Robbi Uilliams məhkəməyə verildi
Bu gün, 12:58

İrlandiyalı bəstəkar Rey Heffernan britaniyalı musiqiçi Robbi Uilyamsı məhkəməyə verir. O, müğənnidən "Angels" mahnısının satışından gələn qonorarın üçdə birini ona ödəməsini tələb edir.
Bu barədə kommersant.ru məlumat yayıb.
1997-ci ildə buraxılan bu trek ifaçının ən populyar mahnılarından biri olaraq qalır. Məhz "Angels" treki "Take That" qrupundan ayrıldıqdan sonra Uilyamsa parlaq solo karyera təmin edib.
Britaniya mediasına görə, mahnının "Spotify"da 700 mindən çox dinləyicisi var. Trek 1,8 milyon rəqəmsal və fiziki nüsxədə satılıb.
Rey Heffernan iddia edir ki, o, "Angels" mahnısını Robbi Uilyams üçün oxuyub və daha sonra onlar mahnının demo versiyasını birlikdə yazdırıblar. Lakin trek dərc olunanda bəstəkarın adı çəkilməyib.
Heffernan 1997-ci ildə 7 500 funt sterlinq (təxminən 10 100 dollar) müqabilində mahnıya olan hüquqlarından imtina edib. İndi o, Aİ-nin müəlliflik hüququ qanununda bestseller adlanan bənddən istifadə etmək istəyir. Yeniliyə əsasən, əsər bestsellerə çevrilərsə, müəlliflər əlavə kompensasiya tələb edə bilərlər.