Nazirliklə komitə arasında GMO məhsul mübahisəsi: - 300 manat, yoxsa 7 il həbs...

5-05-2015, 12:41           
Nazirliklə komitə arasında GMO məhsul mübahisəsi: - 300 manat, yoxsa 7 il həbs...
Azərbaycanda genetik modifikasiya olunmuş (GMO) məhsulların idxalı, istehsalı və dövriyyəsi qadağan edildi.

Cinayət Məcəlləsi ilə İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadəsi qadağan edilərək onların yeyinti məhsullarının dövriyyəsinə qoşulmasına görə cinayət məsuliyyəti müəyyənləşdirildi.

Lakin GMO məhsullarının qadağan olunması ekspertlər tərəfindən birmənalı qarşılanmadı. Bəzi ekspertlər GMO məhsullarının sağlamlığa zərərindən, digərləri isə bu məhsulların zərərli olmamasından, əksinə, qanunun tətbiqindən sonra məhsul qıtlığı yaranacağından danışdı. Məsələ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) mütəxəssislərin müzakirəsinə də çıxarıldı. Amma təzadlı məqamlar, suallar yenə də cavabsız qaldı. Bu barədə bir qədər sonra...

Virtualaz.org saytı GMO məhsullarının qadağan edilməsindən sonra yarana biləcək problemləri araşdırıb.

Qanunlar deyir ki...

GMO məhsullarının idxalı, satışı, dövriyyəsi Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək.

Məsələn, Cinayət Məcəlləsinin 200.2-ci maddəsində qeyd edilir ki, “genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi qadağandır”.

GMO-nu idxal etmə, satma və bu əməllər xeyli miqdarda törədildikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qanuna əsasən, “Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək, istehsal olunan yeyinti məhsullarını istehsal etmə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq”.

Həmin maddənin 3-cü hissəsinə əsasən isə GMO-nun idxalı, satışı külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlqıdan məhrumetmə ilə cəza tətbiq ediləcək.

Maddənin 4-cü hissəsində bu maddə ilə artıq bir dəfə məhkum edilmiş şəxsin növbəti dəfə eyni əməl törətməsinə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qayıdaq AMEA-da gedən müzakirələrə. Müzakirələrdə AMEA-nın, Kənd Təsərrüfatı Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları, deputatlar, müstəqil ekspertlər iştirak ediblər.

Onu da qeyd edək ki, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu genetik modifikasiya olunmuş orqanizmlərlə bağlı hələ ötən ildən tədqiqatlara başlamışdı. Müzakirələrdə AMEA mütəxəssisləri tədqiqatların nəticələrini açıqlamaqla GMO tərkibli məhsulların tamamilə qadağan olunmasını istəyiblər.

“Azərbaycan 2005-ci ildə Kartagen protokoluna qoşulmaqla GMO orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılmaması, Azərbaycan ekologiyası və biomüxtəlifliyinə vurulan ziyanın, həmçinin onlardan kommersiya məqsədi ilə istifadənin qarşısının alınması üçün öhdəliklər götürüb. AMEA mütəxəssisləri araşdırmalarının nəticələri ilə bağlı təkliflər də hazırlamışdılar. Həmin təkliflər GMO ilə bağlı qanunvericiliyin hazırlanması üçün müzakirəyə verilmişdi” - deyə AMEA-dan virtualaz.org saytına bildiriblər.

Deputat Eldar İbrahimov da GMO-nun orqanizm üçün zərərindən danışıb. Üstəlik, ölkəyə gətirilən məhsullar arasında GMO-nun xüsusi çəkisi olduğu vurğulanıb.

Bu arada kənd təsərrüfatı naziri Heydər Əsədovun GMO məhsulları ilə bağlı açıqlaması da yada düşür. Nazir televiziyadakı çıxışında xaricdən gətirilən məhsulların GMO tərkibli olduğunu etiraf etmişdi. Buna görə də xarici məhsulların ucuz, yerli məhsulların isə baha satıldığını da söyləmişdi.

Elə nazirliyin digər əməkdaşları da GMO-nun təhlükəli olduğunu açıqlayıb.

