Nəhənglərin savaşı: Yaxın Şərqin xəritəsi dəyişir
10-04-2015, 10:04
Son günlər Yaxın Şərq və Qafqaz istiqamətində siyasi, iqtisadi və hərbi münasibətlər qızışmaq üzrədir. Həm İranın nüvə məsələsilə bağlı ilkin razılıq, həm də Yəmən konfliktinin böyüməsi bölgədəki müəyyən mövqelərin dəyişməsinə şərait yaratdı. Hazırkı zamanda region üçün yaranmış kritik situasiyanın səbəblərini müzakirə etmək üçün rusiyalı politoloq Qriqori Trofimçuka müraciət etdik.
Qafqaz savaşı
- İran üzərindən artıq sanksiyalar götürülür. Üstəlik, Türkiyə NATO üzvüdür və şərqə genişlənmək istəyir. Belə çıxır ki, bölgədə Rusiyaya qarşı üç rəqib peyda olub...
- Türkiyə və İran hazırda Rusiyanın bölgədəki rəqibləri yox, daha çox onun tərəfdaşlarıdır. Əlbəttə, əgər onlarda təsadüfən hansısa hadisə baş verməsə, onda hər şey olduğu kimi qalacaq. Yəni Türkiyəni Ərdoğan, İranı isə faktiki olar ayətullah Xameneyi idarə etdiyi müddət ərzində Qafqaz məsələsində hər şey olduğu kimi qorunub saxlanılacaq. Təbii ki, Qərbə Qafqazda Rusiyaya rəqib olacaq dövlətlər lazımdır. Hazırkı məqamda yalnız Gürcüstan NATO və ABŞ-ın regiondakı əsas ümidləridir.
- Amma belə bir şəraitdə Qarabağda savaş qızışır. Rusiya bölgəyə nəzarətini itirirmi?
- Rusiya heç bir halda Qarabağda müharibəni başlatmayacaq. Əgər başlatsa, nəinki cənubi, hətta bütün Qafqazı avtomatik olaraq sarsıdacaq. Rusiyaya həmçinin hazırda Qarabağ cəbhəsində baş verənlər də sərfəli deyil. Belə ki bu, Azərbaycan və Ermənistan arasında mövcud olan uzun, soyuq atəşkəsi pozur. Mən bir neçə il öncə demişdim ki, əgər Qarabağ problemi üzrə danışıqlarda inkişaf olmasa, müharibə əvvəl-axır başlayacaq. Bu qaçılmazdır. İndi onu çox ciddi şəkildə Ukraynadakı müharibə də qızışdırır. Bu anda əgər hazırkı qarşıdurmalar bundan sonrakı müddətdə də qızışsa, Rusiyanı da Qarabağ zonasındakı müharibəyə cəlb etməyə çalışacaqlar.
Birinci Avrasiya Müharibəsi başlayıb
- Jirinovski bir müddət öncə verdiyi müsahibəsində Qarabağa rus ordularının yeridilməsini söylədi. Amma baxın Rusiya hazırda demək olar ki, hamıya qarşı vuruşur və demək olar ki, dünyada xaos hökm sürür. Əgər Jirinovskinin dedikləri reallaşsa, Moskvaya təzyiq hansı formada reallaşa bilər?
- Jirinovski Rusiyanın Yeltsin dövrünə aiddir və buna görə də onun söylədiklərinin hamısına bu baxımdan nəzər yetirmək lazımdır. Rusiya və ruslar yumşaq şəkildə desək, Yeltsin və onu əhatə edən hər kəsə çox böyük şübhə ilə yanaşırlar. Əgər Jirinovski harasa, hansısa qüvvəni yeritmək istəyirsə, onda qoy o özü şəxsən partiyası ilə birgə müharibəyə getsin. Qalanlarına isə onun toxunmağına gərək yoxdur. Bilirsiniz, Üçüncü Dünya Müharibəsi çoxdan başlayıb, lakin onu biz “Üçüncü Dünya” adlandırmayacağıq. Bu, birinci Avrasiya Müharibəsi olacaq. Burada isə savaş Sovet dövründən qalmış sərhədlər və Avrasiya materikindəki SSRİ-nin təsir zonaları üstündə olacaq.
Enerji savaşı: Qalib kim olacaq?
- O zaman bunu enerji savaşı da adlandıra bilərik. Bu savaşda kim qalib olacaq?
