Çauşesku və xanımının güllələnməsi kimə lazım idi? -2 saatlıq məhkəmə!

9-04-2015, 10:48           
Çauşesku və xanımının güllələnməsi kimə lazım idi? -2 saatlıq məhkəmə!
26 il əvvəl, 1989-cu ildə sonuncu rumın sosialist lideri, Rumıniyanı az qala dörddə bir əsr idarə etmiş Nikolae Çauşesku və arvadı Yelena iki saatlıq məhkəmədən sonra güllələnib. 1980-1990-cı illərin ayrıcında Şərqi Avropada "məxməri inqilablar" adlandırılan hadisələr nəticəsində keçmiş sosialist ölkələrinin liderləri hakimiyyəti müxalifətə təhvil verdikləri vaxt hökm sürürdü. Rumıniyadakı hadisələr də bu sıradandır. Nikolae Çauşesku rejiminin devrilməsi qansız ötüşmədi və ölkənin keçmiş liderinin edamı ilə başa çatdı. Hadisədən dərhal sonra, 1989-ci ilin dekabrında hadisələrin belə gedişatına o dövr üçün tipik sayılan şərh verdilər: "Qəzəblənmiş xalq, ac fəhlələri güllələmək əmri vermiş qanlı diktatoru cəzalandırdı". Amma bu hadisələrdən uzaqlaşdıqca suallar da çoxalır: Məlum hadisələr Rumıniyada təbii olaraq baş vermişdi, yaxud da onların təşkilatı arxasında peşəkarlar dayanmışdı ?! Doğrudanmı qan tökülməsinin əsas səbəbkarı Çauşeskuyə sadiq qalan Rumıniya xüsusi xidmət nümayəndələri olub? Nədən inqilabçılar dövlətin başçısını belə tələsik edam etdilər?.. Analitik.az bu və digər suallara cavabları tapmağa çalışıb.

Kommunist və islahatçı rəhbər

Rumıniya işçi partiyasının lideri postuna 17 il ərzində bu vəzifəni tutmuş George Georiunin ölümündən sonra 47 yaşlı Nikolae Çauşesku 1965-ci ildə gəlib. Çoxları elə düşünürdü ki, Nikolae Çauşesku siyasətdə müvəqqəti fiqur olacaq. Lakin partiyasının silahdaşları Çauşeskuni düzgün qiymətləndirməyiblər. O, əvvəlki rəhbərliyin idarəetmə metodlarını tənqid edərək, xalq arasında tez bir zamanda populyarlıq qazandı. Yeni rəhbərliyin siyasətinin fərqli olmasını vurğulamaq və imicini yaxşılaşdırmaq üçün, Çauşesku ölkəsinin adını Rumıniya Xalq Respublikasından Rumıniya Sosialist Respublikasına dəyişməyə belə nail oldu. İki ildən sonra Nikolae Çauşesku Dövlət Şurasının Sədri vəzifəsini tutaraq, yüksək dövlət və partiya hakimiyyətini öz əlində cəmləşdirdi. 1974-cü ildə Rumıniyanın Konstitusiyasına dəyişiklik edib, ölkənin prezidenti oldu. Bu postda ölənə qədər oturdu. Rumıniya Çauşeskunin zamanında qərb ölkələri ilə qarşılıqlı fəal əlaqəli və kifayət qədər müstəqil xarici siyasət aparmağa başladı. Çauşesku 1968-ci ildə Varşava müqaviləsi ölkələrinin Çexoslavakiyaya qoşun yeridilməsini müdafiə etməkdən imtina etmişdi. 1979-ci ildə Əfqanıstana sovet qoşunlarının yeridilməsini dəstəkləməmişdi, 1984-ci ildə isə SSRİ -nin ABŞ-da, Los-Ancelesdə keçirilən yay Olimpiya Oyunlarını boykot etdiyi bir vaxtda, Rumıniya idmançıları bu oyunda iştirak ediblər. Ölkəni idarə etdiyi ilk illərdə Çauşesku liberal islahatlarla nüfuz qazandı: ölkəyə giriş-çıxış nisbətən sərbəstləşdi, Rumıniya rəhbərliyi vətəndaşların emiqrasiya üçün maneəsini aradan qaldırdı, xarici mətbuat isə ölkədə sərbəst satılırdı. Özünü kommunisti-islahatçı kimi tanıdan Çauşesku ilə qərb ölkələri fəal əməkdaşlıq edirdi, ona çoxmilyonlu kreditlər ayrılırdı. Bunun sayəsində ölkə iqtisadiyyatı tarixində görünməmiş yüksəliş etdi: 1974-ci ildə sənaye istehsalının həcmi 1944-ci ilin göstəricilərini üstələyərək, 100 dəfə artdı. Çauşesku ilə ölkənin sənayesi fəal inkişaf etməyə başladı, eləcə də o, ölkəsinin gələcəyini aqrar sektorun inkişafında görürdü.

