Rusiya pomidor, kartofla nə demək istədi - Ağ "Pobeda" ilə gələn Lavrov nöqtəni qoya bildimi?
13-05-2015, 20:21
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerrinin ötən gün Soçidə keçirilən görüşündə bir məqam xüsusi diqqət çəkib.
Lavrovun Kerrinin görüşünə ağ rəngli “Pobeda” ilə gəlməsi və ABŞ dövlət katibinə kiçik səbətlərdə pomidor və kartof hədiyyə etməsi gözdən yayınmayıb.
ABŞ-la Rusiya arasında münasibətlərin kritik nöqtədə olduğu məqamda Lavrovun bu jesti heç şübhəsiz ki, Putinin pomidor və kartof səbətində Obama hakimiyyətinə ünvanladığı siyasi mesajdır.
Lavrorun Kerriyə hədiyyə etdiyi pomidor və kartofun siyasi mənası nədir?
Politoloq Qabil Hüseynli AzVision.az-a şərhində bildirib ki, Lavrovun bu addımının bir səbəbi görüşün keçirildiyi Krosnadar vilayətininin yüksək keyfiyyətli pomidor və kartofla məşhur olmasıdır.
“Həmçinin bu maddi sərvətləri təqdim etməklə Lavrov məncə, sivilizaisiyasının qorunub saxlanmasına işarə vurur. Rusiya xalqların dinc yaşayıb yaratmasını, birgə maddi sərvət yaradaraq dünyanın inkişaf etdirilməsini simvolizə edən bu məhsullarla sülhə və qarşılıqlı əməkdaşlığa çağırır.
Çünki son vaxtlar bu ölkələr arasında münasibətlər çox gərgin idi. Hətta Amerika Rusiya boyu qoşunlarını düzməkdə idi, Rusiya isə bütün qoşun növlərinin təliminə başlamışdı. Çox adam bunun pərdəarxasını bilmir, amma dünya müharibə həddinə gəlib çatmışdı”.
Q.Hüseynli əlavə edib ki, ABŞ artıq Rusiyanı regional güc kimi qəbul etməyə başlayıb və Lavrovun hədiyyələri buna da işarə ola bilər: “Hazırda dünyada az-çox stabillik hiss edilməkdədir. Yenidən Rusiya ilə Amerika arasında danışıqlar başlayıb və dünyanın geosiyasi mənzərəsinin qurulmasında bu dövlətlər əməkdaşlığa və bunu danışıqlar yolu ilə həll etməyə qərar verib. Burada Yaxın Şərq, Koreya, Yəmən və s. kimi problemlər nəzərdə tutulur.
Amerika Rusiyanı fövqəldövlət kimi olmasa da, regional güc kimi qəbul etməyə başlayıb. Pomidor-kartof da bu məsələləri bir növ simvolizə edir”.
Politoloq Ərəstun Oruclunun fikrincə isə Lavrovun Kerriyə hədiyyəsi Rusiyanın Amerikanın verdiklərini geri qaytarmaq mənası daşıyır: “Lavrovun bu jesti çox da ciddi bir şey deyil. Sadəcə mesaj budur ki, Amerikanın Avropaya, Avrasiya materikinə verdiyi təkcə kartof və pomidordur, onlar da onu geri qaytarır. Bunu Kolum gətirib və o vaxtdan 500 il ötüb. Bu münasibət göstərir ki, Rusiya öz kiçik iddialarına görə, qonşularının ərazilərində separatçı rejimlər yaradır. Bunlar Rusiya miqyasında dövlət üçün kiçik məsələlərdir”.
Ə.Oruclunun fikrincə, Rusiya Amerikaya göstərmək istəyir ki, onlar pomidor və kartofsuz da yaşaya bilər.
“Rusiya bu mesajla Amerikaya demək istəyir ki, pomidor və kartofu özünüzə geri veririk, bunlarsız da ötüşə bilərik. Münasibətlərin yaxşılaşmasına gəlincə isə, bu, şübhəsiz ki, olacaq. Dünyanın iki supergücü heç vaxt münasibətləri artan xətt üzrə gərginləşdirməyəcəklər. Zamanla münasibətlər qaydasına düşəcək”.
Lavrovun Kerrinin görüşünə ağ rəngli “Pobeda” ilə gəlməsi də təsadüf deyil. Ekspertlər hesab edirlə ki, son münaqişələr fonunda Lavrovun bu addımı Rusiyanın sanksiyalara baxmayaraq, Qərb qarşısında sınmadığını, gərgin sınaqlardan qalib çıxdığına işarədir.