- Əgər ABŞ-da qeyri-adi heç nə baş verməsə, o zaman onlar - Vaşinqton və müttəfiqləri bu enerji savaşından qalib çıxacaqlar. Əgər ABŞ-a qarşı olan ölkələr bunların baş verməsini istəmirlərsə, o zaman indidən anti-Amerika blokuna girməlidirlər. Amma belə blok yoxdur və olmayacaq. Çünki hər kəs başlayan qlobal qarşıdurmada öz mənfəətini güdür. Bu cür fikir ayrılığı Vaşinqtonun maraqlarına xidmət edir. Həm də unutmaq lazım deyil ki, ABŞ vahid qlobal moderator rolunu oynamağa başlayır.
- Cənab Trofimçuk, siz Amerika və müttəfiqləri dediniz. Amma bir məsələ də var ki, Vaşinqton özünün Yaxın Şərqdəki əsas müttəfiqi olan İsraillə münasibətlərini pisləşdirir.
- Amerika heç bir zaman İsraildən küsməyəcək. Amerika-İsrail münasibətlərində yalnız texniki məsələlər meydana çıxa bilər. Belə məsələlər sırasına biz “İsrailə kim və hansı dövrdə rəhbərlik edəcək?” suallarını aid edə bilərik. Məsələni bir az da dəqiqləşdirək. Yəqin burada məsələ bir az tərsinədir. Belə ki, hazırda ABŞ-ı İsrail özü idarə edir. Bu ölkədəki xüsusilə aparıcı klanlar onlara aiddir. Beləliklə, İsraillə savaş Amerikanın özünə də sərfəli deyil.
Yəmən böhranı: iki mühüm səbəb
- Amma Amerikanın digər müttəfiqi də Türkiyədir. Buradakı son hadisələr də kifayət qədər maraqlıdır.
- Türkiyədəki son hadisələr yalnız ölkəni daxildən sarsıtmağa yönəlib. Onların arxasında 2013-cü ildə ekoloqları küçələrə çıxaran qüvvələr dayanıb. Sözsüz ki, bunlar nə kürdlər, nə də ki Ankaranın digər ənənəvi düşmənləridir. Bu cür razılaşdırılmış addımlar yalnız dünyanın əsas güc mərkəzlərinin ixtiyarındadır. Son illər Qərb Türkiyəni az da olsa nəzarət altında saxlayır. Belə ki, Ankaranın Yaxın Şərq müharibəsindəki, Türkiyə-Rusiya layihələrindəki, Qafqazda özünün aktiv oyununu oynamaq istəməsi ilə bağlı mövqeləri Vaşinqtona sərf etmir.
- Müsahibə boyunca adı çəkilən bütün güclərin hamısının Yaxın Şərqdə marağı olduğunu görərik. Amma hazırda bu bölgədə vəziyyət bir neçə il bundan öncəkindən daha pis hala gəlib. Bunlar Yaxın Şərq xəritəsinin dəyişilməsi ilə bağlı bir siqnal ola bilərmi?
- Yəməndəki savaş Yaxın Şərqin xəritəsini daha çox dəyişir. Dünyanın bu hissəsində hər kəsin hər kəsə qarşı savaşı güclənir. Yaxın Şərqin xəritəsi artıq faktiki olaraq dəyişib. Belə ki artıq keçmiş Suriya, İraq yoxdur. Həmçinin bu bölgədə bir çox keçmiş dövlətlərin sərhədləri silinir və İŞİD tipində yeni dövlətlər yaranır ki, onlar da haranı göstərsələr, ora gedirlər. Yəmən savaşı ABŞ-ın İrana təzyiq etməsi üçün yaxşı vasitəyə çevrilir. Onlar hansısa nüvə proqramı ilə bağlı danışıqlara baxmayaraq, hələ də İranı Yaxın Şərqdə radikalizmin alovlanmasında günahlandırırlar. Yaxın Şərq alovunun yalnız iki məqsədi var. Bunlardan birincisi, bölgədə yaranmış xaosun mümkün qədər Türkiyə, Qara dəniz regionu və Qafqaza keçirilməsini təmin etmək, ikincisi isə ABŞ-ın əlində dünya enerji ehtiyatlarının toplanması üçün maksimum şərait yaratmaqdır.
axar.az