Əvəz Ələkbərovun xalası oğlunun qətlində müəmma: həbs edilən ana, qız və…
7-05-2015, 23:39
Ötən il sentyabrın 1-də Bakıda xüsusi amansızlıqla qətlə yetirilən Füzuli Haqverdi oğlu İsgəndərovun qətli ilə bağlı müəmmalı məqamlar meydana çıxıb.
Uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olan F.İsgəndərovun (o, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur) ölümü ilə bağlı mətbuatda hüquq-mühafizə orqanlarına istinadən yeni məlumatlar yer alsa da hadisənin qaranlıq tərəfləri hələ də açılmamış qalır.
Şahidlərin qətl törədilən gün verdiyi məlumata görə, hadisəni törədən şəxs maskalı, 20-25 yaşlı bir oğlan olub. Cinayətkar F.İsgəndərovu elə öz evinin yaxınlığındakı qarajın qarşısında öldürmüşdü. İlkin məlumatda keçmiş məmurun 19 bıçaq zərbəsi aldığı, daha sonra isə boğazının kəsildiyi bildirilirdi.
Qətlin tamah məqsədilə törədildiyi deyilsə də öldürülən şəxsin həyat yoldaşı Xalidə İsgəndərovanın sonrakı ifadələri bu ehtimalı alt-üst etdi.
Xalidə İsgəndərova ifadəsində maskalı şəxsin evdə ona hücum etdiyini demişdi. Qadın onu öldürməməsi üçün cinayətkara yalvardığını və evdə olan bütün qızılları, pulu verəcəyini dediyini bildirmişdi.
O zaman yayılan məlumatlarda qadının həmin şəxsin maskasını çıxardığı da bildirilirdi. Lakin ən maraqlısı budur ki, maskalı şəxs qadını öldürməmiş, evdən də heç nə – nə qızıl, nə də pul və ya hər hansı qiymətli əşya götürmədən qaçmışdı.
Daha sonra faktla bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisənin tamah məqsədilə törədildiyini təsdiqləməmişdilər.
Onu da deyək ki, evdə olan müşahidə kameraları maskalı şəxsin evə girməsi anını qeydə alıb.
Lakin bu qətldən 8 ay sonra cinayət hadisəsi ilə bağlı hər kəsi təəccübləndirən təfərrüatlar ortaya çıxdı. Report.az saytı hüquq-mühafizə orqanlarına istinadən məlumat yaydı ki, cinayəti törədən şəxslər mərhumun elə öz xanımı və qızı olub. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının apardığı araşdırmalardan sonra belə nəticəyə gəlinib.
Virtualaz.org saytı da bu cinayət hadisəsi ilə bağlı yeni məlumatlar əldə edib. F.İsgəndərovun yaxınlarının verdiyi məlumata görə, cinayətin mərhumun xanımı və qızı tərəfindən törədilməsi xəbəri onlar üçün gözlənilməz olub.
Mərhumun yaxınları deyir ilkin ehtimal belədir ki, hadisəni törədən şəxs F.İsgəndərovun qızı Əmanə İsgəndərovanın keçmiş sevgilisidir.
Qeyd edək ki, qətldən iki gün əvvəl F.İsgəndərov qızına toy etmişdi. Toy zamanı qızın keçmiş sevgilisi şadlıq evinə gedərək dava salıbmış. O, sevdiyi qızın başqasına ərə verilməsinə etiraz edib. Daha sonra həmin şəxslə qızın qohumları arasında mübahisə olub. O, daha sonra bunun qisasını alacağını deyərək restorandan uzaqlaşıb. İki gün sonra isə F.İsgəndərov qətlə yetirilib.
Elə bu hadisə F.İsəgəndərovun qohumlarının həmin şəxsi cinayətkar hesab etməsinə səbəb olub. Hadisənin 20-25 yaşlarında maskalı şəxs tərəfindən törədilməsi isə bu şübhələri daha da artırıb.
Qeyd edək ki, F.İsgəndərovun qapı qonşusu elə öz bacısıgil olub. Müşahidə kameralarına düşən maskalı şəxsin F.İsgəndərovun bacısıgilin həyətindən qaçdığı deyilir.
Amma maraqlıdır ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda hadisə şahidlərinin gördüyü, kameranın da qeydə aldığı maskalı şəxs haqda bir kəlmə də olsun söz açılmır.
Başqa bir ehtimal isə budur ki, həmin maskalı şəxs F.İsgəndərovun xanımı və qızı tərəfindən tutulan killer də ola bilər. Lakin bu səs-küylü qətlin mərhumun qızı və xanımı tərəfindən təşkil edilməsi xəbərini yayan report.az saytı cinayətin təfərrüatları barədə yeni məlumatlar əldə edib. Həmin məlumatda deyilir ki, hadisədən dərhal sonra mərhum F.İsgəndərovun ailə üzvlərinin ifadələri alınıb. Onun həyat yoldaşı və qızlarının hadisə ilə bağlı ziddiyyətli ifadələr verməsi istintaqı aparan müstəntiqlərdə şübhə doğurub. Lakin F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova ilə qızı Əmanə İsgəndərovanın cinayəti törətməsi barədə kifayət qədər dəlil-sübut olmadığından onlar sərbəst buraxılıblar.
Məlumata görə, istintaq-əməliyyat tədbirlərini davam etdirən hüquq-mühafizə orqanlarının əməkdaşları X.İsgəndərova və Ə.İsgəndərovanın mobil telefonlarını məhkəmə qərarı ilə dinləmə nəzarətinə alıblar.
“Xalidə İsgəndərova və Əmanə İsgəndərova istintaqın qərarı ilə təxminən səkkiz ay boyunca izləniliblər, onların həyat tərzi öyrənilib. Onların ölkədən kənara çıxmasına qadağa qoyulub. Nəhayət, istintaqçılar F.İsgəndərovun məhz ana və qızı tərəfindən qətlə yetirilməsi barədə dəlil-sübutlar toplayandan sonra onlar saxlanılıblar”- deyə məlumatda bildirilir.
Hüquq-mühafizə orqanları tərəfindən ötürülən bu məlumatda cinayətin məhz ana və qızı tərəfindən törədildiyi bildirilir.
Hadisənin bu təfərrüatları F.İsgəndərovun yaxınlarını daha da təəccübləndirib. Ortaya F.İsgəndərovun yaxınlarını düşündürən suallar çıxır. Əgər qətli ana və qızı törədibsə, bunu niyə məhz evdə – heç kimin görə bilməyəcəyi xəlvət yerdə yox, həyətdə – qarajın yanında ediblər? Axı qətlin həyətdə törədilməsi daha çox cinayətkarın öz qurbanının gəlişini gözləməsini xatırladır.
Başqa bir sual: hadisə şahidlərinin gördüyü maskalı oğlan kimdir? Bəs müşahidə kamerasına düşən maskalı şəxs kimdir?
F.İsgəndərovun yaxınları deyir ki, onun pulunun çox olması qətlin tamah məqsədilə törədildiyini deməyə əsas verir, amma görünən budur ki, cinayət hadisəsindən sonra yeni “oyunlar” ortaya çıxıb…
İstintaqçılar qətli ana və qızın törətdiyini desə də cinayətin hansı məqsədlə törədildiyi hələ ki, açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır. F.İsgəndərovun yaxınları və bu səs-küylü qətlin təfərrüatlarını izləyənlər isə araşdırmaların nəticəsinin necə olacağını gözləyir