“Müxalifətçi maşın və ya təzə ev alırsa, deməli, satılıb…”
13-04-2015, 11:37
Politoloq Razi Nurullayev Azərbaycanda keçirilən son prezident seçkiləri zamanı Milli Şurada baş verənlərlə bağlı "Siyasətin gerçək üzü və ya günümüzün müxalifət imicini necə formalaşdırırlar…" adlı yazı yazıb.
Vertikal.az həmin yazını təqdim edir:
Siyasətin görünməyən içi
Illər boyu bizə təlqin olunan nəzəri siyasətlə praktik siyasət arasında böyük fərq olub. Sıravi siyasətçi olan zaman bunu onilliklər keçsə belə bəzən qavraya bilməyəcəksən. Amma, liderlərə yaxın olduqca siyasətin iç üzünü daha yaxşı görür və reallıqları dərk edirsən. O zaman əsl siyasi sifətləri görürsən. Çünki, bağlı qapı arxasında danışdığın başqa, üzvlərə dediyin başqa. Özünün zərrə qədər inanmadığın məsələni partiya yoldaşlarına, tərəfdarlarına və xalqabaşqa cür çatdırımalısan. Onlara özünü inanmış kimi göstərməli, inamlı və pafosla danışmalısan. Bizim ünlü siyasilərin düşüncəsi belədir və ətraflarında olan hər kəsi də buna məcbur edirlər. Əgər onlarla tərəf müqabil olursansa, sən də bu məcburiyyətdə qalırsan. Yox, əslində buna məcbur edilirsən. Qısa haşiyə çıxaq.
Milli Şura yaranan zaman dramaturq Rüstəm İbrahimbəyov şəxsiyyəti ətrafında böyük hay-küy yarandı. Doğrudan da, hər kəs dəyişikliyə inanmışdı. Daha doğrusunu desək, pafos - yuxarıda dediyimiz, özünün zərrə qədər də inamadığın, amma sıravilərə və xalqa aşıladığın pafos o inamı yaradırdı. Pafosu inamlı edən həzin küləyin belə uçura biləcəyi qum təpəciyi sayıla bilən bircə şərt vardı ki, ilk dəfə olaraq müxalifətlə Rusiya dövlət başçısı Vladimir Putinin maraqları üst-üstə düşmüşdü. Hər kəs inanmağa başlamışdı ki, Putin YAP hakimiyyətinin dəyişilməsində maraqlı, bir az da israrlıdır. Əslində biz də bu məsələdə Putinə kömək etmək istədik. Eləbir az da həqiqət payı olan bu məqam da Milli Şuranın Rusiyapərəst olması fikrini ictimai şüura yeritdi. Lakin, haqq naminə demək lazımdır ki, AXCP rəhbərliyinin yerinə demək mümkün olmasa da, AXCP üzvlərinin əvəzində tam iddia etmək mümkündür ki, bu partiyanın Putinpərəst olması mümkün deyil. Sadəcə, maraqlarımız üst-üstə düşmüşdü. Sonunda, Putin özü maraqlarımızın üstündən QARA xətt çəkdi. Ola bilsin ki, hakimiyyət özü də ciddi manevrlər etdi, Milli Şuraya Rusiya ilə oyun qurmağa imkan vermədi. Bir məsələni də qeyd edim ki, hörmətli şəxs olaraq Rüstəm İbrahimbəyovun da Rusiyapərəst olması düşüncəsində deyiləm. Hesab etmirəm ki, onun hakimiyyətə gəlmək iddiası bizim Putinlə bərabər hərəkət etməmiz anlamına gələ bilərdi. Yaxud o birbaşa bu missiyanın daşıyıcısı idi. Amma reallıq bu idi ki, maraqlar üst-üstə düşürdü. Milli Şuranın geniş spektrdə formalaşmasının da sadə bir düsturu vardı ki, müxalif düşüncəli kəsimin maraqları Milli Şurada qismən də olsa təmin olunmuşdu. Islamçılar belə bu prosesə qoşulmuşdular.
