Konstitusiya Məhkəməsi dollarla kreditlərlərlə bağlı hansı qərarı verəcək?-KRİTİK GÜN

5-05-2015, 12:56           
Konstitusiya Məhkəməsi dollarla kreditlərlərlə bağlı hansı qərarı verəcək?-KRİTİK GÜN
Bir neçə gün sonra Konstitusiya Məhkəməsi kredit borclarının hansı məzənnə ilə qaytarılması barədə məsələyə aydınlıq gətirəcək. Fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra xarici valyuta ilə banklardan kredit götürən vətəndaşların borclanması 1.7 milyard dollar artıb.

Yəni ölkə üzrə dollar və avro ilə kredit götürənlər banklara 1.7 dollar həcmində artıq ödəmə etməlidirlər. Bu qeyri-müəyyənlik bir sıra suallar yaradır. Mayın 7-də Konstitusiya Məhkəməsi məhz bu məqama aydınlıq gətirməlidir.

Xatırladaq ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Mülki Məcəllənin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulur.

Konstitusiyaya əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburidir və məhkəmələr üçün məcburi xarakter daşıyır.

Amma məsələ burasındadır ki, bu qərar təkcə vətəndaş-bank münasibətlərinə aydınlıq gətirməyəcək. Bu qərar vətəndaşların xeyrinə qəbul edilərsə, o zaman bazardakı gərginlik də aradan qalxmış olacaq. Çünki manatın ikinci devalvasiya riskinin olması vətəndaşları ən xırda ehtiyatlarını belə manatda deyil, dollarda saxlamağa vadar edir.

Nəticədə manat ona olan etibarı zaman keçdikcə itirir. Bu isə manatın ikinci devalvasiyasını yaxınlaşdırmaqla yanaşı, onu daha ağrılı edə bilər. Ona görə bankların maraqlarını qurban verməklə Konstitusiya Məhkəməsinin vətəndaşların maraqlarına xidmət edən qərar çıxarması bazarda qeyri-müəyyənliyi aradan qaldırmaqla yanaşı manata əlavə güc vermiş ola bilər.

Çünki digər ölkələrlə müqayisədə onsuz da böyük kredit faizləri verən vətəndaşın üzərində devalvasiyanın fəsadlarını tam ağırlığı ilə hiss etməsi iqtisadiyyat üçün də yaxşı heç nə vəd etmir.

Hazırda gözləmə mövqeyində dayanan bir çox iri şirkətlər ticarət əməliyyatlarını böyük miqyasda aparmaqdan çəkinirlər. Buna səbəb ehtiyatların manatda saxlanılması riski ilə bağlıdır.

Qəzetimizin əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsinin uzun müddətdir gözlənilən qərarı bankların xeyrinə olacaq. Və hökumət bankların maraqlarını vətəndaşların maraqlarından daha üstün tutacaq. Bu isə, yuxarıda qeyd etdiymiz kimi, manatın ikinci devalvasiyasının daha ağrılı keçməsinə gətirib çıxara bilər. /azadlıq.info/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.