Lilin ikiyə böldüyü Lazada vəziyyət necədir? - Şöbə müdiri danışdı
Bu gün, 17:47

Xəbər verdiyimiz kimi, Qusar rayonunda yağan leysan yağışları ucqar Laza kəndində palçıqlı selə səbəb olub.
Nəticədə kənd daxilində hərəkət ciddi şəkildə çətinləşib, əhali üçün gündəlik həyat daha da ağırlaşıb. Leysan nəticəsində "Qızılqaya" dağ massivindən başlayan və kəndin mərkəzindən axan Laza çayı məcrasından çıxıb. Sel suları çayın ətraf ərazilərinə yayılaraq yolları bağlayıb və nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Lazanı iki hissəyə ayıran çayın daşması nəticəsində kəndin bir tərəfindən digər tərəfinə piyada keçid demək olar ki, mümkünsüz hala gəlib. Palçıqlı selin yaratdığı fəsadlar kənddə həyat şəraitini çətinləşdirib və sakinləri narahat edib. Palçıqlı suyun bəzi evlərə dolduğu bildirilir.
Kənddə hazırda vəziyyət necədir? Evinə palçıqlı su dolan sakinlər hara yerləşdirilib?
“Cebheinfo.az” – a açıqlama verən Qusar RİHB aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Eldar Hacıbalayev bildirib ki, hazırda əraziyə dolan lilin təmizlənməsi işləri aparılır:
“Hazırda kənddə vəziyyət normaldır. Dünəndən etibarən sel axını dayanıb, hazırda əraziyə dolan lilin təmizlənməsi işləri aparılır. Rayon İcra Hakimiyyəti tərəfindən əraziyə texnika cəlb olunub və işlər davam etdirilir. Bu baxımdan, hər hansı ciddi problem yoxdur”.
Evlərə palçıqlı suyun dolması ilə bağlı onu həmsöhəbtimiz qeyd edib ki, bəzi evlərin yalnız həyətyanı sahələrinə su daxil olub, lakin evlərin içərisinə su keçməyib:
“Həmin ərazidə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə olunaraq yaxınlarının və qohumlarının evlərinə yerləşdiriliblər. Hazırda ərazidə palçığın təmizlənməsi istiqamətində işlər davam etdirilir”.