Hacı Zeynalabdinin qızı sovet hökumətindən nəyi tələb edirdi?

1-06-2016, 09:56           
Hacı Zeynalabdinin qızı sovet hökumətindən nəyi tələb edirdi?
Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:

(Əvvəli ötən saylarımızda)

Vəli Axundovun 10 illik liberal siyasəti ədəbiyyatın, sənətin, mədəniyyətin və nəticə etibarilə azadfikirliliyin inkişafına güclü təkan vermişdi. Siyasi basqıların azalması, Sovet təqiblərinin səngiməsi adamları bir qədər ürəkləndirmişdi. “Praqa baharı” fonunda bütün bunlar Sovet rəhbərliyi üçün narahatlıq mənbəyi idi. Azərbaycanın özündə belə, bəzən hakimiyyət yeridilən siyasətin doğurduğu nəticələrə hazır olmadığını nümayiş etdirirdi. Məsələn, 60-cı illərdə yaranmış vəziyyətdən istifadə edərək Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Sarayevə (o, atasının vəfatından sonra Leninqrada gedib orada çilingər işləyən Nikolay Sarayev adlı bir tatarla ailə qurduğundan bu familiyanı qəbul etmişdi) atasına bəraət istəyirdi. Bu məqsədlə Sara xanım Sovet partiya və hökumət rəhbərliyinə 7 səhifəlik məktub yazıb bildirmişdi ki, onun atası maarifçi olub, məktəblər açıb və Sovet hakimiyyətinin ilk illərində Azərbaycana rəhbərlik edən şəxslərin bəziləri məhz onun atasının ayırdığı vəsaitlər hesabına təhsil alıblar. O bildirirdi ki, Azərbaycan Sovet tarixçiləri Tağıyevin fəaliyyətini təhrif edirlər və tələb edirdi ki, atasının maarifpərvər əməlləri haqqında ayrıca kitab yazılmalıdır. Sov.IKP MK elm və məktəblər şöbəsinin müdir müavini A.Monin onun məktubunu araşdırmaq üçün Azərbaycan KP MK-nın elm və məktəblər şöbəsinə göndərdi, lakin xahiş etdi ki, araşdırmadan sonra Sara Sarayevanın məktubu cavabla birlikdə geri göndərilsin.

Məktubda qeyd edilən məsələlər ətrafında Sara xanımla söhbət edildikdən sonra Azərbaycan KP MK-nın elm və məktəblər şöbəsi tərəfindən Moskvaya göndərilən cavabda yazılırdı: “Yoldaş S.Sarayevaya izah edildi ki, onun atasının maarifçilik fəaliyyətinə həsr edilmiş ayrıca monoqrafiya nəşr edilməyəcək, lakin Azərbaycan xalq təhsili tarixinə həsr olunmuş bu və ya digər işlərdə Hacı Zeynalabdin Tağıyevin bu sahədəki xidmətləri qeyd ediləcək. Eyni zamanda ona izah edildi ki, atasının fəaliyyətinin qiymətləndirilməsində heç bir təhriflərə yol verilməyib. Belə ki, neft sənayeçisi olan Tağıyev məktəblərlə yanaşı, həbsxanalara da maddi yardım göstərib. Yoldaş Sarayeva onun tərəfindən qoyulan məsələnin belə həlli ilə razılaşmadı”.

Məktubun sonunda qeyd edilirdi ki, yoldaş Sarayeva 1954-cü ildən şizofreniya xəstəliyindən əziyyət çəkir, Bakı psixonevroloji dispanserində stasionar müalicə alıb və öz xəstəliyi ilə bağlı hazırda orada qeydiyyatdadır. Eyni zamanda, şöbə sorğu verib dispanserdən bunu təsdiq edən sənəd alıb Moskvaya göndərilən cavaba əlavə etdi.

