Vətən olmayan ölkə üçün ölənlərə Rekviyem…

9-05-2016, 11:30           
Vətən olmayan ölkə üçün ölənlərə Rekviyem…
SSRİ tarixşünaslığında "Böyük Vətən Müharibəsi" adlanan SSRİ ilə faşist Almaniyası arasında müharibədə Sovet İttifaqının qələbəsinin 71-ci ili tamam olur. Bu dəhşətli müharibə barədə çox yazılıb. Sənədli xronikalarda dağılaraq xaraba qalan, alovlanan evlərin fonunda dəhşətdən gözləri bərələ qalan uşaqların və qocaların kadrlarını çox seyr etmişik.

Sovet vaxtında pionerlər və gənc komsomolçuların müharibə veteranları ilə görüşündə böyüklərin dilindən həmişə belə bir arzu səslənirdi: "Siz xoşbəxtsiniz, müharibə görmədiniz". Biz də köynəyimizin üstündən bağladığımız qırmızı qalstuku əlimizlə düzəldə-düzəldə qoca babaların batıq səslə müharibə və qələbə barədə danışdıqlarına qulaq asardıq.

Müharibə mənim üçün atamın hər il 9 may gələndə öz atası barədə danışaraq kövrəlməsi və anamın körpə ikən Daşkəsəndə sürgündə yaşaması barədə qəribə xatirələri ilə yadda qalırdı.

…Ata babam bu müharibədə itkin düşmüşdü. Onun öldü-qaldısı barədə heç nə bilmirdilər. Son məktubu 1943-cü ildə gəlmişdi. "Qara kağızı" alan nənəm bu ağır xəbərdən sonra düz 50 il yaşadı. Beş uşaq böyütdü. Yadıma gəlir ki, qoca nənəm ağır bir zənbili qaldırmağa gücü çatmayanda həmişə "Hitleri gorbagor olsun" deyirdi. Mən uşaq idotizmi ilə "Hitler neyliyib ee" soruşarkən nənəm qəzəbli halda "uşaqlarımı atasız qoydu" deyib hiddətlənərdi.. "Uşaqlarımı" deyəndə nənəm yetim qalmış atamı, 2 əmimi və 2 bibimi nəzərdə tuturudu. Atam körpə olub babam cəbhəyə gedəndə… Onların ən şirin xatirəsi atamın üzündəki yanıq yeri ilə bağlı idi. Atam nisgil qarışıq bir fəxrlə mənə danışırdı ki, atası cəbhəyə aparılan gün onu qucağına götürüb. Əlindəki siqaret təsadüfən atamın üzünə dəyib. O vaxtdan üzündəki bu iz onun atası ilə bağlayan ən isti bir bağ olmuşdu. Əmilərim babamın müharibədən əvvəl həyətdə əkdiyi tut ağacının altında oturaraq yayın cırhacırında isti çayı içə-içə bu xatirəni qəribə bir lirik tonla atama danışar, atam gözlərində qəribə bir uşaq təbəssümü ilə onlara qulaq asardı. Öz gücünə ali məktəbə daxil olub, kənddə müəllim işləyirdi atam…Hərdən işləri barədə mənimlə gap edəndə "dədəm müharibədən sağ gəlsəydi, mənə çox arxa olardı"deyirdi. Onun bu sözünü mən – atalı bir uşaq – başa düşmürdüm. Bir az da mənə qəribə gəlirdi… Rayonda tanınmış müəllim olasan, bəlli bir yaşda hələ də ata həsrəti ilə yaşayasan… Hə, bir də atam televiziyada müharibə barədə SSRİ-nin məşhur olan "İnsanın taleyi" və "Əsgər atası" filmlərinə baxanda göz yaşlarını saxlaya bilmirdi. Birində müharibədən sonrakı ağır və məşəqqətli keçən uşaqlığını, o birində isə baş leytenant Maxaradze kimi tanımadığı Almaniyada itkin düşən atasını xatırlayırdı..