Amma Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin açıqlaması fərqli olub. Komitə GMO məhsullarının yoxlanılması üçün yaradılmış və müasir avadanlıqlarla təchiz olunan laboratoriyada GMO tərkibli məhsullara rast gəlinmədiyini açıqlayıb. Yəni komitənin açıqlamasına inansaq, Azərbaycanda GMO tərkibli məhsul yoxdur və ya olsa da o qədər cüzidir ki, komitənin rastına çıxmayıb.

Azad İstehlakçılar Birliyi (AİB) isə elə bu laboratoriyanın fəaliyyətini tənqid edib. AİB sədri Eyyub Hüseynov laboratoriyanın şəffaf işləmədiyinə əmindir.

Hüquq müdafiəçisinin sözlərinə görə, əks halda laboratoriya rəhbərliyi fəaliyyət göstərdiyi iki ildə bir nəticə ortaya qoymalıdır: “Deputatlar, Kənd Təsərrüfatı Nazirliyi GMO tərkibli məhsulların gətirildiyini təsdiqləyirlər. Amma laboratoriyada GMO tərkibli məhsulların aşkarlanmadığını deyirlər. Birincisi, laboratoriyanın xidmət haqqı yüksəkdir, təxminən 300 manat verməklə məhsulu yoxlatdırmaq olar. Bu isə məhsul gətirən sahibkarların müxtəlif vasitələrlə müayinələrdən yayınmasına səbəb olur. İkincisi, müstəqil, yəni heç bir dövlət qurumuna tabe olmayan laboratoriyanın yaradılmasına ehtiyac var. Biz dəfələrlə öz xidmətimizi təklif etmişik. Təşkilatımıza pulsuz xidmət göstərərlərsə, biz GMO tərkibli məhsulların aşkarlanmasında yardımçı ola bilərik”.

Qanun qəbul olundu, bəs sonra?

GMO tərkibli məhsullarla bağlı alimlər hələ də yekdil rəyə gələ bilməyiblər. Bəziləri bu məhsulların orqanizm üçün təhlükəli, bəziləri isə təhlükəsiz olduğunu iddia edir. Azərbycana hər il tonlarla GMO tərkibli məhsullar gətirilir. Bu məhsulların bolluğu nəticəsində qiymətlər nisbətən əlçatandır.

GMO tərkili məhsulların qadağan edilməsinin tərəfdarı olmayan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, GMO ilə bağlı qəbul edilən qərar kifayət qədər sərtdir: “Düşünürəm ki, Milli Məclis qanuna həddən artıq, çox sərt maddələr əlavə edib. Azərbaycan GMO-ya qadağa tətbiq etməklə bu istiqamətdə irəliyə getmək istədi. Dünya ölkələrində isə artıq GMO tərkibli məhsullara münasibət dəyişir.

Məsələn, bu ilin əvvəlində Rusiyada “GMO-nun qadağan edilməsi haqqında qanun” layihəsi Dövlət Dumasında müzakirəyə çıxarılmışdı. Qanun layihəsini Duma üzvlərinə ixtisasca hərbi mühəndis-energetik olan deputat Fyodorov təqdim etmişdi. Səsvermədə 192 nəfər layihənin lehinə, 1 nəfər əleyhinə səs vermişdi. Lakin 252 nəfər qanun layihəsini boykot edərək səsvermədə iştirak etməmişdi. Nəticədə isə yetərsay olmadığına görə qanun layihəsi qəbul olunmamışdı”.

V.Məhərrəmov deyir ki, Dumadakı bu müzakirələr zamanı qeyri-peşəkarların mətbuatdan gətirdikləri arqumentlər bəzi deputatları hiddətləndirib. Kommunust Partiyasından olan deputat isə bu məsələ ilə bağlı peşəkarların təqdimatına ehtiyac olduğunu və mütəxəssisin bu məsələyə münasibətini öyrənmək üçün Dövlət Dumasına dəvət olunmasını tələb edib.