Borc içərisində boğulan tərs prezident

Lakin tezliklə problemlər başlayır. Rumıniyanı sənaye mallarının təkrar istehsalı böhranı bürüyür, bu sənaye mallarına qərb bazarlarında tələb azalır, artıq bu mallar digərləri ilə rəqabət qabiliyyətini belə itirir. O dövrdə sosialist liderlərindən ilk olaraq Çauşesku milyardlarla qərb kreditinin rahatlığını, eləcə də ilk olaraq onların boğucu təsirini hiss etdi. Borc - köləlik perspektivi ilə barışmaq istəməyən rəhbər, 1983-ci ildə referendum vasitəsilə gələcək xarici kreditlərin qadağasına nail ola bildi. Qərb bütün borclarının silinməsi müqabilində ona bir sıra şərtlər irəli sürdü: SSRİ ilə əməkdaşlığın dayandırılması və Varşava müqaviləsindən çıxmaq.

Çauşesku bu təklifə qəti imtina etdi. Səbəb isə, kommunist ideologiyasına sədaqət deyildi. O, SSRİ-nin müəyyən asılılığından azad olmaqla, Qərbin mütləq əsarətinə düşəcəyini anlayırdı. Çauşeskuni isə sosialist düşərgəsindəki xüsusiləşdirilmiş vəziyyət tamamilə qane edirdi. Borcların ödənilməsini təmin etmək üçün ölkədə sərt qənaət tədbirləri həyata keçirilməyə başlandı: ərzaqa və benzinə talon sistemi tətbiq edildi, elektrik istifadəsinə məhdudiyyət saatları qoyuldu. Rumıniyalıların həyat səviyyəsi, onunla birlikdə isə Çauşeskunun populyarlığı da düşməyə başladı.

Bu ərəfədə əvvəlki Çauşeskunun siyasi həyatında liberal azadlıqdan çox az şey qalmışdı. Ölkədə sərt avtoritar sistem mövcud idi, Çauşeskunun şəxsiyyət kultu artıq formalaşırdı. Aparıcı dövlət vəzifələrini onun yaxınları tutur, bəzən isə bunlar sadəcə, onun ailə üzvləri olurdu. Cəmiyyətdə narazılığın təzahürünü təhlükəsizlik polisi "Sekuritate" kəsirdi. Belə diktator rejimi ilə Çauşesku sürətlə siyasi karyerasının sonuna doğru gedirdi, lakin necə olsa da, 1989-cu ilin aprelində istəyinə nail olaraq, xarici borcları ilə hesablaşdı. Əvəzində isə ölkə iqtisadiyyatında vəziyyət ağır olaraq qalırdı.

