Polkovnik qardaşı ilə bağlı qalmaqal davam edir
22-02-2016, 22:32
Zaqatala polisi işi yenə uzadır,təhqiqatçı Anar Hacıəbdülhəmidov jurnalistlə danışmaq istəmir
Fevralın 9-da Qafqaznews.az saytında “Polis polkovnikinin qardaşı vətəndaşlara 22 min manatlıq “atış” gəlib?” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə bildirilirdi ki,Qafqaznews.az-a müraciət edən Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Xok kənd sakini Faiq Ələkbər oğlu Abdullayev 3 il əvvəl fırıldağa məruz qaldığını bildirib. O, şəriki Ziya Qəzənfər oğlu İsayevlə birlikdə inşaat materialı satdıqları adam tərəfindən aldadıldıqlarını qeyd edib. “Mən 2013-cü ilin yaz aylarında Bakıdan Zaqatala rayonuna dəfələrlə Güzdək daşı göndərmişəm. Şərikim Ziya Qəzənfər oğlu İsayev isə həmin daşları zəlzələdən zərər çəkən evlərin və binaların bərpası işlərində çalışan briqada başçısı Anar Tofiq oğlu Bağırova satıb.O, bir müddət pulumuzu az-az versə də, sonradan pulumuzu verməkdən imtina edib”, – deyə şikayətçi bildirib. F.Abdullayev deyib ki, 3 ildir heç bir şəkildə borclarını o şəxsdən ala bilmirlər. Onun şəriki Ziya İsayevlə əlaqə saxladıq, o da öz növbəsində bildirdi ki, Anar Bağırov Zaqatalanın Çobançöl və Qımırbazar kəndlərində inşaat işləri üçün 22 maşın daşın pulunu ödəməyib: “Bildiyimə görə, o, Vaqif müəllimin rəhbərliyi altında, “Azbentonit” şirkəti üçün çalışırdı. Əslində, bizə borcu 26 min manata yaxın idi. Lakin sonradan hər daşı 70 qəpikdən yox, 65 qəpikdən hesablatdırıb, borcun məbləğini azaltdı. Mən 2013-cü il aprel ayıda Zaqatala RPİ-yə gedib ərizə yazdım, sonra özünü tapıb birlikdə Polis İdarəsinə getdik. Orda Anar izahat verib dedi ki, 10 günə bizə 22 min 200 manat pulu çatdıracaq”. Lakin aldadılan vətəndaşlar qeyd edirlər ki, sonradan Anar Bağırov da, onun polisdə yazdığı izahat da yoxa çıxır.
“Mənə dedilər ki, onun qardaşı DİN-də Maliyyə-Plan İdarəsində yüksək vəzifədə işləyir, bu işin üstünə çox gedə bilməzlər”. Faiq Abdullayevin sözlərinə görə, sözügedən şəxs polis polkovniki İlqar Tofiq oğlu Bağırovdur və o, öz qardaşına havadarlıq edərək, aldadılan vətəndaşların haqqının tapdalanması faktını ört-bastır etməyə çalışıb. Şikayətçi bu yaxında ortaq tanışlar vasitəsi ilə İlqar Bağırova xəbər çatdırdığını, onun isə “verəcək” deyə məsələni bağladığını qeyd edib”. Qafqaz Xəbər Agentliyi olaraq, məsələni gündəmdə saxlayaraq, vətəndaşların probleminin həllinə çalışdıq. Yazı dərc olunduqdan çox keçməmiş, DİN-dən reaksiya gəldi və Faiq Abdullayev nazirliyə dəvət olundu. F.Abdullayev fevralın 12-də bizə bildirdi ki, onu dinlədikdən sonra ərizəsini alıblar: “Mənə dedilər ki, bu ərizə Zaqatala RPİ-yə göndəriləcək, ordan sizə tezliklə zəng edəcəklər”. Biz daha sonra yazıda adı keçən İlqar Tofiq oğlu Bağırovun telefon nömrəsini əldə etdik.
Məlum oldu ki, İlqar Bağırov polkovnik yox, polkovnik-leytenantdır. O, Qafqaznews.az-ın “Sizin Anar Bağırov adlı qardaşınız var?” sualına “Belə qardaşım olub, amma indi yoxdur” deyə cavab verib. İ.Bağırov dedi ki, o, Anarı il yarım əvvəl qardaşlıqdan çıxarıb: “Mən və ailəmin digər üzvləri ondan imtina etmişik”.
Faiq Abdullayevin məsələsi ilə bağlı jurnalistimizin xatırlatmasını dinləyəndən sonra, İlqar Bağırov onu tanımadığını qeyd etdi: “Mən elə adam tanımıram…Anarın qanunla cəzası nədirsə çəksin”. Yuxarıda qeyd edildiyi kimi, F.Abdullayevin ərizəsi Zaqatalaya yönəldilməli idi. Fevralın 22-də bizimlə əlaqə saxlayan Faiq Abdullayev bildirdi ki, ona fevralın 22-də Zaqatala RPİ-yə getmək və ərizəsini təhqiqatçı, polis mayoru Anar Hacıəbdülhəmidova təqdim etmək bildirilmişdi. “Lakin səhərdən burdayam, məni qəbul edən yoxdur.
Səhərdən Anar müəllim telefonunu söndürüb, günortadan sonra da onunla görüşmək mümkün olmayıb. Saat 4-dür, hələ gözləyirik”. A.Hacıəbdülhəmidovun mobil nömrəsini öyrənərək əlaqə saxladıq. O, bizimlə bu mövzuda danışmaq istəmədiyini bildirdi. “Mən burdayam, iş yerimdəyəm. Araşdırma gedir. Gəlsinlər, danışacağıq”, – deyə polis mayoru bildirdi. “Ərizəsini almısnız, yoxsa alacaqsınız?”, – deyə soruşduq. “Ərizəni başqa adam verib. Gəlsinlər, məsələni aydınlaşdıracağıq”, – deyə təhqiqatçı cavablandırdı. Lakin A.Hacıəbdülhəmidov “başqa adam, kim?” sualına cavab verməkdən imtina etdi: “Sualınız var, polis idarəmizin qapısı məlumdur. Gəlin, sualınızı burda verin. Mən sizi tanımıram, niyə suallarınıza cavab verməliyəm?!” . Bu sözlərdən sonra polis mayoru dəstəyi asdı və sonrakı zənglərimizə cavab vermədi.