V.Məhərrəmov deyir ki, Rusiyada təqdim olunan qanun layihəsində 1 milyon rubla qədər cərimə nəzərdə tutulurdu. Amma sonradan Rusiya hökumətinin GMO məhsullarına qadağanın tətbiqinin tamamilə əleyhinə olduğu bəlli oldu: “Rusiya Taxılçılar İttifaqının rəhbəri Arkadi Zloçevski hesab edir ki, GMO məhsullarının istifadəsini qadağan edən qanun qəbul olunsa da onlardan yenə də istifadə ediləcək. O, GMO-dan istifadənin tam qadağan olunmasını düşünmədiyini bildirib”.

Ekspertin fikrincə, uzun müddət xüsusi xidmət orqanlarının və xarici donorların köməyi ilə maliyyələşən institutların GMO ilə bağlı ölkə daxilində apardıqları əks-təbliğat bu sahənin inkişafına əngəl yaradıb: “İndi etiraf etməyə başlayıblar ki, Amerika Birləşmiş Ştatları GMO məhsullarının köməyi ilə ərzaq diktaturası yaradır. Ola bilsin ki, bu iddianı irəli sürənlər tam haqlıdır. İndi dünyanı silahla deyil, çörək və su ilə təslim etmək mümkün olacaq”.

V.Məhərrəmovun sözlərinə görə, 2014-cü ilin yanvarında Qazaxıstan prezidenti Nursultan Nazarbayev GMO-nun zərərli olmadığını, əksinə, xeyirli və faydalı olduğunu bəyan edib: “O deyib ki, biz aqrar elmi inkişaf etdirməliyik, eksperimental aqrar-innovativ klasterlər yaratmalıyıq. Əsas odur ki, zamandan geri qalmayaq, ənənəvi əkinçiliklə yanaşı quraqlığa dözümlü genetik modifikasiya olunmuş bitkilər becərək. İnsanlar bu haqda məlumatsız olduqları üçün qorxurlar. Burada pis, zərərli heç nə yoxdu. Genetik modifikasiya olunmuş bitkilər çox sürətlə dünyada yayılacaq, günün tələbi budur.

Lakin Qazaxıstan KİV-iləri və QHT-lər Nazarbayevin bu çıxışını belə dəyərləndirdilər: “Nazarbayev qazaxıstanlıları GMO ilə zəhərləyir””.

V.Məhərrəmov deyir ki, ABŞ, Yaponiya, İsrail, Kanada və digər inkişaf etmiş ölkələr bu istiqamətə elmin inkişafına, genetik modifikasiya olunmuş bitkilərin, orqanizmlərin yetişdirilməsinə xüsusi fikir verdikləri bir zamanda Avropa və digər ölkələrdə bu işdən bixəbər olan kütlə əllərində “GMO - ölümdür!” şüarı ilə şəhərlərdə yürüşlər keçirir, auditoriyalarda psevdoalimlər” GMO-nun insan orqanizminə və ətraf mühitə mənfi təsiri” ilə bağlı məruzələr oxuyur, parlamentlərdə qanun layihələri hazırlayaraq ölkələrində GMO-ya qadağa tətbiq edilməsinə çalışır: “Bəzi alimlər, QHT-lər isə GMO ilə bağlı apardıqları təcrübənin nəticəsini artıq formalaşmış ictimai rəyə uyğunlaşdıraraq məqsədi onlar üçün bəlli olmayan beynəlxalq donorların hesabına, yaranmış vəziyyətdən bəhrələnə bildilər. Çox ustalıqla, məharətlə təşkil olunmuş bu oyunda yalnız GMO ilə ciddi məşğul olan ölkələr uddu. Digər ölkə alimlərinin vaxtı uzun zaman GMO-nun zərərli olub-olmaması məsələsinə aydınlıq gətirilməsinə sərf olundu. GMO ətraf mühit və sağlamlıq üçün heç bir təhlükə yaratmır.

Uzun müddət İsveçrə alimləri apardıqları tədqiqat nəticəsində belə qərara gəliblər ki, GMO ətraf mühit və sağlamlıq üçün heç bir təhlükə yaratmır”.

