Bakıda yanan iri bazarlar - sahibkarlar niyə sığortadan qaçır?
Bu gün, 12:47

Obyekt sahibləri onları gözləyən külli miqdarda zərəri kompensasiya etməyə hər dəfə biganə yanaşırlar; mütəxəssislərdən iş adamlarına çağırış
“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda şiddətli yanğın hadisəsi uzun illərdir Azərbaycanda həlli düyünə düşən bir problemi yenidən aktuallaşdırdı. Söhbət ticarət sektorunda əmlakın sığortasından gedir. Bura ilk növbədə daşınmaz deyil, daşınar əmlakın - yəni binaların deyil, onlarda yerləşən mağazalarda satılan malların sığortası aiddir. Məlumdur ki, Azərbaycanda geyimdən tutmuş, taxta-şalbana, uşaq oyuncağına qədər bütün növ məhsulların satıldığı ticarət obyektlərinin mühüm əksəriyyətində malların sığortalanması nadir rast gəlinir. Adətən, bunu tək-tək fəaliyyət göstərən brend mağazalar edirlər: onların yerləşdiyi məkan müxtəlif hadisələr baxımından daha təhlükəsiz sayılır, üstəlik, satılan malların dəyəri çox yüksək olur. Daşınar əmlakın sığortalanması bir da böyük mollarda qeydə alınır, qoyulan tələblərdən dolayı.
Kütləvi satışların reallaşdırıldığı bazar və yarmarkalarda, böyük ticarət mərkəzlərində isə ən yaxşı halda mağazaların yerləşdiyi binalar sığortalanır. Bunun da səbəbi Fövqəladə Hallar Nazirliyinin qoyduğu tələbdir, sığortalanma olmadıqda binalar, tikililər istismar üçün zəruri olan təhlükəsizlik təminatı ala bilmirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl “Sədərək”də baş verən yanğından sonra hadisənin qeydə alındığı böyük anbar binasının özünün də sığortalanmadığı üzə çıxıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından Marja.az-a bildirilib ki, ölkədə fəaliyyət göstərən 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanıb. Lakin “Sədərək”də baş verən yanğından sonra sığorta şirkətlərinə heç bir əmlak sahib(lər)i tərəfindən hər hansı müraciət daxil olmayıb
Mütəxəssis rəyinə görə, bu kimi hadisələrin zərərlərini ölkəmizdə tətbiq olunan Daşınmaz əmlak icbari sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növ və məhsulları ilə hadisə baş vermədən əvvəl sığortalanaraq təminat altına almaq mümkündür. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, məhz kütləvi ticarət mərkəzlərindəki mağaza sahibləri bu imkandan yararlanmağa həvəs göstərmirlər.
Müşahidələr, aparılan araşdırmalar göstərir ki, bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər sırasına mağazaların yerləşdiyi binaların zəruri təhlükəsizlik tələblərinə cavab verməməsidir. Belə ki, bir çox hallarda iri ticarət mərkəzlərinin mülkiyyətçiləri bütün binaların deyil, əsas bir binanın texniki təhlükəsizlik tələblərinə cavab verməsini təmin edir, FHN-dən lazım olan istismar sənədini alırlar. Həmin binaların ətrafında yaradılan yeni tikilərlə bağlı bunu etmirlər, çünki əlavə xərc çəkmək istəmirlər. Onlar uzun illər boyu həmin binalarda yerləri sahibkarlara icarə verir, külli miqdara gəlir əldə edirlər. Lakin icarədar sahibkar icarəyə götürdüyü ərazidə satdığı malları binanın xüsusilə də yanğın təhlükəsizliyi tələblərinə uyğunluq sənədinin olmaması üzündən sığorta etdirə bilmir.
“Sədərək”dəki yanğından bir neçə həftə əvvəl orada çalışan sahibkarlar Qafqazinfo-ya bu problemi açıq şəkildə qeyd ediblər: “2009-cu ildən fəaliyyətə başlayan və ilbəil böyüyən ticarət mərkəzinin problemləri bitmir. Mülkiyyətçilər texniki təhlükəsizlik baxımından sərmayə qoymurlar ki, bu da bizim ağır nəticələr qarşısında əlacsız qalmağımıza gətirib çıxarır. Onlar məsuliyyət daşımadan ancaq öz şəxsi mənafelərini və gəlirlərini güdürlər. Hər kəs bilir ki, burada enerji təchizatı bərbad və yüklü vəziyyətdədir. Naqillərin qızmağından hər an yanğın baş verə bilər. Elektrik təsərrüfatında avtomatlar yüklənmiş vəziyyətdə, təftiş qaydalara uyğun aparılmır, sıxılma və digər xidmətlər, sadəcə, monitorinqlərlə aparılır”.