Putinin 2013-cü ilin avqust ayının ikinci ongünlüyündə Bakıya səfəri ilə hər şey dəyişdi, planlar alt-üst oldu. Bütün ümidlər sındı. Amma, məhz siyəsətin mərkəzində dayananlar və siyasəti çızanlar üçün. Sıravi müxalifətçilər isə böyük ümid və cəsarətlə hələ də oktyabr ayına dəyişiklik ayı kimi baxırdılar. Çünki, təlimat belə idi. Elə yüksək eşalonunda qərarlaşdığım AXCP-nin içində də təlimat belə idi. Üzvlərdə yalançı qələbə ümidi yaratmaq, müxalifətçiləri eyforik vəziyyətdə saxlamaq. Sadə cəbhəçilər və müxalifətçilərdən fərqli olaraq, AXCP və Milli Şuranın rəhbərliyində təmsil olunanlar seçkinin taleyini əvvəlcədən bilirdi. Amma, təlimata uyğun olaraq, üzvlərimizə və xalqa başqa sözlər deyirdik. Ənənəvi yalan sözlər və yalan vədlər. Başqa yolumuz da yox idi, axı təlimatlar həmin o bağlı qapının arxasında, dörd divar arasında hazırlanır və seçilmiş emissarlar vasitəsilə üzvlərə çatdırılırdı. Hətta, bir sıra məqamlarda onlara deyilirdi ki, kim çox çalışsa, o daha böyük vəzifə alacaq. Artıq 15-20 nəfərarası fəallar hansı vəzifə istədiyini də müəyyənləşdirmişdi… Bəzilərinə başqa vədlər verilirdi. Üzvlər isə sadəlövhlüklə bu vədlərə inanır, təlimatı çatdıranlar isə onların bu sadəlövhlüyünə bığları altda, yaxud dodaq boyaları arasından istehzayla gülürdülər.
Bəli, vəzifəmiz özümüzün belə inanmadığımız hadisələrə, dəyişikliyə, dəyərlərə və perspektivə digərlərini, ümidini bu liderlərə bağlayanları, fanatikcəsinə inananları inandırmaq idi. Çox şeyi bacarmayanlar bu missiyanı çox asanlıqla bacarırdılar…Mübarizəni imitasiya edənlər, demokratiyanın zahirdə əvəzsiz, batində birqəpiklik nəsnə olduğunu deyənlər sadəlövh olduğu qədər də təmiz, əqidəli insanları, illərini mübarizəyə həsr edən cəbhəçiləri belə aldadırdılar…
Hələ Milli Şura ideyası gündəmə gələndə AXCP sədri Əli Kərimli vahid namizəd olmaq üçün çox düşünürdü. Milli Şuranın yaranması haqqında ideyalar gerçəklik olanda da bu fikri unuda bilmirdi. Hər an, ən kiçik müzakirədə belə ən çox dartışılan mövzu bu olurdu. Bizim də fikirlərimizi soruşur, vahid namizəd olmağın perspektivlərini müzakirə edirdi. Içi mən qarışıq Rəyasət Heyətinin üzvləri də onu vahid namizəd olmağa ruhlandırırdıq. Mövqeyi bəlli idi. Vahid namizəd olmaq niyyətini gizlətmirdi, amma son qərarını verməyə tələsmirdi, düşünürdü. Tərəddüdləri həm də mübarizənin öncədən bilinən nəticəsinə görə idi. Özünün namizdəliyini səsləndirməməkdə tərəddüdləri həm də başqa məsələlərdən qaynaqlanırdı. Birincisi, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu və Eldar Namazov buna razı olmayacaqdı, ikincisi nəticəsi öncədən bilinən seçkidə iştirak edib uduzmaqİsa Qəmbərlə bərabərləşmək idi. Bunu faciə sayırdı. Onun qorxduğu ən böyük təhlükə bu idi. Seçkinin nəticəsi, mübarizənin fəlsəfəsi yox. O, İsa Qəmbərlə seçki məğlubiyyəti məsələsində bərabərləşmək istəmirdi. Özünün namizəd olmayacağı, seçkinin uduzulduğunu Əli Kərimli mart ayından yəqin etməyə başlamışdı. Buna görə də mart ayından sonra özünün vahid namizəd olacağı fikrindən imtina etdi.Vahid namizəd ideyası gündəmdə qalsa da, artıq özüylə bağlı bu iddianı arxa plana daşıdı. İndi qarşısında duran əsas məsələ İsa Qəmbərin namizədliyinə əngəl yaratmaq idi. Ətrafa da bu ideya yayılırdı. İsa Qəmbərin də namizəd olmasına yol vermək olmaz. Səbəb isə aydın idi. İsa Qəmbərin vahid namizəd olacağı təqdirdə, hadisələrin necə inkişaf edəcəyini bilmək olmazdı. Iki variant var idi. Ya o birdəfəlik siyasətdən silinir, ya da seçki sonrası vahid müxalifət liderinə çevrilir. Ağırlıq ikinci variantın üzərinə düşdüyündən, İsa Qəmbərin vahid namizəd olması məsələsinə xaç işarəsi qoyduq. Seçkini bilmək olmazdı, birdən yaranan siyasi fəallıq davam edər və proses dəyişikliyə apara bilərdi. İsa Qəmbərə rels verilsəydi, o zaman onun qatarını dayandırmaq çətin olacaqdı.