Ekspert söyləyir ki, Avropa və Amerika arasında bu sahədə ciddi narazılıqların olduğu barədə məlumatlar da sızır. Belə ki, son zamanlar Avropada GMO ilə bağlı elmin inkişafı ABŞ alimlərini ciddi narahat etməyə başlayıb. Bu sahədə liderliyi əldən vermək istəməyən Amerika alimləri avropalı həmkarlarını qısqanmağa başlayıb. Onlar bir-birini elmi nəzəriyyənin təcrübədə tətbiqi ilə bağlı qeyri-dəqiqlikdə ittiham etməyə başlayıblar.

GMO bitkilərin coğrafiyası isə get-gedə genişlənir. Çin, Hindistan və Pakistan kimi böyük ölkələrdə modifikasiya sayəsində hər hektar pambıq sahəsindən 6 ton məhsul əldə edilir ki, bu da ən yüksək məhsuldarlıq kimi müsbət qiymətləndirilməlidir. Halbuki Azərbaycanda bu göstərici 1 tondan bir az yüksəkdir.

GMO məhsul necə yetişdirilir?!

Gen modifikasiyası təbiətdən götürülüb. V.Məhərrəmov bildirir ki, həmin bakteriyalar xüsusən paxlalı bitkilərin kök sistemində “yuva salır” və bitkinin qidalanmasında böyük rol oynayır. Aqrobakterium havada olan azotu qəbul edərək kök vasitəsi ilə bitkiyə ötürür.

Ancaq bakteriya bu “səxavəti” elə-belə, əvəzsiz göstərmir. Bunu mikroorqanizmlər qidaya olan tələbatlarını, şəkərə olan ehtiyacını ödəmək üçün edirlər. Bakteriyalar bitkinin onlar üçün daha çox şəkər toplamasını da çox asanlıqla təmin edirlər. Belə ki, bakteriya öz DNK-sından bitkidə şəkəri artıracaq fermenti, geni bitkinin geninə köçürür. Belə olan halda bitki daha çox şəkər toplayır. Nəticədə paxlalı bitkinin azota olan ehtiyacını ödəyən bakteriya özünün də şəkərə olan tələbatını bitkinin hesabına təmin edir.

Uzun müddət genetika, molekulyar biologiya sahəsində çalışan alimlər bu prosesi izləyərək belə nəticəyə gəliblər ki, canlı orqanizmlərə digər orqanizmlərin genini köçürməklə onlarda biotik və abiotik stresslərə qarşı müqaviməti artırmaq, keyfiyyət göstəricilərini yaxşılaşdırmaq mümkündür.

V.Məhərrəmov deyir ki, GMO bitkilərindən alınmış meyvə-tərəvəz vaxtilə bağbanlarımızın peyvənd, seleksiya üsulu ilə əldə etdikləri məhsullarla eyni mahiyyət daşıyır. Məhsulun bol və keyfiyyətli olması üçün isə bitki ətraf mühitə, biotik və abiotik stresslərə qarşı dözümlü olmalıdır. Bu zaman canlıların irsi əlamətləri, yəni dözümlü, güclü tərəfləri nəzərə alınaraq seleksiya işləri aparılır. Gen mühəndisləri bir canlının bir-iki genini digər canlının DNK-sına modifikasiya etməklə lazımi nəticə əldə edə bilirlər. Amma seleksiya işi çox maliyyə vəsaiti və uzun müddət aparmaqla yanaşı həm də proses zamanı bir orqanizmdən digər orqanizmə çoxlu sayda gen köçürülməsi baş verir ki, bunu da idarə etmək mümkün olmur. Ona görə də indiki zamanda seleksiya əvvəlki kimi effektli hesab olunmur.

Gələcəkdə dünya əhalisinin kənd təsərrüfatı məhsullarına, ərzaq mallarına, dərman preparatlarına və bir sıra digər mallara olan ehtiyaclarını ödəmək üçün genetik modifikasiya olunmuş bitki və heyvanlardan alınan məhsulların istehsalı artacaq.