"Hətta Dunay çayı tərsinə axa bilər, amma Rumıniyada yenidənqurma heç vaxt keçirilə bilməz"

Ən pisi o idi ki, Çauşeskunun xarici siyasətində bir dayağı yox idi. Qərb borcun ödənilməsi məsələsində prinsipiallığına və onun təkifindən imtina etdiyinə görə onu heç cür bağışlamırdı. Müttəfiqi olan Sovet İttifaqında isə yenidənqurma vüsət almışdı. Mixail Qorbaçov Rumıniya rəhbərinə eyni yolla getməyi təkidlə məsləhət görürdü. Lakin Çauşeskuya bu yol ilham vermirdi. 1968-ci ildə Brejnevin qəzəbindən çəkinməyən siyasətçi, 1979-ci ildə də Qorbaçovun narazılığından qorxmadı. Bu haqda Çauşevskunun məşhur bir ifadəsi də o illərdə mətbuatda populyar idi. 1989-ci ilin avqustunda Nikolae Çauşesku Rumıniyanın faşizmdən azad edilməsinin 45-ci ildönümü şənliklərində deyib: "Hətta Dunay çayı tərsinə axa bilər, amma Rumıniyada yenidənqurma heç vaxt keçirilə bilməz ". Qorbaçov ilə Çauşeskunun sonuncu görüşü 6 dekabr 1989-ci ildə Moskvada keçirilib. Rumıniya nümayəndə heyəti üzvlərinin sözlərinə görə, sovet lideri onun düz üzünə deyib ki, islahatlardan imtinanın nəticələri onun üçün agır olacaq... Bu dövrdə Çauşesku Qərb və Qorbacov üçün, eləcə də öz ölkəsinin müxalifəti üçün boğazda ilişib qalan sümüyə çevrilmişdi. Sovet mətbuatında onu "stalinçi " adlandırırdılar, Qərbdə isə bir zamanlar "Rumıniyadan olan yaxşı oğlan" haqda məqalələri unudaraq, "rumın diktatorunun dəhşətli cinayətlərindən" yazırdılar. Nikolae Çauşesku bütün dünyada təklənmişdi. Bu zaman o, ölkədəki vəziyyəti, hələ ki, nəzarət altında saxlaya bilirdi.

Müasir dünyanın "rəngli inqilab" ssenarisi

1989-ci il dekabrın 16-da Timişoara şəhərində iğtişaşlar başlayır, buna səbəb milliyətcə macar olan dissident Laslo Tökeşun öz vəzifəsindən və evindən çıxarılması olur. O, macar əhalisinin "tam etnik muxtariyyəti" uğrunda çıxış edən separatçı hərəkatın rəhbərlərindən biri, antikommunist idi. Separatçı şüarlar tez bir zamanda antikommunist çağırışları ilə əvəz edilir və yerli dövlət orqanların istefası tələbilə mitinqlər başlayır. Qeyd etmək lazımdır ki, iğtişaşlarda həyat səviyyəsinin aşağı düşməsindən narazı olan sadə vətəndaşlar da iştirak edirdilər. Etirazların sərt şəkildə qarşısının alınması bütün ölkədə hiddət doğurdu. Dekabrın 16-dən 17-na keçən gecə iğtişaşlar silah gücünə susduruldu. Bu günə qədər Timişoarada toqquşmaların qurbanlarının dəqiq sayı məlum deyil. O dövrdə az-çox obyektiv olan məlumatlar bu rəqəmin bir neçə onluq civarında olduğunu deyirdilər. Lakin ölkədə şayiələr gəzirdi ki, şəhərdə bir neçə yüz və hətta bir neçə min adam öldürülüb. Tədricən isə bu rəqəm şayiələr əsasında 60 minə çatdı.. Çox sonradan məlum olub ki, Rumıniyada inqilab qurbanlarının, təkcə Timişoara şəhərində deyil, bütün ölkədə iğtişaşlar başlayan vaxtdan ümumi sayı hər iki tərəfdən 1100-ə yaxın cəsəd və 1400 yaralı təşkil edib. Belə nəticə çıxarmaq olar ki, "60 min ölü" haqqında şayiələr yalnız cəmiyyətdə qəzəb və ehtirasların alovlanması üçün hansısa qüvvələrə lazım imiş...