Baş həkim L.Fərzəlibəyova və həkim A.Əsgərovun imzaladığı sənəddə göstərilirdi ki, 1899-cu ildə anadan olmuş Sarayeva Sara Zeynalovna 1954-cü ildən xroniki psixi xəstəliyin şizofreniya formasında psixonevroloji dispanserdə qeydiyyatdadır. Axırıncı dəfə dispanserə 1957-ci ilin iyul ayının 4-də müraciət edib. Həkimlər bir az da irəli gedərək MK şöbəsinə xəbər verirdilər ki, əldə olunan məlumata görə, S.Z.Sarayeva 1949-cu ilin mart ayının 12-dən 30-na qədər şizofreniya diaqnozu ilə Lvov psixonevroloji xəstəxanasında da olub.

“Vallah, Leninin Kəlləsi Sementdən Möhkəmdir”

60-cı illərin ikinci yarısında respublikada kommunist ideologiyasının dərin böhran keçirdiyi göz qabağında idi. 1969-cu ilin yazında aparılan yoxlamalar göstərdi ki, böyük zəhmət və xərc hesabına tərcümə edilib nəşr edilən və respublika kitabxana şəbəkəsinə dağıdılan Leninin əsərlərinin 40 cildliyinə Azərbaycanın kənd və rayonlarında bircə nəfər də baxmayıb. Həmin vaxt o da bəlli oldu ki, qarşıdan SSRI Ali Sovetinə seçkilər kimi böyük siyasi kampaniya gəlsə də, respublikanın kənd rayonlarında seçki məntəqələrinə salınan üzvlərin çoxu seçkilərin nə vaxt keçiriləcəyi tarixi belə bilmirlər. DTK-nın topladığı gizli agentura məlumatından aydın oldu ki, kommunizm qurucusunun əxlaq kodeksini əzbərləyən, geniş kommunizm quruculuğunda iştirak etməli olan Azərbaycan gəncləri sinələrində gəzdirdikləri, üzərində “VLKSM” yazılmış komsomol nişanının öz aralarında yerli dilə uyğun maraqlı təfsirini veriblər: “Vallah Leninin Kəlləsi Sementdən Möhkəmdir”.

Cəlilabadda Kərbəla müsibəti

Bakıda və digər şəhərlərdə liberal ideyaların yayılması Sovet musiqisi və kommunist əxlaqı üçün yad olan caz musiqisinin və stilyaqa geyim formasının Azərbaycana ayaq açması ilə nəticələnmişdi. Vaqif Mustafazadənin sayəsində 60-cı illərin sonunda Bakı artıq SSRI-nin çaz mərkəzlərindən birinə çevrilmişdi. Elə həmin liberal ideyaların gətirdiyi azadlıqlar fonunda bütün partiya, sovet, hüquq mühafizə orqanlarının gözü qarşısında 1969-cu ilin yazında Aşura günü Cəlilabad rayonunun Alar kəndində, 26 Bakı Komissarları adına kolxozda Kərbəla müsibətini əks etdirən dini tamaşa göstərildi – “şəbih” çıxarıldı. DTK daxil, bütün sovet orqanlarının respublika ərazisində ilk dəfə müşahidə edilən bu hadisəyə göz yumması onun təşkilatçılarını daha da ruhlandırdı. Axundovun mülayim siyasətinə alışmış bu adamlar bütün Sovet xalqının “həyəcanla” Leninin anadan olmasının 100 illiyinə hazırlaşdığı bir məqamda, Sovetlər üçün müqəddəs olan həmin gündən təxminən bir ay əvvəl – 1970-ci ilin mart ayının 19-da, müsəlman təqvimi ilə Məhərrəm ayının 10-cu günü – növbəti Aşura günü möhtəşəm bir “şəbih” çıxardılar. Hadisələrə gerçək məzmun vermək üçün dini tamaşa müəllifləri Alar kəndinin arxasındakı düzənlikdə, Fərat çayı hesab ediləcək Əzizbəyov kanalının yuxarısında Əhli Beytin oturduğu ağ xeymələr qurmuş, döyüş səhnələrini dramatikləşdirmək üçün qonşu Puşkin (Biləsuvar) rayonundan çoxlu at və Həzrəti Hüseynin minməsi üçün yanında balaca köşəyi (dəvə balası) olan bir dəvə də gətirmişdilər.

Tamaşanın əsas süjeti Kərbəla döyüşü səhnəsində zər-ziba ilə bəzədilmiş dəvə belindəki Imam Hüseynlə at belindəki zəhimli xəlifə Birinci Yezid arasındakı dialoq üzərində qurulmuşdu.

