Uşaqlarda qulaq ağrısı meningitə səbəb ola bilər - Rusiyalı həkimdən xəbərdarlıq
Bu gün, 17:50

Uşaqlarda qulaq ağrısı ciddi fəsadların göstəricisi ola bilər və bəzən təcili hospitalizasiya tələb edir.
Gazeta.ru-nun verdiyi məlumata görə, bu barədə rusiyalı uşaq otolarinqoloqu Əlihüseyn Əliyev məlumat verib.
Onun sözlərinə görə, ən çox rast gəlinən səbəb otitdir.
"Xüsusilə xarici otit zamanı qulaqda güclü ağrı, şişkinlik, qızartı, çeynəmə və danışarkən ağrı müşahidə olunarsa, bu, təcili tibbi yardım üçün əsas sayılır", - deyə o xəbərdarlıq edib.
Həkim bildirib ki, belə vəziyyətdə evdə müalicə təsirsiz olur, çünki ödem səbəbindən dərman damcıları qulaq yoluna çatmır:
"Müalicə olunmadıqda, iltihab orta qulağa keçə və ağırlaşmalara gətirib çıxara bilər".
Mütəxəssis qeyd edib ki, irinli kəskin orta otit xüsusilə təhlükəlidir. Qulaqdan irin axması, yüksək hərarət (38 dərəcədən yuxarı) və güclü ağrı bu halın əsas əlamətləridir. Bu zaman dərhal hospitalizasiya tələb olunur.
"İltihabın beyinə yayılması meninqit kimi həyati təhlükəli nəticələr doğura bilər. Ona görə də valideynlər ilk simptomlardan etibarən uşağı qulaq-burun-boğaz həkiminə göstərməli, vəziyyət pisləşərsə, təcili yardım çağıraraq hospitalizasiya tələb etməlidirlər", - deyə həkim vurğulayıb.