Timişoara şəhərində vəziyyəti tam sakitləşdirmək mümkün olmur. Dekabrın 20-də Çauşesku milli televiziya ilə çıxış edir. Rumıniya lideri bildirir ki, toqquşmalar "bir qrup xuliqanlar tərəfindən idarə olunan insidentlər seriyası olub, onlar Timişoarada qanuni məhkəmə qərarına müqavimət göstərmək istəyiblər, bu iğtişaşları digər ölkələrin xüsusi xidmət orqanları ölkəmizin müstəqilliyini, bütövlüyünü və suverenliyini pozmağa cəhd edərək dəstəkləyirlər. Onlar sosialist sistemini ləğv edərək, Rumıniyanı yadellilər tərəfindən idarə olunduğu zamanlara qaytarmaq istəyirlər" . Bu çıxışında Çauşesku, müasir dünyada "rəngli inqilab" adlı məşhur ssenarini təsvir edib , elə deyilmi?.. Əlbəttə, bu zaman iğtişaşlarda ekstremistlərlə yanaşı , həm də ağır iqtisadi vəziyyətdən əziyyət çəkən sadə vətəndaşların iştirakı faktını da inkar etmək olmaz, onların iştirakı isə belə hallarda həmişə olub və onlardan maraqlı qüvvələr öz məqsədləri üçün həmişə istifadə ediblər. Çauşesku o dövr üçün kifayət qədər ənənəvi şəkildə hərəkət edir. 1989-ci il dekabrın 21-də Buxarestdə prezident tərəfdarlarının 100 minlik mitinqi təşkil edilir. Bu zaman ora insanları məcburi şəkildə yığmışdılar. Ona görə də, kütlənin içərisinə daxil olan müxalifət tərəfdarları tezliklə insanlar arasında qarışıqlıq və çaxnaşma yaratmağa nail oldular. Onlar fişəng partlayışları ilə prezident sarayının eyvanından çıxış edən Çauşeskunun nitqini yarımçıq saxlayıb, eyvanı tərk etməyə məcbur etdilər. Yeri gəlmişkən, müxalifət tərəfdarlarının kütlə arasındakı "fəaliyyəti" uydurma deyildi. Bunu prezidentin devrilməsindən sonra hakimiyyətə gəlmiş Xalq Qurtuluş Partiyasının lideri Kazimir İonesku etiraf etmişdi...

Qaçış...

Nikolae Çauşesku özünü itirir. O, xalqın qarşısında çıxış etdiyini sanki unudaraq, geri çəkilir. Onun prezident sarayının eyvanından gedişi məğlubiyyətə bərabər idi. Bir neçə saatdan sonra Buxarestdə hərc-mərclik hökm sürməyə başlayır. Atəş səsləri eşidilir, özü də kimin kimə atəş açdığı da məlum deyildi. Dekabrın 22-də səhər saatlarında Rumıniyanın müdafiə naziri Vasile Milinin ölümü haqda xəbər verilir. Buna sübut olmasa da, müxalifətçilər bildirirlər ki, nazir xalqa atəş açmaqdan imtina etdiyinə görə öldürülüb. Bundan sonra müxalifət televiziya mərkəzini ələ keçirir və Çauşesku rejiminin çökməsini elan edir.

