“Gəncəbank” rəhbərinə cinayət işi başlandığı üzə çıxdı - Təfərruat

7-05-2015, 23:41           
“Gəncəbank” rəhbərinə cinayət işi başlandığı üzə çıxdı - Təfərruat
Əmlakı zorakılıqla ələ keçirilən Natalya Kərimova əməkdaşımıza başına gələnləri danışdı

“Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova Natalya Kərimova məxsus olan əmlakları özününküləşdirməsi haqda yazmışdıq. Gəncəyə səfərimiz çərçivəsində məsələni yerindəcə araşdırmağa qərar verdik. İlk öncə “Gəncəbank”a baş çəkib N.Kərimovanın iddiaları ilə bağlı Pərvanə Novruzovanı dinləmək, baş verənlərlə bağlı mövqeyini öyrənmək istədik. Bankdan “Pərvanə Novruzova işdə yoxdur” deyib, bizi qapıdan yola saldılar.
Hazırda P.Novruzovanın istifadəsində olan, faktiki isə N.Kərimovaya məxsus gözəllik salonunda da mövzu ilə bağlı hər hansı bir şərh vermək istəmədilər. Növbəti baş çəkdiyimiz ünvan isə N.Kərimovanın zorla əlindən alınan mənzili oldu. Bina sakinləri N.Kərimovanın illər öncə mənzilini bağlayaraq ölkədən getdiyini söylədilər. Onun P.Novruzovanın təqiblərinə dözməyərək ölkədən getdiyini söyləyənlər də oldu. Hər kəs P.Novruzovanın imkanlı olduğunu və N.Kərimovanın əmlaklarını geri qaytara bilməyəcəyini söyləyirdi.
Bəs, N.Kərimova nə düşünür, illər sonra onun əmlakları geri qaytarıla bilərmi?
Bu və digər suallarımıza cavab axtarmaq üçün N.Kərimovanı aradıq. Vəkili Ceyhun Yusifov vasitəsi ilə onunla əlaqə saxlayıb qadını danışmağa razı sala bildik.
N.Kərimova bizimlə söhbətə yaşayış yerini bildirməmək şərti ilə razılaşdı. Qadın deyir ki, P.Novruzovanın əlaqələri genişdir və ona, müvəqqəti yaşadığı mənzilin sahiblərinə təzyiqlər göstərəcəyindən ehtiyat edir. N.Kərimova Pərvanə Novruzovanın başına açdığı oyunların bir daha təkrarlanacağının qorxusu altındadır. O, P.Novruzovanın qanun qarşısında cavab verəcəyi günü də səbirsizliklə gözlədiyini söyləyir.

Natalya Kərimova
Qeyd edir ki, 2 mənzilini, hazırda “Afrodita” adlanan, faktiki isə adı “Nataşa” olan gözəllik salonunun geri qaytarılması üçün sona qədər mübarizə aparacaq: “Məni döyüb, işgəncə verib, gözümün qarşısında qızımın paltarlarını cırıb onu zorlamaq hədəsi ilə əmlaklarımı əlimdən alıblar. Pərvanə Novruzovanın əmri ilə məni döyüblər və bətnimdəki övladım ölüb”.
N.Kərimova danışdıqca göz yaşlarını saxlaya bilmir: “Mən bunlar haqda uzun illər susmuşam, qızlarıma, özümə xətər yetiriləcəyindən ehtiyat etmişəm. Azərbaycanın prezidentinə güvənib ölkəyə qayıtmışam və haqqımın bərpa olunmasını prezidentdən xahiş edirəm. Milliyyətcə rusam, Azərbaycan mənim vətənimdir. Pərvanə Novruzova mənim həyatımı alt-üst edib. Prezidentdən dönə-dönə xahiş edirəm ki, üzləşdiyim qanunsuzluqların aradan qaldırılması üçün göstəriş versin”.

Yada salaq ki, ötən saylarımızdan birində Natalya Kərimovanın prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, Rusiyanın Azərbaycandakı səfirinə, hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı məktubu dərc etmişdik. Məktub müəllifi “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın onun biznesini, mülklərini zorakılıqla ələ keçirdiyini bildirir, səlahiyyət sahiblərindən imdad diləyirdi. N.Kərimova deyib ki, P.Novruzovanın göstərişi ilə onu və qızını oğurlayaraq Gəncə ətrafında bir əraziyə aparıb zirzəmiyə salıblar. Orada qızının zorlanması təhdidi ilə əmlaklarından imtina etməsinə nail olublar.

N.Kərimovanın ilə vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a açıqlamasında iş üzrə yeni faktlar əldə etdiyini söylədi. Bildirdi ki, Pərvanə Novruzova N.Kərimovanın gözəllik salonunu ələ keçirəndən sonra onu mənzilindən, ardından isə ölkədən məcburi şəkildə qovdurub. Həmin günlərdə isə Gəncə Şəhər Prokurorluğunda P.Novruzovanın barəsində N.Kərimovanın əmlaklarını mənimsədiyinə görə cinayət işi başlanıb. Lakin sonradan həmin cinayət işi Baş Prokurorluqdan tələb edilib və geri qaytarılmayıb: “Həmin işlə bağlı sənədləri əldə etmişəm. İşin içində Pərvanə Novruzovanın təqdim etdiyi sənədlər var və həmin sənədlər bank rəhbərini ifşa edir. O sənədləri Novruzova istintaqa öz əli ilə verib və bu həm də cinayətin etirafıdır. Həmin cinayət işinin təzələnməsini də xahiş edəcəyik”.

Tanınmış vəkil N.Kərimovaya qarşı cinayətlərin sona qədər araşdırılmasına nail olacağını söylədi. C.Yusifov onu da bildirdi ki, N.Kərimovanın ölkə rəhbərliyinə müraciətlərindən sonra qadını hədələməyə başlayıblar, ona qarşı cinayət işi başladılacağını bildiriblər.
Qeyd edək ki, vəkil C.Yusifov artıq hüquq mühafizə orqanlarına müraciət edib və baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanmasını; müvəkkilinin xüsusi qorumaya götürülərək “Gəncəbank” ASC-nin fəaliyyətinin kompleks yoxlanılmasının, bu halların araşdırılması məqsədilə xüsusi İstintaq Komissiyanın yaradılmasını xahiş edib. Mövzuya qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.