Atəşkəs danışıqları iki mübahisəli məsələ üzərində dayandı
Bu gün, 12:04

İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsinə dair danışıqlar iki mübahisəli məsələyə görə dalana dirənib: fələstinli əsirlərin girovlarla dəyişdirilməsi və İsrail qoşunlarının çıxarılması məsələsi tərəflər arasında anlaşmazlıq yaradıb.
Bizimyol.info xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisinə istinadən CNN məlumat yayıb.
Mənbənin telekanala verdiyi məlumata görə, HƏMAS iyulun 24-də İsrail və Amerika nümayəndə heyətlərinin danışıqları tərk etməsindən bir müddət əvvəl mübahisəli məsələlərlə bağlı iki təklif təqdim edib.
Bundan əvvəl ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, HƏMAS “Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını” nümayiş etdirib.
CNN bildirib ki, HƏMAS-ın təklifinə əsasən, İsrail ömürlük həbs cəzası çəkən 200 fələstinli məhbusu, həmçinin Qəzzadan olan 2000 məhbusu 10 canlı girovla dəyişdirməlidir.
İsrailli girovların cəsədləri müqabilində terror qruplaşması "Oktyabrın 7-dən sonra əsir götürülən Qəzzadan olan 10 fələstinli və 50 məhbusu, həmçinin HƏMAS-ın adlarını çəkəcəyi 18 yaşından kiçik uşaqları və qadınları" almalıdır.
Bundan əlavə, təklifə əsasən, İsrail Qəzzanın şimalındakı məskunlaşan ərazilərdən 800 metr, məskunlaşmamış ərazilərdən isə 1000 metr geri çəkilməlidir.
Rəfahda İsrail Müdafiə Qüvvələri şəhərin ərazisindən asılı olaraq 700-1200 metr geri çəkilməlidir.