imperiyası ərazisində öz dövlətlərini qurmağı vəd edən çar Rusiyasının qurbanı olublar. Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi və indiyədək davam edən iqtisadi tənəzzül yəhudiləri Ermənistandan getməyə məcbur edib. Ermənistanda indiyədək yəhudilərə qarşı güc tətbiq edilir. Bu təzyiq antisemit kitabların nəşrində, televiziyada antisemit proqramların aparılmasında, habelə İrəvanda Holokost qurbanlarının xatirə lövhəsinin dəfələrlə təhqir edilməsində özünü göstərir”.
Arye Qut məqaləsində Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun nüfuzlu alimi Moisey Bekkerin də məlumatlarına istinad edir:
“Moisey Bekker bir neçə il əvvəl “Ermənistanda antisemitizm” adlı hesabatında göstərmişdi ki, erməni tarixi dərsliklərində və Ermənistanın kütləvi informasiya vasitələrində “Daşnaksütyun” təşkilatının fəalı, məşhur erməni antisemiti, daha çox “Dro” ləqəbi ilə məşhur olan Dramastamat Kanayanın həddindən artıq tərifləndiyi faktını məhz Rimma Varjapetyan qeyd etmişdi. Xatırlamaq lazımdır ki, İkinci Dünya Müharibəsində general Dro minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak edib. Varjapetyanın fikrincə, bu gün azad Ermənistana məhz belə “pəhləvan”, parlaq antisemit və faşist lazımdır. Bu, ölkənin indiki hakimiyyətinə özünün ekspansionist planlarına bəraət qazandırması və böyüməkdə olan nəslin digər xalqlara qarşı nifrət ruhunda tərbiyə alması üçün lazımdır. Erməni tarixi dərsliklərində faşist və yəhudilərin məhv edilməsinin iştirakçısı olan şəxs qəhrəman kimi çatdırıldıqdan sonra bu, Varjapetyan və ya “yəhudi” xanım tərəfindən nə antisemitizm, nə də faşizmə bəraətdir”.
Ekpert İkinci Dünya Müharibəsi zamanı Vermaxtın tərkibində vuruşmuş 20 minlik erməni legionunun qəddarlığını tarix heç zaman yaddan çıxarmayacağını vurğulayıb:
“Millətçi sərkərdə Dro (o, minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak edib) başda olmaqla Ermənistan legionunun məqsədi basqınlar törətmək, yəhudiləri qırmaq və alman ordusuna “yararsız” digər şəxsləri məhv etmək olub. Bununla yanaşı, erməni legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Mərhum tarixçi Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni qruplaşmalarının yəhudi soyqırımında iştirakına dair çoxlu faktlar göstərilib. Bunlardan biri həmin “Dromedar” dəstəsinin Qərbi Krımdakı əməliyyatıdır. “1941-ci il noyabrın 16-dan dekabrın 15-dək 17645 yəhudi, 2504 karaim, 824 qaraçı və 212 partizan güllələnib. Simferopol, Yevpatoriya, Kerç, Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib”, - deyə Rövşən Mustafayev yazıb. Avstriya tarixçisi Erik Fayql öz kitabında Dronun 1942-ci ilin dekabrında Himmlerin yanına getdiyinə dair belə bir qeyd var: “Dronun heç bir vicdan əzabı çəkmədən öldürmək təcrübəsi var idi. Bu isə Himmlerdə böyük təəssürat yaratmışdı”.
Müəllif onu da qeyd edir ki, bu gün Rusiyanın bir çox KİV-lərinin və Rusiya mədəni mühitinin bu faşistləri milli qəhrəman kimi təqdim etmək vasitəsinə çevrilə bilməsi böyük narahatlıq doğurur:
“Ermənistanın Rusiyadakı səfirinin 2014-cü il dekabrın 17-də dərc edilmiş müsahibəsini xatırlamaq kifayətdir. Həmin müsahibədə səfir tam mənası ilə bəyan edib: “Xalqın görkəmli oğlu Qareqin Njde hesab edirdi ki: “Həyatın əsas qanunu şəxsiyyətin, cəmiyyətin və dövlətin özünütəkmilləşdirməsi uğrunda mübarizə aparmaqdır. Bu mübarizə ölkənin və xalqın durmadan tərəqqiyə doğru can atmasında ifadə olunur”. Düşünürəm ki, Ermənistan prezidenti Serj Sərkisyanın və nazir Seyran Ohanyanın simasında erməni generalı Dronun varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində qanlı kütləvi qətliam törədiblər. Bu baxımdan Serj Sarkisyanın təkcə “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq – biz bu stereotipi qıra bildik” fikirlərini xatırlamaq kifayətdir. Bu sözlər real olaraq sübut edir ki, Serj Sarkisyan və onun Ermənistan hakimiyyətindəki klanı Dro Njdenin əsil və layiqli davamçılarıdır. Xocalıda inanılmaz vəhşilik və qəddarlıqla törədilmiş qanlı soyqırım aktı XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri oldu. Bu kütləvi qətliamın qəddar və amansız səhnələri Azərbaycan xalqının ürəyində sağalmaz yara olaraq qalacaq. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülüb, görünməmiş əzablara, təhqirlərə və alçaltmalara məruz qalıblar. Bu faciə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Təəssüf ki, Ermənistan hökuməti ölkədə artmaqda olan antisemitizmin qarşısını almaq uçun praktiki olaraq heç nə etmir. Ermənistan hakimiyyətini özünün millətçilik siyasətini həyata keçirdikcə, özünün iqtisadi və siyasi problemlərində başqalarını ittiham etdikcə, Ermənistanda qalan bir neçə yüz yəhudinin də vəziyyəti ağır olaraq qalacaq”.