V.Məhərrəmov GMO-nu insan orqanizmi üçün təhlükəli hesab etmir: “Yəhudilər forel balığını çox sevirlər. Genetik modifikasiya yolu ilə onlar forel balığının çəkisini qısa müddətdə artırmağa nail olublar. Yəhudilərin hamısı, uşaqdan-böyüyə qədər bu balıqdan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, İsrail elmdə, səhiyyədə kifayət qədər inkişaf etmiş ölkədir. Azərbaycanda isə istehlak etdiyimiz ərzaq mallarının təxminən yarıdan çoxu genetik modifikasiya olunmuş orqanizmlərdən əldə olunduğu halda deyirlər ki, insan orqanizmi üçün zərərlidir və yaxud bunun təbiətə zərəri var. GMO-nun təhlükəli olması haqda məlumatların yayılmasına marağı olan qüvvələr var.

Birincisi, bu formada rəqiblər arasında mübarizə aparılır. Yəni gen modifikasiyası ilə məşğul olan şirkətlərlə digərlərinin - kimyəvi maddələr, pestisidlər istehsal edən şirkətlərin maraqları toqquşur, bu səbəbdən də rəqibləri GMO haqda mənfi fikirlər yayır.

İkincisi və ən əsası, bu sahəni inhisara almaq istəyən elmi mərkəzlər digərlərinin bu bazara çıxmasının qarşısını məhz bu formada alırlar. Yəni artıq GMO ilə ciddi məşğul olan elmi mərkəzlər digər institutların bu yeniliyi dərindən öyrənməsinin, bu elmə yiyələnməsinin qarşısını məhz daxildən müqavimət yaratmaqla alırlar.

İnsan orqanizmi üçün zərərli olan məhsullar kimyəvi maddələrin tətbiqi nəticəsində əldə olunan məhsullardır. Bu gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən, bitkini xəstəlik və ziyanvericilərdən qorumaq üçün zəhərli kimyəvi maddələrdən, pestisidlərdən istifadə edir. Bu isə öz növbəsində əldə olunan məhsulda orqanizm üçün zərərli olan toksik maddələrin miqdarını artırır.

Fermerlər bu prosesi qaydasında idarə etməkdə acizdir. Süni yaradılmış gübrələrdən ideal şəkildə istifadə edərək prosesi normal idarə etmək çox çətindir. Bitki süni yolla yaradılmış mineral maddələri daha çox mənimsəyir, havalar çox isti keçən zaman və gecələr fotosintez prosesi dayandıqda, qeyri-üzvi maddələrin üzvi maddələrə çevrilməsi prosesi dayanır. Nəticədə bitkidə və onun meyvəsində çoxlu miqdarda toksik maddələr toplanır. Ənənəvi qaydada əkinçiliklə əldə olunan bu məhsulların tərkibində əsasən nitrat çox olur. Nitratın da çox olması insan orqanizmi üçün olduqca təhlükəlidir”.

Modifikasiya olunmuş banan

Uşaqlarda encephalitis xəstəliyinə qarşı immunitet yaratmaq üçün peyvənd işləri aparılarkən məlum olub ki, iynənin şokundan yeniyetmələr arasında ölüm halları artıb.

Bunun qarşısını almaq üçün alimlər həmin peyvəndin inyeksiya vasitəsilə orqanizmə köçürülməsini əvəzləyə biliblər. Əvəzində genetik modifikasiya yolu ilə banan bitkisinin meyvəsində encephalitis xəstəliyinə qarşı immunitet yaradan maddənin alınmasına nail olublar. Yəni peyvənd işini təbii yolla həyata keçiriblər. Dərman preparatları 70, o cümlədən insulin 100 faizi GMO-dan alınır.

V.Məhərrəmov bir məqama da toxunur: “Deputat Vahid Əhmədov tədbirdə qeyd etdi ki, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailə təcrübə qazanmaq məqsədilə etdiyi səfər zamanı həmin ölkənin GMO məhsulundan istifadəsini qınayıb, onların nazirini Azərbaycana ekoloji təmiz qida dadmağa dəvət edib. Düşünürəm ki, nazir tələskənliyə yol verib. Azərbaycanda tam təmiz orqanik məhsul istehsalı etmək mümkün deyil. Bunu İsrailin kənd təsərrüfatı naziri də çox yaxşı bilir”.

Qeyd edək ki, dünyanın 193 ölkəsindən 20-si GMO məhsulu istehsalına qadağa qoyub. Onlar arasında Azərbaycan da yer alır.

