Qarabağ müharibəsi başlayırmı? - ŞƏRH
10-04-2015, 20:48
Son günlər cəbhədə vəziyyət yenidən gərginləşib. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç bir halda hərbin tərəfində olmadıqlarını söylədi.
Dünyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan söhbətlər fonunda Lavrovun bu cür bəyanatı nədən xəbər verir?
Sualı Hafta.az-a açıqlamasında politoloq Ərəstun Oruclu cavablandırıb. O bildirib ki, yaxın zamanlarda müharibənin olacağı gözlənilmir:
“Yaxın zamanlarda hansısa sülh prosesini gözləməyə dəyməz. Çünki buna maraqlı olanlarla yanaşı, olmayanların da tələbləri var. Digər tərəfdən isə Lavrovun bəyanatı göstərir ki, əslində Rusiya heç hərbdə də maraqlı deyil. Nəzərə alsaq ki, hərbi baxımdan hər iki münaqişə tərəfinə Rusiyanın təsiri yetərincədir bu zaman müharibə də gözləməyə dəyməz. Lavrovun bəyanatında Dağlıq Qarabağla bağlı gələcək addımlar da vurğulanır. Bəyanatda bildirilir ki, Rusiya müharibə istəmir. Demək ki, söhbət təkcə müharibənin Rusiyanın stimullaşdırmasından getmir. Söhbət hərbi əməliyyatlardan gedir. Bu mesaj əslində çox diplomatikdir. Onlar göstərmək istəyirlər ki, Azərbaycan hərbi yolla nə isə əldə etmək istəyirsə Rusiya bunun qarşısını alacaq. Əslində son zamanlar müharibə bəyanatları daha çox Ermənistandan gəlir. Çünki Serj Sarkisyan son bəyanatında açıq müharibə təhdidi ilə çıxış etdi. Hesab etmək olar ki, bu mesaj həm də Ermənistana ünvanlanıb. Lakin reallıq budur ki, mesajın əsas qayəsi Azərbaycana aid edilib. Bu yaxınlarda Rusiyanın Dövlət Dumasının bir nümayəndəsi də ABŞ-Azərbaycan hərbi əməkdaşlığı ilə bağlı təhdid xarakterli bəyanat verdi. Bu da Lavrovun fikrinin tamamlanmasıdır”.