Dollar kreditlərinə dair qərar necə olacaq? –Konstitusiya Məhkəməsi…

7-05-2015, 23:36           
Dollar kreditlərinə dair qərar necə olacaq? –Konstitusiya Məhkəməsi…
Gözlənildiyi kimi, bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib. Azərbaycan banklarında dollarla krediti olanlar, vətəndaşlar və iş adamları. Banklar özləri də uzun müddətdən bəri bu iclası gözləyirlər.

Analitik.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublkası Mülki Məcəlləsinin 439-cu maddəsinin bəzi müəddəalarının Konstitusiyanın 19-cu maddəsinə uyğunluğuna dair Ombudsmanın sorğusu və MM-in 439-cu maddəsinin müvafiq müddəalarının şərh edilməsinə dair Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb.

Konstitusiya Məhkəməsi Plenumu baş tutub, sorğu və müraciətlə bağlı gözlənilən müzakirələr aparılıb. İclasda manatın devalvasiyadan sonra banklarla borcalanlar arasında yaranmış məzənnə mübahisələri ilə əlaqədar qanunvericiliyin bəzi müddəalarırın şərh edilmiəsinin zəruriliyi müzakirə olunub.

Plenumun proseduruna uyğun olaraq sorğuverən və müraciət edən tərəfin nümayəndələri, ekspertlər dinlənilib. Qeyd edilib ki, Konstitusiya Məhkəməsinin Plenumu müzakirə olunan məsələ ilə bağlı yaxın zamanda qərar qəbul edəcək və qərar elan olunacaq.

Xatırladaq ki, vətəndaşları və bankları bu məsələdə maraqlandıran sual budur ki, bankdan dollarla götürülmüş kreditlər fevralın 21-dən sonra necə, hansı məzənnə ilə qaytarılmalıdır?

Hər kəs də onu gözləyir ki, Konstitusiya Məhkəməsinin Poenumunun qərarı necə ola bilər; bankların, yoxsa vətəndaşların xeyrinə uyğun qərar gözləmək olar?

Sualı Analitik.az-a şərh edən hüquqşünas Habil İsgəndərov bildirib ki, birmənalı olaraq kimin xeyrinə qərar veriləcəyini demək düzgün deyil. Məhkəmələrdə baxılan digər konkret işlərdən fərqli olaraq, burada çəkişən tərəflər yoxdur ki, qərar da tərəflərdən birinin xeyrinə olsun. Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilk növbədə Qanunun müddəalarının düzgün şərh edilməsi, başa düşülməsi və hamı tərəfindən eyni mənada qavranılması, tətbiq edilməsini təmin etməlidir.
Bundan başqa, bu qərardan əsas gözləntilərdən biri odur ki, ilk növbədə, Mülki Məcəllənin 439-cu maddəsinin 1 və 2-ci bəndlərindəki müddəaların Konstitusiyanın 19-cu maddəsinə uyğun olub-olmadığına cavab verilsin. Çünki ötən dövrdə dollarla kredit verilməsinin tərəfdarları MM-in bu müddəalarına istinad etdilər. Azərbaycanda bütün ödənişlərin (o cümlədən, kredit və əmanət müqavilələri üzrə) manatla aparılmalı olmasının vacibliyini deyənlər isə Konstitusiyanın 19-cu maddəsinin birmənalı, imperativ göstərişinə istinad edirlər. Belə vəziyyətdə yeganə düzgün, həm də qanunauyğun şərhi Konstitusiya Məhkəməsi verə bilər.

Hüquqşunas hesab edir ki, bu məsələlərə şərh verildikdə, artıq bu gün hər kəsi narahat edən digər suallara da aydınlıq gətiriləcək.

«Yuxarıda deyilənlərlə bərabər və eyni zamanda, həm də vacib, həllini gözləyən əsas suallar bunlardır:

1) Azərbaycanın yerli bankları Azərbaycanın hüquqi və fiziki şəxslərinə (bunlara birlikdə «borcalan» deyək) dollarla (və ya başqa xarici valyutada) kredit verməyə haqlıdırlarmı?

Burada həm də bank olmayan kredit təşkilatlarını da nəzərə almaq lazımdır. Həmçinin, nəzərə alınmalı və həll edilməli sual budur ki, artıq buvaxta qədər xarici valyutada bağlanan müqavilələr var, onlar icra olunub, indi də icra olunur.
Lakin əgər bu müqavilələrin bağlanması Konstitusiyanın 19-cu maddəsinin tələblərinin pozulması ilə müşayiət olunubsa, qanunsuz hərəkətlərin hüquqi nəticələrinin əhəmiyyətsizliyi nəzərə alınmalıdır. Başqa sözlə, qanunsuzluq hüquqi nəticələr yarada bilməz və yaratmamalıdır.

2) Xarici valyutada verilmiş kredit məbləği borcalanlardan həmin valyutada tələb edilə bilərmi?

Burada da mülki münasibətlərdə müqavilə azadlığı prinsipi ilə – manatın yeganə ödəniş vasitəsi olmasına dair Konstitusion normanın və MM-in 339.1-ci maddəsinin 1-ci cümləsinin qarşılıqlı münasibətini aydınlaşdırmaq lazım gələcək.