…Ana babam isə bu dəhşətli müharibədən sağ qayıda bilmişdi. Amma ağır şərtlərlə… Müharibəyə gedən kimi iki uşağını güclə "detdoma" (uşaq evinə) vermişdilər… Böyük dayımla, böyük xalamı… Dayımı çox gec tapdılar. Müharibədən 15 il sonra… Özbəkistanda… Anam danışrıdı ki, dayım evə gələndə bütün kənd ağlayırdı, kimi müharibədə öləni üçün, kimi itəni üçün, kimi də sevincindən….

1943-cü ildə əsir düşən babam almanlar tərəfindən Fransaya aparılmışdı. Həbs düşərgəsindən qaçmağını babam ağrı ilə danışırdı. Almanlardan gizlənmək üçün meyidlərin altına girməyini, qarın içində bir paltarda əsə-əsə yol ölçməsini… Beləcə babam Fransa Müqavmət Hərəkatına qoşulub və Şarl de Qollun rəhbərliyi altında vuruşub. (Bunları mənə böyüyüb ağlım kəsəndən sonra böyük dayım danışıb). Əvəzində müharibədən sonra o, bütün keçmiş əsirlər kimi Stalinin əmri ilə evindən-eşiyindən sürgün olunub… Babam və digərləri Fransadan SSRİ-yə qayıdan zaman Şarl de Qoll onları qəbul edib və hər birinə müvafiq sənəd də təqdim edib. Lakin Polşada sərhəddi keçərkən həmin sənəd Sovetlər tərəfindən əlindən alınıb, əvəzində başqa sənəd verilib. Ev-eşiyindən didərgin düşən babam Daşkəsənin ilan mələyən çöllərində 5 il sürgün həyatının acısını həmişə yada salırdı.. 1987-ci ildə rəhmətə getdi babam. Çənəsində və kürəyində qalan "oskol" (o mərmi qəlpələrinə belə deyərdi) onu yaman incidirdi. Əməliyyata isə razılıq vermədi. "Mən onlarla gör hardan hara gəlmişəm, qoy mənimlə qəbirə də birgə getsinlər" deyirdi. Belə də oldu. Faşist əsgərinin onların səngərinə tulladığı qumbaranın qəlpəsi ömürünün 77–ci ilində onu "yıxa bildi"… O, həmişə bu müharibəni lənətləyirdi, deyinirdi. Hökümətin Qələbənin 50 illiyi ilə bağlı ona verdiyi medalını taxaraq, veteranlar üçün olan mağazaya ucuz qiymətə ət almağa gedərkən belə, lənətləyirdi Hitleri, Stalini, hamını…

…Qonşuluğumuzda isə hitlerçilərlə əməkdaşlıq etdiyinə görə həbs olunan, sonradan azad edilən bir kişi də yaşayırdı. Kəndin o zamankı gəncləri ona "Baharın 17 anı" filmindən zarafat qarışıq –ironiya ilə "ober-leytenant" ləqəbi qoymuşdular. O, sadəcə əsir düşərgəsində könüllü olaraq sovet əsirləri üzərində "nadzor" olmağa razı olmuşdu. Ölməkdən qorxmuşdu. ölmək istəməmişdi. Qoca vaxtlarında artıq onun hərbi keçmişi belə yaddan çıxmışdı. Qələbinin 40 illiyində hətta ona nişan da vermişdilər. Beləcə, biz- qalib əsgərin və satqın nadzorun övladları bir yerdə yaşayırdıq… Bizim üçün müharibə anlayışı daha çox televiziyada gördüklərimiz və veteranların tədbirlərdə kövrələ-kövrələ danışmaları idi..

… 1941-ci ildə aparılan siyahıyaalınmaya görə, o zaman Azərbaycanın kişi əhalisi 640 min civarında olub. Onların 300 mindən artığı müharibədə ölüb, 170 mini şikəst olub… Dəhşətli rəqəmlərdi, əziz oxucu… Belə çıxır ki, Azərbaycan xalqına qarşı əsl genosid baş verib. Mən uşaq vaxtı xalq arasında qəribə bir ironiya ilə deyilən "kişi 1941-45 –də getdi" deyimini çox eşitsəm də, başa düşmürdüm. Sən demə bu zavallı xalqın dərdindən törəyən bir ahı, onun olmayan müharibəyə cəlb edilməsinə qarşı etirazı imiş…
strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.