Bakıda reklam, afişa və şadlıq saraylarının adları niyə xarici dildə yazılır? - ARAŞDIRMA
6-05-2015, 11:31
Son aylar paytaxtın Səbayel, Nəsimi və Nərimanov rayonları ərazisində reklam, afişa, küçə və şadlıq saraylarının adlarının monitorinqi artıq yekunlaşıb. Hazırda bu istiqamətdə hesablama işləri aparılır.
Bu barədə APA TV-yə AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı Rasim Heydərov bildirib.
Onun sözlərinə görə, son araşdırmalardan məlum olub ki, ötən illərdən fərqli olaraq, bu il küçə adları ilə bağlı problemlər bir qədər aradan qaldırılıb. Buna isə adların təyin edilməzdən əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlinməsi barədə müqavilə bağlanması səbəb olub: "İkinci mərhələdə artıq Bakı Şəhər İcra Hakimiyyəti və Reklamlar Departamenti ilə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, reklam lövhələri çapa hazırlanmadan öncə monitorinq şöbəsi tərəfindən yoxlanıldıqdan sonra çap olunmasına icazə veriləcək".
Hazırda ən problemli məsələnin məhz mağaza, obyekt adlarında olduğunu deyən Rasim Heydərov bildirib ki, ən çox dil pozuntuları da bu sahədə aşkarlanıb.
Mütəxəssis deyir ki, ad alanda ilk olaraq Ədliyyə Nazirliyinə müraciət olunur. Öz növbəsində isə nazirlik tərəfindən yalnız həmin adın uyğun olub-olmaması yoxlanılır. Bu zaman həmin adların nə orfoqrafik tərkibi, nə də mənşəyi yoxlanılır. Problem də elə bu andan başlanır: "Hər hansı əcnəbi adını götürərək, məsələn, "restourant" sözünün elə olduğu kimi yazılması və ya "butik" sözünün işlənməsi bu qaydalara uyğun deyil. "Reklam haqqında" qanuna görə, əgər yazılan ad əcnəbi dildədirsə, ondan əvvəl mütləq Azərbaycan dilində həmin sözün tərcüməsi yazılmalıdır. Bu zaman Azərbaycan dilində olan hissə əcnəbi dilində olan sözdən iri hərflərlə yazılmalıdır".
Ümumilikdə isə beynəlxalq brendlərin adlarının dəyişdirilməsi və ya tərcümə edilərək yazılmasının düzgün hesab edilmədiyini deyən Rasim Heydərov bildirib ki, əgər həmin brend Azərbaycanda qeydiyyatdan keçibsə, o zaman mütləq dil normalarına əməl edilməlidir.
Qeyd edək ki, AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən mütəmadi olaraq bu tip monitorinqlər aparılır. Lakin şöbənin hər hansı bir inzibati cəza və ya xəbərdarlıq etmə funksiyası olmadığından, institut həmin obyektlərə yalınız tövsiyə verə bilir.