Turistlərin qaçqınlara hədiyyə etdiyi maşınların acı taleyi - FOTO, VİDEO

9-04-2015, 13:10           
Turistlərin qaçqınlara hədiyyə etdiyi maşınların acı taleyi - FOTO, VİDEO
Bakıda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsinin üstündən 3 ildən çox zaman keçir. Yarışma ərəfəsində ralli yarışlarının iştirakçıları qaçqınlara vermək üçün ölkmizə 240 maşın gətirmişdilər. Müsabiqə bitdikdən sonra xarici idmançılar bu yarış avtomobillərini Bakıya qoyub vətənlərinə təyyarə ilə qayıtdılar. Bu hadisənin üstündən nə az nə çox 3 il vaxt keçir. Həmin maşınlar isə Binəqədi rayonunun ərazisində onlar üçün ayrılmış "dayancaqda" saxlanılır.

Ölkə.az-ın çəkiliş qrupu olaraq bu avtomobillərin taleyi ilə maraqlanaraq həmin yerə gəldik. Xatırladırıq ki, bu avtomobilləri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovun ixtiyarına vermişdilər ki, onları qaçqınlar arasında paylaşdırsın. Bayram Səfərov yarışdan sonra maşınların qaçqınlara paylanacağını deməsinə baxmayaraq bu maşınlar Günəşin və yağışın altında çürüməyə məhkum ediliblər.

Turistlərin qaçqınlara hədiyyə etdiyi maşınların acı taleyi

Təxminən 1 il bundan əvvəl isə Bayram Səfərov bu avtmobillərin 60-70-80-ci illərin istehsalı olmasını bildirərək təmirinin çətinlik yaratdığından avtomobillərin kiməsə hədiyyə edilməsini məqsədəuyğun hesab etmədiyini bildirmişdi. Bayram Səfərovun sözlərindən belə çıxır ki, guya Azərbaycanda hamı son marka maşınlar sürür. İndi isə belə çıxır ki, bu xaricilərin azərbaycanlı qaçqınlara hədiyyə etdikləri, Almaniyadan Azərbaycana qədər məsafəni qət etmiş maşınlar istifadəyə yararsızdır və ancaq "metalloma" verilmək üçün yararlıdırlar.

Bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov dedi, millət də onun dediklərini "yedi"...
[media=https://www.youtube.com/watch?v=HYkloeAeQpo]
Sual olunur, əgər bu maşınlar metallomluqdursa nəyi və niyə gözləyir? Bayram Səfərovun dili ilə desək "istifadəyə yararsız" maşınları qorumaq üçün niyə gözətçi tutulub bu "dayanacağa"?

Nə isə... Yollanırıq maşınların Binəqədi rayon ərazisində saxlanıldığı dayancağa. Dayanacağın dörd tərəfi hasara alınıb, qapısına da bir neçə böyük qıfıl vurulub. Gözətçi yaşlı kişi bizi dayanacağın qabağında qarşılayır:

- Kimsiniz ay bala? Nəyə gəlmisiz?

- Ay dayı, maşınlara baxmağa gəlmişik, deyirlər burdakı maşınların ehtiyat hissələrini satırlar.

- Ay bala, yalandır. İstəyirsən lap maşınları yığ apar, mənə nə, amma Bayram Səfərovdan icazə al.

"Qaçqın maşınlar"

Uzaqdan maşınların saxlandığı dayanacağa baxırıq. Dayanacağı ot-ələf basıb. Əksəriyyətinin rezin şini havasını buraxıb və hamısı da çirkin pasın içindədir.

İlk baxışdan maşınların köhnə olduğu nəzərə çarpsa da, bu onların yararsız olduğu anlamına gəlmir. Məlumata görə, maşınların orda qalmasının əsas səbəblərindən biri də gömrükdən keçməmələri, rüsuma tabe tutulmamaları və texniki pasportlarının olmamasıdır. Belə çıxır ki, adamlar oradan-bura 240 maşın hədiyyə gətiriblər hələ bir üstəlik gömrükdən keçirib rüsum da ödəməli imişlər. Gətirilən maşınların gömrük rüsumunun həcmi isə 4-5 min manat arasındadır.

Görəsən həqiqətən də qaçqınlara verilmək üçün gətirilmiş bu 240 maşının göz önündə çürüməsinin əsl səbəbkarı kimdir? Axı bunlar hər biri bir ailənin çörək ağacı ola, həmin ailənin yükünün dövlətin çiynindən götürülməsinə səbəb ola bilərdi...

İndi isə qarşıdan paytaxtımızda keçiriləcək və Azərbaycanımızın imici üçün, tanıdılması üçün çox vacib 1-ci Avropa oyunları gəlir.

Avropalılardır, nə desək gözləmək olar. Ola bilər ki, yenə qaçqınlara hədiyyə etmək üçün maşın-filan gətirsinlər. Onda onlara əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, o maşınları kiməsə hədiyyə edəndə mütləq gömrükdən də keçirib rüsum ödəsinlər, yoxsa bunlar kimi o gətirdikləri də hansısa dayanacaqda çürüməyə tərk ediləcəklər və onların bu xoşniyyətli addımından heç kəs yararlana bilməyəcək.

Mövzuya yenidən qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.