Hadisə ilə bağlı SSRI Nazirlər Soveti yanında Dini Işlər Şurasının Azərbaycan SSR üzrə müvəkkili Ə.Əhədov Azərbaycan KP MK-nın ideoloci işlər üzrə katibi Cəfər Cəfərova yazırdı ki, “şəbih” göstərilən zaman Puşkin, Saatlı, Sabirabad, Imişli, Lənkəran, Yardımlı, Masallı və Cəlilabad rayonlarından 10 minə yaxın adam bu tamaşanı seyr edirdi (dövlət orqanları tamaşaçıların sayını azaltmışdılar, mən həmin vaxt orta məktəbin sonuncu sinfində oxuyurdum və hadisələr gözlərimin qabağında baş vermişdi, meydanda 15-20 minə qədər adam var idi). Seyrçilər arasında çoxlu vəzifəli şəxslərin, partiya və sovet orqanlarının əməkdaşlarının, kommunist partiyası üzvlərinin, ətraf kolxoz və sovxozların, məktəblərin, idarə və müəssisələrin ilk partiya təşkilatı katibləri, hətta Cəlilabad rayon partiya komitəsinin rəhbər heyətinin üzvlərinin olduğu məlumatda əks olunmuşdu.

Saat 12-də Imam Hüseynin şəhid edilməsi ilə qətl sınanda vahiməli vəziyyət yaratmaq üçün Əhli Beytin oturduğu xeymələrə od vuruldu. Insanların dini hissləri cuşa gətirildi, adamların ah-naləsi, əzadarların ya Hüseyn, vay-Hüseyn sədası xeymələrin ərşü-əlaya qalxan alovuna qarışdı. Bir aydan sonra proletariatın dahi rəhbəri Valdimir Iliç Leninin anadan olmasının 100 illiyini qeyd edəcək bu adamlar həmin gün Həsən təpəsinin ətəyində Həzrəti Hüseyn üçün dəryalarca göz yaşı axıtdılar. Faciənin təsirindən ehtizasa gəlmiş adamlar meydana tökülərək Imam Hüseyn rolunu aparan Molla Mürtəza Abbasovun mindiyi dəvəni əhatəyə alıb bu “müqəddəs” heyvandan Kərbəla müsibətinin xatirəsinə hərə bir tük çəkməyə başladı. Adamların bu anlaşılmaz hərəkətlərindən heyrətə kəlmiş əlacsız dəvə alacalanmış gözlərindən yaş, ağzından köpük daşa-daşa bozlayıb insan seli içərisində azmış köşəyini axtarırdı.