Amma, yenə də biz xalqa başqa şeylər deməyə başladıq. Siyasətçinin, hər hansı partiya liderinin vahid namizəd olması, ziyalıları və digər təşkilatları prosesdən uzaqlaşdırır. Məsələ burasındadır ki, Əli Kərimlinin vahid namizəd olacağı təqdirdə, dəyərlər və format dəyişəcəkdi. Digər siyasi təşkilatların mövqeyi nəzərə alınmayacaq, onlardan heç fikir belə soruşulmayacaqdı. Çünki, onlar çox xırda və gücsüzdürlər. Rüstəm İbrahimbəyovun namizədlik məsələsi alınmayanda yeni variant iş düşdü. Hörmətli professor Cəmil Həsənlinin namizədliyi üzərində gəlişmə aparıldı. Cəmil müəllim mübarizə adamıdır. O, saf niyyətlə mübarizə meydanına qayıtdı və biz bunu etməklə İsa Qəmbərin vahid namizədliyinin qarşısını bütünlükdə aldıq.Mətbuatda, sosial şəbəkələrdə qurulan piarla. 2013-cü ilin hansısa dəyişiklik ili olmasının qarşısını da belə aldıq. Üzvlər də inandı, elə həmişəki kimi.2003-də, 2005-də, 2010-da olduğu kimi. Pafos və bəlağət bu dəfə də qalib gəldi. Səmimi və əxlaqlı siyasət əvəzinə oyunbazlıq oldu. Üzvlər aldadıldı. Çünki partiyada üzvlərlə bağlı bir kredo var. Onları daim eyforiyada saxlamaqla, ac-yalavac olmanın da mübarizənin fəlsəfəsi olmasına inandırmaq. Guya ki, əsl və real müxalifətçinin xalq üçün göstəricisi budur. Yalnız bu kriteriyalarla yaşayanlar, özünü bu kriteriyalarla yaşamağa öyrədənlər əsl müxalifətdir, qalanlar satılıb.
Müxalifətçilik imici
Müxalifətçilik imicinin Əli Kərimli doktrinası belədir: Müxalifət ac olmalıdır, müxalifətçi təzə paltar ala bilməz. O, avtomobil və ya təzə ev alırsa, demək ki satılıb. Müxalifət nümayəndəsi bahalı yerdə toy da edə bilməz. O toyuna əgər fərqli düşüncəyə məxsus qohum-əqrəbası varsa dəvət edə bilməz. Əgər onları Əli Kərimli və ətrafında fırlanan eyni-düşüncəli insanlar toyda görsə, demək ki, o yazıq müxalifətçi bu toyu da hakimiyyətin pulu ilə edir. Əgər cəbhəçi toya gedə və pul yazdıra bilirsə və bunu dediyimiz ətrafdan kimsə görübsə, demək ki, onların müxalifətçiliyində nəsə başqa nüanslar var. Deməli, o müxalifətçi şübhə altında olmalıdır. Toya atmağa pulun haradandır sualı adi və elə bil ki kefini soruşurlarmış kimi soruşulacaq. Əgər toya pulun varsa, bəs niyə cəbhəyə xərcləməyə yoxundur? Əgər varsa, haradandır, kimə işləyirsən?... Bu qədər absurd və cəhalət…
Rusiyada da avtoritar rejimdir. Amma, orada müxalifətin imici fərqlidir. Müxalifət partiyaları çox varlıdırlar. Qardaş Türkiyədə müxalifət tam olaraq hakimiyyət bölgüsündə iştirak edir. Müxtəlif vasitələrlə hakimiyyət içərisinə adamlarını yerləşdirir və s. Amma, AXCP başda olmaqla Azərbaycan müxalifətinin təfəkkürü bunu qəbul etmir. Müxalifət nümayəndəsi ac olmalı və məhrumiyyətlər çəkməlidir. Nəinki kiməsə arxa dura bilər, heç öz ailəsini belə saxlaya bilməz.
