Məktəblərdə nikab və hicabın qadağan olunması təklif olunur - Rusiyada
Bu gün, 16:24
Rusiyada məktəblərdə nikab və hicabın geyinilməsi qadağan edilməlidir.
Rusiyanın İnsan Hüquqları Şurasının (SPÇ) üzvü Kirill Kabanov bildirib.
Onun sözlərinə görə, Konstitusiyada Rusiya dünyəvi dövlət kimi təsbit olunub və bu səbəbdən də dövlət və beynəlxalq təşkilatlarda, eləcə də bütün dünyəvi qurumlarda dini simvolların nümayişinə yol verilməməlidir: "Heç bir dini atribut yalnız din xadimləri istisna olmaqla dövlət müəssisələrində nümayiş etdirilməməlidir," — deyə Kabanov vurğulayıb.
SPÇ üzvü əlavə edib ki, nikab Rusiya müsəlmanlarının ənənəvi geyimi deyil və radikal islamın göstəricisi kimi qəbul olunur.
Qeyd edək ki, bu məsələ ilə bağlı oxşar təşəbbüs Avstriyada da gündəmə gəlib. Avqustun 27-də ölkənin gənclər, ailə və inteqrasiya məsələləri üzrə naziri Klaudiya Plakolm bildirib ki, hökumət payızda 14 yaşadək məktəbli qızlar üçün hicab geyinməyi qadağan etməyi planlaşdırır. Nazir əlavə edib ki, bu qərarla yanaşı şagirdlərə psixoloq dəstəyi göstəriləcək və lazım gələrsə, valideynlərlə söhbət aparılacaq.