“Keyfiyyətli təhsil” anlayışına anlaşılmaz yanaşma - Və ya təhsilin keyfiyyətınin ölçüyə gəlməyən meyarları

10-04-2015, 10:48           
“Keyfiyyətli təhsil” anlayışına anlaşılmaz yanaşma - Və ya təhsilin keyfiyyətınin ölçüyə gəlməyən meyarları
Məlumdur ki, dövlətin, cəmiyyətin, və təhsilalanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir və təhsil sahəsində aparılan bütün islhatların məqsədi, məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarət olub .Əbəs yerə deyil ki, pedaqoi ədəbiyyatda təhsilin keyfiyyəti “cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterza olunur. Bu mənada, təhsilin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə Təhsil Nazirliyində “Monitorinq və qiymətləndirmə” şöbəsi yaradılmış, bir müddət sonra, “Təhsilin statististikası və keyfiyyəti” şöbəsilə əvəzlənmiş, hətta Təhsil haqqında Qanuna “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” baradə ayrıca maddə salınmışdır.

Hələ, müstəqilliyimizin ilk illərində qəbul olunan təhsil sahəsində ilk “İslahat Proqramı”na islahatın əsas məqsədlərindən biri kimi “ bütün qurumların fəaliyyətini təhsil alanların mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradilması” barədə müddəa daxil ediləndə, bir çoxlarında təhsilimizin gələcəyinə tam güvən olmasa da, müəyyən bir təsəlli hissi yaranmışdı. Bir-birinin ardınca irəli sürülən “pedaqoji təfəkkürün formalaşdırılması”, “funksional rejimdən innovasiya prosesinə keçilməsi”, “təhsil sistemində müasir yanaşmaların təşəkkülü”, hətta “təhsilin istehsal sahəsi deyil, xidmət kimi qəbul edilməsi” və s.bu kimi cəlbedici və ümidverici ideyalar, vəd edilən müxtəlif zəmın və dəyərlər, prinsip və metodlar belə gəlişi xoş sözlər olmaqla, təhsilin formaca “milli”, məzmunca “sosialist” təəssüratı yaratmaqdan savayı başaqa işə yaramadı.

Nəhayət, son olaraq Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası “təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyini” önə çəkib. Bu məqsədlə təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəflər əhatə edilib.
Bir vaxtlar kommunizm cəmiyyəti quruculuğu yollarında “sosializmin tam qələbəsi”, sonra “qəti qələbəsi”, daha sonra “inkişaf etmiş sosializm cəmiyyətinin yaradılması” və nəhayət “inkişaf etmiş sosializmın təkmilləşdirilməsi və tədricən kommunizmə keçilməsi” mərhələsini yüksələn xətt üzrə “adladığımız” kimi, indi də bir qədər fərqli şəkildə təhsilin keyfiyyətinin yüksəldilməsi mərhələsindən təhsilin keyfiyyətinin yaxşılaşdırılması mərhələsinə enişli keçid edirik.
Nə dərəcədə uğurlu müqayisə olduğunu deyə bilmərəm, ancaq onu dəqiq bilirəm ki, “yüksəldilməsi” ilə “yaxşılaşdırılması” anlayışları arasında yüksək olmasa da, hər halda eniş mahiyyətli bir fərq var.

Daim təhsilin keyfiyyətinin yüksəldilməsindən deyib danışıdığımız, “Keyfiyyətin tək ünvanı” başlıqlı elan və reklamların ayaq tutub yeridiyi bir zamanda, birdən “Strategiya”da “yüksəldilməsi” yox, “keyfiyyətin yaxşılaşdırılması” ifadəsinin işlədilməsi görəsən nə ilə əlaqədardır? Belə çıxir ki, ya bu iki nisbətən yaxınlıq əlaqəsi olan anlayışların fərqinə varmamışıq, ya da mövcud durumumuz üçün bunu əlçatmaz hesab edib, reallıqla hesablaşmalı olmuşuq. Hər halda, hər iki halda diqqət çəkən məqamdır. Deyəsən, çox dərininə getdik, baxmayaraq ki, təhsilimiz əsasən eninə inkişaf edir.

Ümumiyyətlə keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya göstəricilər hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü?

Qüvvədə olan Təhsil Qanunvericiliyinə əsasən təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə uyğun olaraq müəyyən edilir. Qanunda qeyd edilən müvafiq keyfiyyət göstəriciləri sisteminə isə nə az, nə çox-təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza,infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s. daxildir. Rəsmi Dövlət sənədində abstrakt “və s”. anlayışı nə deməkdir? Yəqin bu, o deməkdir ki, təhsilin keyfiyyətini müəyyənləşdirmək ücün əbəs yerə cəhd göstərib, özünüzü yormayın.

Razılaşaq ki, istənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə edir. Obyektin və ya sistemin halını xarakterizə edən parametrlər standarta nə qədər yaxındırsa, keyfiyyət də bir o qədər yüksək hesab olunur. Onu da nəzərə alaq ki, təhsilin keyfiyyəti də əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara, yəni standartlara nisbəti ilə müəyyənləşdirilir. Təhsil-sistemləşdirilmiş bilik, bacarıq və vərdışlərin mənimsənilməsi prosesi və onun nətəcəsi kimı dəyərləndirildiyindən deməli, keyfiyyətin də məhz nəticələr əsasında qiymətləndirilməsi birmənalıdır.