Konstitusiyanın 19-cu maddəsinin I hissəsində təsbit olunur ki, Azərbaycan Respublikasının pul vahidi manatdır. Maddənin III hissəsində təsbit olunur ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Mülki Məcəllənin «Pul öhdəliklərinin icrası» adlanan 439-cu maddəsinin 1-ci bəndində də pul öhdəliyi manatla ifadə edilməli olması göstərilməklə yanaşı, digər müddəalarında istisnalar nəzərdə tutulur. İstisnalar öhdəliklərin tərəflərinin xarici subyekt (hüquqi və fiziki şəxs) olması ilə bağlıdır. Yəni, həmin müddəaya görə, əgər bank və ya borcalan xarici subyektdirsə, ödəniş xarici valyutada həyata keçirilə bilər.

Bundan başqa, bu müzakirələr ondan yaranıb ki, Konstitusiyanın 19-cu maddəsində təsbit olunan «Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır» imperativ göstərişi ilə MM-in 439-cu maddəsinin 1-2-ci və 7-ci bəndindəki istisnalar arasında ziddiyyət var.

Həmçinin, burada xüsusilə nəzərə alınması vacib olan budur ki, bank-borcalan münasibətlərində kreditin xarici valyutada göstərilməsinə baxmayaraq, faktiki olaraq, ödəniş sənədlərində məbləğlər manatla (ödəniş gününə olan məzənnə ilə) fiadə olunur. Bu da o deməkdir ki, əslində banklar müqavilədə xarici valyuta göstərsələr də faktiki olaraq (daxili konvertasiya yolu ilə) ödənilən məbləği manatda ifadə edirlər.

3) Dollarla verilmiş kredit Azərbaycan manatı ilə qaytarılırsa, hansı məzənnə ilə ödənilməlidir?

Bu sualın cavabı isə yalnız yuxarıdakı sualların necə şərh edilməsindən, eyni zamanda, MM-in 439.7-ci maddəsindəki «öhdəliyin əmələ gəldiyi gün» ifadəsinin dəqiq izahından asılıdır. Banklar «öhdəliyin əmələ gəldiyi gün» dedikdə, müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi gününü nəzərdə tuturlar. Və buna görə də kredit ödənişini yeni məzənnə ilə tələb edirlər. Bu halda, belə çıxır ki, eynilə əmanət müqavilələri üzrə də ödənişləri yeni məzənnə ilə banklar əmanətçilərə qaytarmalıdırlar. Buna, adi qaydada, deyək ki, mülki münasibətin «məntiqi tənzimlənməsi» kimi baxmaq olardı. Ancaq nəzərə almaq lazımdır ki, QANUNUN mənası və məqsədi mülki münasibətlərin tərəflərinin «razı salınması» deyil. Qanununun aliliyi prinsipi tələb edir ki, kim(lər)in mənafeyinin qorunub və ya pozulmasından, münasibətlərin tənzimlənməsindən asılı olmayaraq, ilk növbədə Konstitusiyaya uyğun olsun. İkincisi, hüququn ümumi ideya və prinsiplərinə, qanunçuluğa uyğun olsun. Qeyd edilməlidir ki, kredit və əmanət müqavilələrində «öhdəliyin əmələ gəlməsi günü»nün ödəniş mərhələlərinə, aylara və günlərə bölünməsi, ümumiyyətlə, öhdəlik hüququnun təbiətinə zidd yanaşmanı təzahür etdirər. Müqavilələr üzrə öhdəlik – həmin müqavilənin qüvvəyə mindiyi gündən yaranır.

Pulun məzənnədən düşməsi borclunun risk dairəsinə daxil olan hal deyil

Bununla yanaşı, kredit münasibətlərinə – bank-borcalan münasibətləri kimi baxdıqda, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 448-ci maddəsinin tələbinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilməsi üzrə məsuliyyət daşıyır. İndiki məqamda, məzənnə dəyişikliyi səbəbindən borcalanların kredit ödənişlərini yeni məzənnəyə uyğun qaytarmasının tələb olunması həm də qanunun bu müddəası ilə uzlaşmır. Çünki, məzənnənin dəyişməsi «borclunun risk dairəsinə daxil olan» hal kimi qiymətləndirilə bilməz. Məzənnənin dəyişməsindən yaranan fərqin borclunun öhdəliyi kimi qiymətləndirilməsi MM-in 448-ci maddəsinin tələbinə zidd olardı. Bu baxımdan borcalanın risk dairəsinə daxil olmayan hallar üzrə cavabdehliyin onun üzərinə qoyulması yolverilməzdir. Müqavilədə məzənnə dəyişikliyinin nəticələri barədə müddəanın olmaması, belə bir şərtin nəzərdə tutulmaması deməkdir ki, bu hal da borcalanın yeni şəraitdə cavabdehlik daşımalı olmadığını göstərir.

Hər bir halda, Konstitusiya Məhkəməsinin Plenumunun bütün bu ziddiyyətli suallara aydınlıq gətirəcəyinə inanırıq. Bu vaxta qədər hüquqla, qanunla tənzimlənməli olan münasibətlər – bankların monopolist mövqeyi ilə formalaşıb. Fevralın 21-dən yaranmış vəziyyət də qanunun özündə boşluqların, ziddiyyətlərin olması və bank-vətəndaş münasibətlərində qanunun tələblərinin tam nəzərə alınmaması ilə bağlıdır. Ümid edək ki, nəhayət, Konstitusiya Məhkəməsinin şərhindən sonra bu ziddiyyətlərə, suallara son qoyulacaq».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.