77 manat alıblar, öyrətdiklərinə bax... - AXI NİYƏ?
8-01-2024, 17:47

Bəzi taksi sürücülərinin sərnişinlərlə etik davranmadığı zaman-zaman müzakirə mövzusuna çevirlib.
Xüsusilə, sosial şəbəkələrdə bununla bağlı dəfələrlə istifadəçilər şikayət paylaşımları ediblər. Hətta taksi sürücülərinin sosial şəbəkədəki qruplarında sərnişinlərlə bağlı təhqiramiz ifadələrə də tez-tez rast gəlinir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair ötən il oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər başlayıb.
İmtahandan müvəffəqiyyətlə keçən sürücülərə şəhadətnamələr təqdim olunur.
77 manat ödəniş müqabilində baş tutan təlimdə taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır. İştirakçılara əsasən sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri, sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır.
Bəs bu təlimlərdə niyə sərnişinlə davranış qaydalarını öyrədilmir?
"Cebhe.info"ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, hər kəs bu təlimdən keçməyib:
"Taksi sürücülərinin etik davranış mövzusu gündəmdədir. Bununla bağlı işlər görülür, təlimlər keçirilir. Bu təlimlərdə iştiraka görə də rüsum alınıb. Təlimlərdə iştirak edən şəxslər sertifkat alıb. Lakin bu, bütün sürücülərə aid edilməyib. Çünki axtarsaq, görəcəyik ki, bütün taksi sürücüləri bu təlimi keçməyib.
Buna görə də hamısından o etikanı gözləmək olmur. Hər bir halda bu insandır və xislətini gizlədə bilmir. Evdə bir cür davranır, çöldə bir cür davranır, sosial şəbəkədə başqa cür davranır. Ona görə düşünürəm ki, əgər iş prosesində belə şeylər aşkarlanırsa, onlara qarşı məsuliyyət tədbiri görülməlidir".