Naxçıvanın sabiq milli təhlükəsizlik nazirini daha döymürlər
7-05-2016, 13:37
“Onun törətdiyi cinayət tərkibli əməlləri saymaqla bitməz”
Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun dindirilməsi dayandırılıb. Sabiq naziri istintaq təcridxanasına aparıb döymür, təhqir etmirlər. Bu haqda “Yeni Müsavat”ın sorğusuna cavab olaraq vəkili Vüqar Xasayev bildirib.
Deyib ki, baş prokuror Zakir Qaralova təkrarən müvəkkilinin üzləşdiyi qanunsuzluqlar barədə şikayət yazaraq cinayət işinin Naxçıvan Prokurorluğundan alınıb Azərbaycan Respublikasının müvafiq prokurorluqlarından birində araşdırılması üçün vəsatətlə müraciət edib: “Vəli Əsgərova təzyiqlərə son qoyulub, sonuncu dəfə Naxçıvan Prokurorluğunda onunla qanunla müəyyən edilmiş qaydada davranıblar. Vəli Əsgərovu Naxçıvan Prokurorluğuna aparıblar. O deyib ki, vəkilləri yanında olmayana qədər heç bir ifadə verməyəcək. Bununla da razılaşıb evinə qaytarıblar”.
V.Xasayev deyir ki, V.Əsgərovun hansı iş üzrə dindirilməsi haqda məlumatsızdırlar: “Bizi işlə tanış etməyiblər deyə, bu haqda məlumatsızıq”.
V.Xasayev bildirdi ki, müvəkkilinin öz istədiyi müdafiəçi ilə təmin olunması hissəsində hüquqlarının tapdanması hələ də davam edir: “Digər vəkil Tofiq Allahverdiyevi Naxçıvandan faktiki deportasiya ediblər. Məni də müdafiəyə buraxmırlar. Biz cinayət işinin Naxçıvan Prokurorluğundan alınması üçün Prezident Administrasiyasına müraciət etmişik. Bu məsələ birbaşa baş prokurorun səlahiyyətindədir. Baş prokurora da müvafiq şikayət-vəsatətlə müraciət etmişəm. Bundan əvvəlki müraciətim Naxçıvan Prokurorluğuna göndərilib. Sonuncu müraciətlərimə cavab verilməyib. İşgəncələrlə bağlı tədbir görülməsini də xahiş etmişəm”.
V.Xasayev deyir ki, V.Əsgərovun qohumlarına işgəncə verilməsi səngisə də, əmlakları qaytarılmayıb: “Qardaşı Əli Əsgərova, onun qohumlarına hazırda təzyiq yoxdur. Əli Əsgərovdan alınan 100 min manat geri qaytarılmayıb, qohumlarının əmlaklarını da özlərinə verməyiblər”.
V.Xasayev V.Əsgərov vəzifədə olarkən Naxçıvan MTN-də baş vermiş qanunsuzluqlar, jurnalistlərə divan tutulması, Naxçıvan aeroportunda sürücü işləyən Turac Zeynalovun dəhşətli işgəncələr altında öldürülməsi ilə bağlı ittiham verilmədiyini bildirib.
Qeyd edək ki, Vəli Əsgərovun adı Naxçıvanda jurnalistlərə qarşı ağlasığmaz təqib, təzyiq və şantaj olaylarında da hallanıb. 2013-cü ilin mayında araşdırmaçı jurnalist Yafəz Əkrəmoğli İstanbulda olarkən Şahin adlı Naxçıvan MTN əməkdaşı onu öldürmək üçün Türkiyəyə göndərilib. O, Türkiyədə yaşayan bir neçə naxçıvanlı ilə pul müqabilində jurnalisti öldürməklə bağlı razılığa gəlib. Həmin şəxslər jurnalistin qonaq qaldığı evə hücum etsələr də xoşbəxtlikdən plan baş tutmayıb. Jurnalistə hücum edənlərdən biri - Famil Quliyev o vaxt “Yeni Müsavat”a bildirmişdi ki, onu aldadaraq bu işə cəlb ediblər. O bildirirdi ki, Yafəz Əkrəmoğlunun 40 min dollar qarşılığında İstanbulda öldürülməsi əmrini məhz Vəli Əsgərov verib. Naxçıvan MTN planlarını faş edən müsahibədən sonra Famil Quliyev müəmmalı şəkildə yoxa çıxması ilə bağlı məlumatlar da yayılmışdı.
Yafəz Əkrəmoğlu bildirir ki, Vəli Əsgərov əslində Naxçıvan sakinlərinə qarşı törətdiyi cinayətlərə görə ittiham olunmalıydı: “Vəkilin deməsindən belə çıxır ki, Vəli Əsgərov Vasif Talıbova etdiyi xəyanətə görə cəzalandırılır və ona açılan maddələr törətdiyi əməllərə adekvat deyil. Onun adı bir neçə ölüm, şantaj işində hallanır.
Bu əməllərin ictimaiyyətə məlum olanları da var, indiyə kimi gizlədilənlər də. 2011-ci ildə Turac Zeynalov MTN təcridxanasında işgəncə nəticəsində öldürülmüşdü. Həmin işgəncələrdə Vəli Əsgərov şəxsən iştirak etmişdi və o bu ölüm hadisəsinə görə şəxsən məsuliyyət daşıyır.
O vaxt mən bu hadisəni araşdırmaq istəyərkən Naxçıvandan İrana deportasiya olundum. Vəli Əsgərov hüquq müdafiəçiləri və jurnalistlərə divan tutan bir şəxs kimi də tanınır. 2014-cü ildə hüquq müdafiəçisi İlqar Nəsibovun ölümcül döyülməsində də onun rəhbərlik etdiyi orqanın əməyi var idi. Onun törətdiyi cinayət tərkibli əməllər saymaqla bitməz və bütün bunlara görə Vəli Əsgərov şəxsən məsuliyyət daşıyır.
Gəlin görək ona bu əməllərinə görə cinayət işi açılacaqmı? Əlbəttə yox. Çünki o, Naxçıvan sakinlərinə qarşı törətdiyi əməlləri özbaşına etməyib. Əgər buna uyğun maddələrlə cinayət işi açılsa özləri ifşa olunacaqlar. Əgər səmimidirlərsə, Vəli Əsgərovla cinayət ortağı olan MTN-in digər vəzifəlilərinə də cinayət işi başlanılmalıdır. Biz bunun əksini görürük. Həmin şəxslər bu gün yeni qurumlara rəhbər vəzifələrə gətiriliblər. Hazırda Vəli Əsgərova işgəncə verənlər, başına qara torba keçirib, boynuna ip salanlar də elə həmin şəxslərdir”.