Daha bir təzad: GMO və xərçəng

GMO-ya qarşı olanlar bu məhsulların xərçəng və şəkər xəstəliyinə səbəb olduğunu əsas gətirirlər. Məsələn, Türkiyə mətbuatı tərkibində insan sağlamlığı üçün zərərli olan məhsulların xərçəng yaratdığına əmindilər.

Ölkənin baş pediatrı Nəsib Quliyev də xərçəngin artmasında qidalanmanın əsas şərt olduğuna diqqət çəkir və valideynləri günahlandırır: ““Çipsi” kimi şöhrət qazanan boyat kartof dilimləri kanserogen maddə daşıdığından onun satışı bir çox ölkələrdə, eləcə də Rusiyanın bir sıra vilayətlərində dayandırılıb. Bizdə isə mağazalarda uşaqların əli çatan yerdə satılır. Yağı sonuncu dəfə nə vaxt dəyişdirildiyi məlum olmayan qazanlarda bişirilmiş qidalar küçə ticarətində xüsusi rol oynayır. Metro stansiyalarının hər çıxışında “fast-food” qidaları gəncləri ev yeməyindən ayrı salır, gələcəkdə xəstəliklərlə təhdid edir. Bundan başqa, gənc anaların körpəsinə şəxsi marağı ucbatından ana südü verməməsi həm onun özünü, həm də gələcəkdə övladını qorxulu xəstəliyə düçar edir”.

Onkoloq Nizami Əliyev də virtualaz.org saytına açıqlamasında GMO tərkibli məhsulların zərərli olduğunu deyir: “GMO-nun zərərini bizlərdən daha çox yeni nəsil görəcək. Yaxın 10 ildə xərçəng xəstələrinin və bu xəstəlikdən ölənləri sayının 50 faiz artacağını proqnozlaşdırıblar. Hələlik müalicəsi tam mümkün olmayan xərçəngin artması yaş həddinə, dövlətlərin iqtisadiyyatına ciddi zərər vuracaq. Fikir verin, artıq dünya alimlərindən çoxu GMO-ya qarşı çıxışlar edir. Amerika alimləri araşdırmaları ilə sübut ediblər ki, GMO tərkibli məhsullardan istifadə nəticəsində aqressiya, yaddaş problemindən şikayətlər artıb”.

Qeyd edək ki, ötən il Rusiya mətbuatı təhlükəli məhsulların siyahısını təqdim etmişdi. Ekspertlər bu məhsulların xərçəng yarada bilmə ehtimalını irəli sürmüşdülər. Həmin siyahıda “Hersheys Cadbury Fruit & Nut”, “Mars M & M”, “Snickers”, “Twix”, “Milky Way”, “Nestle” şokoladları, “Nesquik Nestle” şokolad içkisi, spirtsiz içki “Соса-Соla”, “Sprite”, “Fanta”, tonik “Kinli”, “Fruitime”, “Pepsi Со”, hazır şorbalar, “Lipton” çay, peçenye, marmelad, ədviyyatlar, mayonezlər, “Hellmans” sousları, “Nestle” uşaq yeməkləri, “Hipp” uşaq qidaları, “Mcdonalds” restoranlar şəbəkəsinin qidaları, Nijni Novqorod yağ kombinatının məhsulları, “Bunduelle" (Macarıstan) məhsulları, “Baltimor-Neva” ketçupları (Sankt-Peterburq), Moskvanın Mikoyanovski ət kombinatının məhsulları (paştetlər, qiymə), “Qalina Blanka” şorbaları, “Lays” çipsiləri və daha 10 məhsulun adı vardı.

Azərbaycanda isə əkilən çuğundur, qarpız və qarğıdalıların 30 faizinin GMO tərkibli olduğu ehtimal edilir. Bundan əlavə, Azərbaycana gətirilən sarı düyülər, kartof, bibər, badımcan, pomidorların tərkibinə genetik motifikasiya olunmuş orqanizmlər vurulduğu iddia edilir. GMO tərkibli məhsulların daha çox İran, Türkiyə, Rusiya və Pakistandan gətirilməsi də iddialar sırasındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.