Yezidin mindiyi at yəhəri məhkəmədə sübut kimi…

1969-cu ildən fərqli olaraq 1970-ci il “şəbih”inin axırı pis qurtardı. Məsələ böyüdü, may və noyabr nümayişləri zamanı Sovet dövləti rəhbərlərinin və Siyasi Büro üzvlərinin portretlərini götürməyə adam tapmayan partiya orqanların 50 ilin ateist təbliğatından sonra birdən-birə 10-15 min adamın 1300 il əvvəl baş vermiş Kərbəla müsibətinin ildönümünə toplanmasından heyrətə düşmüşdülər. Bakıdan verilən göstərişə uyğun olaraq, dərhal Azərbaycan SSR Cinayət Məcəlləsinin 142-ci maddəsi ilə “şəbih” təşkilatçılarının və əsas rolların ifaçılarına cinayət işi açıldı. Cəlilabad rayon “26 Bakı Komissarları” adına kolxozun briqadiri Bəhram Qasımov, həmin kolxozun maşın parkının müdiri Allahşükür Ağayev, Cəlilabad rayon su təsərrüfatı idarəsinin işçisi Özbək Rəsulov və Masallı rayonundan olan Molla Mürtəza Abbasov həbs edildilər. Dəlil-sübut kimi dəvə çulundan, balaca köşəyin üzərini bəzəyən zər-zibadan tutmuş Birinci Yezidin mindiyi atın yəhərinə, yügəninə, hətta üzəngisinə qədər hər şey məhkəməyə gətirildi. Adları çəkilən şəxslər məhkəmənin hökmü ilə müyyən müddətə həbs edildilər. “Şəbih” mərasiminə hazırlığı bilib onun qarşısını almadıqlarına, mərasimdə şəxsi iştiraklarına və dini tamaşadan sonra onu ört-basdır etmələrinə cəhd göstərdiklərinə görə Cəlilabad rayon partiya komitəsi bürosunun 6 may 1970-ci il tarixli toplantısında “Alar sovetliyində əhali arasında elmi-ateizm tərbiyəsinin vəziyyəti haqqında” məsələ müzakirə edilib qərara alındı ki, “26 Bakı Komissarları” adına kolxozun sədri Mehman Quliyev, kolxoz ilk partiya təşkilatının katibi, Sosialist Əməyi Qəhrəmanı Mənsurə Mirzəyeva, Alar kənd Sovetinin sədri Aqilə Hüseynova vəzifələrindən azad edilsinlər. Büronun qərarında göstərilirdi ki, rayon mərkəzi xəstəxanasının baş həkimi H.Süleymanov, “Azərtexnika” birliyinin rayon şöbəsinin müdiri Q.Ismayılov, kənd təsərrüfatı idarəsinin rəisi X.Quliyev, rayon kino birliyinin müdiri S.Zeynalov, rayon ət tədarükü kontorasının müdiri Q.Əsgərov yoldaşlar tabeliklərində olan maşınların Aşura günü hadisə yerində olduğunu gizlətməyə çalışıblar. Bu məsələ böyük hay-küyə səbəb olduğu üçün həmin ilin may ayının sonlarında təkrar Cəlilabad rayon partiya komitəsinin plenumunda müzakirəyə çıxarıldı. Rayon partiya komitəsinin birinci katibi Əli Əliyev plenumdakı çıxışında dedi: “Yoldaşlar, bildiyiniz kimi, 37 gün bundan əvvəl bütün tərəqqipərvər bəşəriyyət Sovet Ittifaqı Kommunist Partiyasının banisi, dünyada birinci sosialist dövlətinin yaradıcısı, beynəlxalq fəhlə sinfinin rəhbəri, dahi mütəfəkkir və inqilabçı Leninin anadan olmasının 100 illiyi yubleyini təntənəli surətdə qeyd etdilər. Yubiley qabağı günlərdə partiyamız, bütün sovet xalqı kommunizm qruculuğu haqqında Lenin proqramının həyata keçirilməsində, Sov.IKP XXIII qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində var qüvvə ilə çalışıb”.

Sonra o, sözünü davam etdirərək dedi ki, lakin bu proseslərlə ayaqlaşmayanlar da var və bəzi kommunistlər dinə və onunla əlaqədar olan mərasimlərə dözür, “sakit yaşamağa” cəhd edirlər: “Alar kəndində ”26 Bakı Komissarları” kolxozunun sabiq rəhbərləri Mehman Quliyev, Mənsurə Mirzəyeva, Aqilə Hüseynova yoldaşların gözü qarşısında bir qrup fırıldaqçıların təşkil etdiyi “Şəbih” mərasiminin nəinki “26 Bakı Komissarları” kolxozunun kommunistləri, hətta rayon partiya komitəsinin bəzi üzvlərinin də xəbəri olduğu halda, necə deyərlər, özlərini “görməməzliyə” vurması buna əyani sübutdur”.

Birinci katib elmi ateizm təbliğatı sahəsində yol verilmiş nöqsanlara görə rayon partiya komitəsinin rəhbər işçiləri kimi, I.Şahbazov, A.Yoldaşov, Q.Məmmədovun, habelə “Şəbih” mərasiminin vaxtında qarşısını ala bilmədiklərinə görə rayon daxili işlər şöbəsinin rəisi F.Imanov, dövlət təhlükəsizliyi komitəsinin rayon müvəkkilləri F.Babayev və H.Fərəcovun məsuliyyət daşıdıqların dedi. Lakin az sonra onun özünə də bu məsələyə görə rayon partiya komitəsinin birinci katibi vəzifəsindən azad etdilər.

(Ardı var)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.