Bu arada söhbət gəzir ki, Çauşesku artıq Baxarestdə yoxdur- o, arvadı ilə birlikdə helikopterlə qaçıb. Lakin tezliklə onların yeri müəyyən olunur, maşınla sərhəddi keçmək istəyən Çauşevsku və o dövrkü hakimiyyətdə əhəmiyyətli fiqur olan arvadı Yelena saxlanılır. İki sutka Nikolae və Yelena Çauşeskuları Tarqovişt qarnizonunun hərbi həbsxanasında saxlayırlar. Sonra isə elə oradaca, hərbi tribunal Çauşesku cütlüyü üzərində məhkəmə təşkil edir. Bu zaman vəziyyətin maraqlı bir nüansını qeyd edək: Tribunalın əsas təşəbbüskarı o zaman bu vəzifəyə yeni təyin olunmuş müdafiə naziri Stenkulesku olub. O, Rumıniyada inqilab başlayan zamanlarda, Timişoara şəhərində ixtişaşları amansızcasına susduranlara başçılıq edib. 2008-ci ildə Stenkulesku buna görə məhkəmə qarşısında duracaq... Hələliksə, 1989-ci il dekabrın 25-də nazir, devrilmiş prezidentin cəzalandırılmasına tələsirdi. Nikolae və Yelena Çauşesku milli iqtisadiyyatın dağıdılması, xalqın və dövlətin əleyhinə silahdan istifadəyə görə, dövlət təsisatlarının dağıdılması və soyqırıma görə ittiham edilirdi. Məhkəmə prosesi cəmi 2 saat çəkir. Çauşesku, prosesin nə ilə nəticələnəcəyini sanki hiss etmişdi. O, müstəntiqin suallarını cavablandırmaq əvəzinə öz həyatının yekununlarından danışırdı. O, deyirdi ki, rumıniyalıları uzun illər ərzində yedirib, onları evlə və işlə təmin edib, Rumıniyanı bütün dünyanın qibtə mövzusu olan bir ölkəyə çevirib. Bu sözlərlə çətin ki, Çauşesku özünü müdafiə edirdi. O, öz hakimiyyət illərinin bəhrəsini məhz belə görürdü. Çauşeskunun nədə haqlı, nədə günahkar olmasını iki saatlıq proses müəyyən edə bilməzdi. Bəlkə də məhkəmənin heç belə fikri də olmayıb. Formal "mərasim" - tribunal Nikolae və Yelena Çauşeskuları ittihamın bütün bəndləri üzrə günahkar bilərək, ölüm cəzasına məhkum etdi. Onlara məxsus bütün əmlak da məhkəmənin qərarı ilə müsadirə edilir. 25 dekabr saat dörddə Nikolae və Yelena Çauşesku kazarmadan həyətə çıxarılaraq, güllələnir. Üç gündən sonra devrilmiş prezident və onun xanımının güllələnməsi Rumıniya televiziyası ilə nümayiş etdirilir.

Həyatının sonunda bir çoxlarına mane olan siyasətçi artıq yoxdur. Zaman keçdikcə 1989-ci il dekabr hadisələrini, Rumıniyada xalq üsyanı deyil, daha çox rejimin aradan qaldırılması və yararsız liderin fiziki məhvi üçün yaxşı düşünülmüş mütəşəkkil əməliyyat adlandrırlar. Nikolae və Yelena Çauşeskunun ünvanına səsləndirilmiş ittihamların biri də, guya onların xarici banklarda məxfi hesablarının mövcud olması idi. Məbləğ isə 400 milyondan 1 milyard dollara qədər müxtəlif mənbələrdə müxtəlif cür hallanırdı. Rumıniya parlamentinin xüsusi komissiyasının başçısı Sabin Kutas 20 il axtarışdan sonra bildirir: "Bu haqda məlumatlar səhih surətdə öyrənilib, şahidlər dindirilib. Bu şahidlər arasında mərkəzi bankın idarə heyətinin sədri, eləcə də digər bankirlər və jurnalistlər vardır. Komissiya qərara gəlib ki, Nikolae Çauşeskunun xaricdə bank hesabları olmayıb və o, dövlət vəsaitlərini xaricə heç vaxt keçirməyib ".