İcarədarların sözlərinə görə, burada 30-40 min sahibkar çalışır: “İcarə ödənişləri hər dəfə qaldırılır. Buna baxmayaraq yanğın təhlükəsizliyi ilə bağlı vəziyyət çox faciəvi şəkildədir. Hidrantlar, yanğınsöndürən balonlar, su hovuzları kommunikasiyaları fors-major hala cavab vermir və daha əvvəl də dəfələrlə bu hallar yaşanıb. Ümid ancaq ərazidə fəaliyyət göstərən yanğınsöndürən bölməyə qalır. Ancaq mövcud say və texnika ilə yanğın olduğu halda onunla mübarizə aparmaq sadəlövhlükdür.
Sahibkarların üzləşdikləri ən böyük problem isə işlətdikləri obyektləri sığortalaya bilməmələridir: “Sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, buradakı mağazaları sığortalamaqdan imtina edirlər. Belə ki, Fövqəladə Hallar Nazirliyi buranın istismarına müvafiq rəy və sənəd vermədiyinə görə sığortalamaq da mümkünsüz olub. Bununla bağlı ticarət mərkəzinin mülkiyyətçiləri təəssüf ki, hər hansı addım atmırlar. Biz də öz növbəmizdə aidiyyəti qurumlara müraciət etmişik, problemimizin həll olunması üçün ərizələr yazmışıq”.
Maraqlıdır ki, “Sədərək” rəhbərliyi icarədarların sığorta probleminin səbəbinə toxunmadan, onların öz mallarını sığortalamaqda sərbəst olduqlarını ifadə edib. Oradan portala verilən açıqlamada enerji təchizatında texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin təmin olunması üçün guya görülmüş olan çoxsaylı işlər sadalanıb. Lakin ötən günlərdə baş verən yanğın göstərdi ki, həmin işlər, sadəcə, kağız üzərindədir.
Əslində “Sədərək” mövcud problemin mahiyyətini göstərmək üçün yalnız bir nümunədir. Bakı və Abşerondan başlayaraq, bütün rayonlardakı bazarlara qədər, Azərbaycanın heç bir yerində bazar və yarmarkalarda nəinki malların, heç binaların da düz-əməlli sığortası yoxdur.
Bir sıra mütəxəssislərə görə, əgər icarədarlar - bilavasitə mağaza sahibləri maraqlı olsalar, mağazanın yerləşdiyi binanın sahibindən sığorta üçün zəruri şərtləri yaratmalarını tələb edərək, buna nail ola bilərlər. Onların buna maraqlı olmamasının isə bir çox hallarda çoxsaylı səbəbləri var. Birinci səbəb budur ki, kiçik sahibkarlar satışın real həcmini, dövriyyənin məbləğini olduğu kimi göstərmirlər. Burada iki amil əsas rol oynayır: satılan mallar topdansatış mərkəzlərindən hər hansı rəsmi sənəd olmadan buraxılır. Yəni topdansatış mərkəzləri pərakəndə satışa buraxdıqları və əsasən xaricdən idxal etdikləri malların real dəyərini göstərən sənədi vermirlər. Verdikləri sənədlərdə ya bir malın real dəyəri az qeyd olunur, ya da malların sayı. Bundan kənara çıxanlar mal götürə bilmirlər, ya da dəyərinin əvvəlcədən ödənməsi tələbi ilə üzləşirlər. İkinci səbəb ticarətçilərin müxtəlif dövlət qurumlarına ödədikləri qeyri-rəsmi ödənişlərin yüksək həddidir. Çox təəssüflər olsun ki, baxmayaraq ki, uzun illərdir müxtəlif tədbirlər həyata keçirilir, bu sahədə vəziyyət getdikcə daha da pisləşir. Özü də bu, yalnız ticarətçilərə deyil, istehsalçılara da aiddir. Əlində azca imkanı olan bütün dövlət qurumlarında çalışan məmurlar sahibkara iqtisadiyyatın inkişaf drayveri deyil, qeyri-rəsmi gəlir mənbəyi kimi baxırlar. Bunun nəticəsində isə sahibkarlar xərclərini maksimum azaltmaq baxımından vergini az ödəmək üçün dövriyyənin mümkün qədər aşağı qeydə alınmasında maraqlı olurlar. Yeri gəlmişkən, topdansatış mərkəzləri, istehsalçılar da bir çox hallarda eyni səbəbdən pərakəndə satış nöqtələrinə verdikləri malların hamısının rəsmiləşməsindən qaçırlar. Aldığımız məlumatlarda, hətta kənd təsərrüfatı məhsulları istehsalçılarının bir çox hallarda dövlətin mühüm dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizmindən məhz istehsal həcmini dəqiq göstərə bilmədikləri üçün yararlana bilmədikləri qeyd edilir.