Bacarıq və vərdişləri bir kənara qoyub, təkcə orta ümumtəhsil məktəbləri məzunlarının bilik səviyyəsinin müqayisəsi-bir ildə 238 qızıl medalçı olduğu halda, müvafiq olaraq cəmi 7 nəfərin qəbul imtahanlarında 700 bal toplaması medalçılar arasında hətta 140 bal toplayanın olması -qiymətləndirmə mexanizmlərində olan boşluqları üzə çıxarır.Üzgörənliyi nəzərə almasaq belə, ya medalçıların medalla rəğbətləndirilməsində obyektiv meyarlar tətbiq olunmayıb, ya da kı, orta məktəblərdə tətbiq olunan ənənəvi 5 ballıq klassik qiymətləndirmə ilə ali məktəblərdə qiymətləndirməyə 700 ballıq yanaşma arasında müəmmalı fərq var.Hər iki halda qiymətləndirmə prosesinin kobud surətdə pazulması halı keyfiyyətın reallığını əks etdirə bilməz. Sonradan medalçıların sayının kəskin şəkildə azadılması çox güman kı, elə bununla əlaqədardır. Əgər bu halda tətbiq olunan meyarlar özünü doğrultmayıbsa, digər halın qiymətləndirilməsi üçün ümumiyyətlə heç bir meyar işlənıb hazirlanmayıb.
2006-cı ildən etibarən ölkəmızdə ümumtəhsilin konsepsiyası kimi qəbul edilən Milli kurikulum tətbiq olunur.Bu sənədə əsasən ənənəvı təhsil proqramlarının bilikyönümlü olmasından fərqli olaraq, müasir kurikulumlar şəxsiyyətyönümlüdür. Müəllimyönümlülük şagirdyönümlülüklə, fənyönümlülük nətıcəyönümlülüklə, təklifyönümlülük tələbyönümlülüklə əvəz olunub və s. Sanki, əvvəllər nə təklıf olub, nə tələb, nə də nəticə. Məsələ bunda deyil.

Adətən, ümumtəhsil məktəbinin fəaliyyəti onun məzunlarının təhsil nailiyyətləri ilə, başqa sözlə neçə şagirdin ali məktəbə daxil olması, neçəsinin yüksək bal toplaması, medal qazanması, müxtəlif olimpiada qalibi olması, təqaüdlə rəğbətləndirilməsi, bir sözlə bilik nümayişı ilə
qiymətləndirilərdi.Yənı meyar qismində sadalanan keyfiyyətlər nəzərə alınırdı. İndi də belədir. Baxmayaraq ki, ümumtəhsil məktəbinin vəzifəsı təkcə təhsil alanların zəruri biliklərə və həyati bacarıqlarla yiyələnməsini təmin etmək deyil, eyni zamanda milli-mənəvı və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir.

Digər xüsusiyyətlərdən yan keçsək belə, müasir dünyagörüşlü şəxsiyyət formalalaşdırmağın, şəxsiyyətyönlü təhsilin nə olduğunu müəyyənlədirmək və nətıcələrimizə qiymət vermək üçün əsasımız olmayacaq, çünkı, bu xüsusiyyətləri dəyərləndirmək üçün əlimizdə ölçüyə gələ bıləcək kriteriyalarmı deyək, meyarlarmı deyək, etalonlarmı deyək, konkret standartlar yoxdur.Buna görə də bu kimi cəhdlərlə təhsilin keyfiyyətini “yüksəltmək” əvəzinə mövcud durumu hərəkətə gətirmək üçün vəziyyətdən çıxış yolunu daha reallığa söykənən vasitələrdə axtarmaq lazimdır.

Sözardı. Hər bazar ertəsi ANS TV-də yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişində müzakirə mövzusu olan şəxsin tərəfdarı və əleyhdarı qismində ıştirak edən qonaqlar tanınmış şəxsiyyətlərə münasibət bildirir,studiyadakı qonaqlar isə şəffaf qutuya ağ və qara şarlar atmaqla həmın şəxsin əgər belə demək mümkündürsə nə dərəcədə şəxsiyyət olub-olmamasına münasibət bildirirlər. Nətıcədə Babək bir qisim insanlar üçün “Milli qəhrəman” digərləri üçün “xalq düşməninə” çevrilir.Bizim təhsilin keyfiyyətinə yanaşmamız da bu məntiqdən irəli gəlir. Halbuki, təhsil tok-şou deyil millətin gələcəyidir.

Bəlkə də türk qardaşlarımız bundan ehtiyatlanıb, səxsiyyət vəsiqəsinə “Kimlik” deyirlər.Ruslarda da “pasport”, “qrajdanin”, “liçnost” fərqli-fərqli anlayışlardır. Kim təminat verə bilər ki, bugün şəxsiyyət hesab edib, şəxsiyyət vəsiqəsi təqdim etdiyimiz şəxs sabah caniyə, manyaka, cəmiyyət üçün arzuolunmaz şəxsə çevrilib, şəxsiyyət məfhumunu aşağılamayacaq ? Gəlin şəxs və şəxsiyyət anlayışlarının fərqinə varıb, hər şeyi öz adı ilə çağıraq.

Nadir İsrafilov, təhsil eksperti
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.