Ölümündən sonra da xalqının büdcəsinə gəlir gətirən lider Nikolae və Yelena Çauşeskunun üç övladları vardı. Böyük oğlu (oğulluğu) Valentin siyasətlə maraqlanmayan bir adam idi. O, İngiltərədə ali təhsil almışdı, fizika sahəsində mütəxəssis idi. "Styaua" (Buxarest) futbol klubunun azarkeşi idi. Deyilənlərə görə Valentin Avropa kuboklarında qələbə uğurlarına görə idmançılara 200 dollardan başlayaraq, maşınacan bahalı mükafatlar təqdim edirdi. İnqilab günlərində həbs olunaraq, "milli iqtisadiyyatın dağıdılmasında" şübhəli bilinərək, 8 ay müddətinə həbs olundu. Yaxın illərədək xaricdə yaşadığı və keçmişlə bağlı heç kimə müsahibə vermədiyi məlumdur. Onun bacısı Zoya, atasının zamanında riyaziyyatla, sonralar isə bizneslə məşğul olub. Əri ilə birlikdə, o da vətəndən kənarda yaşamağa üstünlük verib. Qardaşı kimi, Zoya da israfçılıq ittihamı ilə 8 ay həbsxanada yatıb. O, 8 milyon dolları qanunsuz istifadə etməsinə görə ittiham olunub. Ola bilsin ki, məbləğ bir qədər şişirdilir, hər halda 1981-ci ilin dekabrında axtarış zamanı onun evindən 97 min dollar nağd pul tapılır. İlk inqilabdan sonrakı illərdə Zoya Çauşeskunun həyatı Rumıniya qəzetlərinin ən sevimli mövzularından biri idi. Onu narkomaniyada, sərxoşluqda və zinət əşyaları ilə şübhəli əməliyyatlarda günahlandırırdılar.

Amma övladlarından ən maraqlısı kiçik oğlu Niku olub. O, atasının yolu ilə gedərək, Sibiu şəhərində yerli partiya komitəsinin sədri və Rumıniya KP MK-nın üzvünə qədər yüksəlmişdi. Partiya işlərindən əlavə Niku, Las-Veqasda kazino oyunlarına çox aludə olub. Lakin bu oyunlarda o, adətən çox vaxt yüksək məbləğdə uduzurdu. Bu səbəbdən atası hətta Rumıniyada bric oyunu qadağan etmişdi, lakin Las-Veqasa təsir göstərmək iqtidarında deyildi... Çauşeskunun kiçik oğlu həm də spirtli içki aludəçisi idi. Onu mühakimə edərkən, Niku özünü təmizə çıxarmağa çalışaraq, Sibiu şəhərində nümayişçilərə atəş əmri verdiyini sərxoş olduğundan xatırlamadığını deyib.

O, soyqırım və qanunsuz silah saxladığına görə azadlıqdan 20 il müddətinə məhrum olunur. Üç ildən sonra səhhəti ilə əlaqədar azadlığa buraxılır. Azadlığa çıxdıqdan sonra qaraciyər serrozu diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Qaraciyərin transplantasiyasını həyata keçirməyə isə dostları 40 min dollar avans ödəsələr də, onu xilas etmək mümkün olmur. Xəstəlik çox irəlilədiyindən, Niku xəstəxana çarpayısında dünyasını dəyişir. Onu indiki zamanın biznes-elit təbəqəsini təşkil edən dostları Buxarest qəbiristanlığında valideynlərinin yanında dəfn edirlər.

1999-cu ildə Buxarest şəhərinin mərkəzində ölümündən bir qədər əvvəl Çauşeskunun partiya konfransında nitq söylədiyi zalda ona məxsus əşyalar hərraca çıxarılıb. Hərraca çıxarılan əşyalar arasında ov və balıqçılıq ləvazimatları, xalçalar, büllur vazlar, əl işi olan şahmat taxtası, saatlar və hətta geyinilməmiş corablar da vardı. Bu auksion vasitəsilə, artıq həyatda olmayan Çauşesku ümumilikdə Rumıniya üçün 1999-ci ildə 1 milyon dollardan çox gəlir gətirir. Qeyd edək ki, o illərdə Rumıniyada orta əmək haqqı 100 dollardan çox deyildi. Özünün dediyi kimi, sağlığında rumınları "yedirdən" diktator kommunist , həyatdan getdikdən sonra da bu missiyanı "davam etdirib". Son illərin sorğularına görə 22 faiz rumıniyalı, mərhum diktatoru XX əsrin ən böyük rumını hesab edir...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.