Əlbəttə, bütün sahibkarların yalnız bu səbəbdən real dövriyyəni gizlətməyə çalışdıqlarını da iddia etmək mümkün deyil. Çünki hər bir cəmiyyətdə qanuni vergiləri ödəməmək üçün müxtəlif fırıldaqlara əl atanlar var: hətta ən demokratik, azad biznes mühiti olan ölkələrdə belə bu kimi hallar vaxtaşırı aşkarlanır. Bəzənsə belə əməllərin nəhəng şirkətlər tərəfindən törədildiyinin şahidi oluruq. Bu baxımdan, belələrinin Azərbaycanda da olması təbiidir. Lakin onların sayı çox azdır.
Beləliklə, qısa bir təhlildən aydın olur ki, əvvəla, iri ticarət mərkəzlərinin sahibləri, daha sonra isə onlardan mağaza icarəyə götürən sahibkarlar daşınar əmlakın sığortalanması üçün zəruri olan şərtləri təmin etmirlər. Bu zaman, əlbəttə, sığortaçıların da prosesə marağı qalmır. Çünki sığortaçı sığortaladığı mağazada gündəlik və aylıq dövriyyə, satış həcmi, anbardırsa, orada olan malların sayı, dəyəri barədə dəqiq məlumata malik olmalıdır. Kiminsə “burada 100 min manatlıq mal var” deməsi ilə sığorta müqaviləsi imzalamaq mümkün deyil. Buna görə də sığorta şirkətləri, mütəxəssislər ticarət sahəsində sığortanın inkişafı üçün ən vacib şərt kimi uçot və qeydiyyatın şəffaflığını irəli sürürlər. Bildirilir ki, sığorta şirkəti risk dəyərləndirməsini dəqiq aparmaq üçün anbardakı malların miqdarını və dəyərini rəsmi uçot və sənədlərlə görməlidir. Əgər mallar uçotdan yayınırsa, sığortalanmaması təbii və rasionaldır.
Bəs prosesi dalandan necə çıxartmaq olar? Əlbəttə, ilk növbədə sahibkarlara yönəlik qeyri-rəsmi, bəzənsə hətta maraqlı dövlət qurumunun təsiri ilə qanunvericiliyə daxil edilmiş yüksək ödəniş tələblərini aradan qaldırmaqla. Bu təmin olunduqdan sonra bütün bazar və yarmarkalarda rəqəmsal uçot sisteminin qurulmasına keçmək olar. Bu sistem bütün ticarət obyektlərinin real vaxtda mal dövriyyəsini elektron qaydada aparmasını, bu məlumatların vergi orqanları və sığorta şirkətləri ilə sinxronlaşdırılmasını ehtiva etməlidir. Prosesə nəzarət üçün müstəqil audit - mal qalığını təsdiqləyən audit xidməti yaradılmalı və bu, sığorta müqaviləsinin şərti olmalıdır.
Sahibkarları sığortalanmaya təşviq etmək üçün diferensial sığorta mexanizmi - şəffaf uçot aparan obyektlərə daha ucuz və əlçatan sığorta təklif olunmalı, uçotdan yayınan obyektlər isə əlavə risk qrupunda qiymətləndirilməlidir.
Bir sıra mütəxəssislər bu sahədə də ən azı ilkin mərhələdə dövlət-özəl əməkdaşlığının tətbiq olunmasını da təklif edirlər: hesab olunur ki, müəyyən sektorlarda risklərin bölüşdürülməsi üçün dövlət dəstək mexanizmləri tətbiq edilə bilər.(musavat.com)