Burada bir çox məntiqi suallar ortaya çıxır: Ac və gücsüz insan hakimiyyətə gələ bilərmi? Yaxud, bunu tələb edənlər və az-çox imkanı olanları “satqın” elan edənlər özləri ac və ya bir tikə çörəyə möhtacdırmı? Bəlkə, onların avtomobilləri yoxdur? Bəlkə evsiz-eçiksizdirlər? Bəlkə övladlarının təhsil xərcini ödəyə bilmirlər? Bəlkə övladları sıravi müxalifətçilərin övladları kimi hökumətin repetitora möhtac orta məktəblərində təhsil alır? Pulsuz-parasız hakimiyyətə gəlmək olarmı?Belə bir praktika mövcud deyil. İnqilab da, seçki də maliyyə vəsaiti tələb edir. Dünyada qəbul olmayan normayla Azərbaycanda nəsə etmək olarmı? Təbii ki yox.
Belə bir nümunəni heç yerdə, heç bir qitədə müşahidə etməmişəm. Hakimiyyət içərisinə inteqrasiya etmədən və hakimiyyəti bölüşmədən dəyişiklik yaratmaq mümkün deyil. Pulsuz-parasız hakimiyyət dəyişikliyi olmur.
İnqilab olsa, hakimiyyətə kim gələcək?
Olduğumuz düşərgədə inqilab ab-havası düşüncəsi hər zaman dəbdədir. Elə müxalifətçi dostlarımın arasında da inqilab həvəsində olanlar çoxdur. Amma, hər zaman düşüncəm eyni olub. İnqilab fəlakətdir və Azərbaycanda inqilab olarsa, ilk zərbəni alan ənənəvi müxalifət olacaq. Az qala 30 ildir simasını gördüyümüz, bəzən sadəlövhcəsinə inandığımız müxalifət liderlərindən heç kim dövlət başçısı ola bilməyəcək. Xaosa bürünən cəmiyyətdə papaq altından elə oğlanlar çıxacaq ki, onların da birinci işi elə bu zümrəni aradan götürmək olacaq. Ikinci ssenari isə elə hakimiyyətin içindən kiminsə dövlətin sükanına yiyələnəcəyidir. Çünki, Qərb üçün də 20 ildir əməkdaşlıq etdiyi komanda içindən birisi ilə anlaşmaq daha asandır və praktik siyasətin ən sadə elementidir.
Mən müxalif düşüncəni və yadaracağım təşkilatı necə görürəm?
Siyasət təkcə siyasətçilər üçün deyil. Xalq da, üzvlərimiz də siyasətimizin formalaşmasında iştirak etməlidirlər. Bağlı qapı arxasında, dörd divar arasında danışdığımızla xalqa dediyimiz ismarıc arasında fərq olmamalıdır. Açıq siyasət aparmağa borcluyuq. Sosial bazamızı genişləndirmək, itirdiyimiz inamı bərpa etməyin yeganə yolu budur. Müxalifət imici qaragünlü, həbs olunan və polis dəyənəyi altında inləyən olmamalıdır. Müxalifətçi işsiz və ailəsi yanında üzüqara olursa, bu siyasətin uğurlu gələcəyi inandırıcı deyil. Müxalifət doğru danışdığına və hakimiyyətin inikası deyil, aynası olduğuna görə xalq tərəfindən hörmət görməli, dəstəklənməlidir.Bu, yeni demokratiya tezisidir. Bu tip mübarizənin, düşündüyünlə dediyinin fərqli olduğu ruhu daşımaq olmaz. Bu tip siyasətin inikası deyil, aynası olmaq lazımdır. Bu yolda mübarizəmiz davam etməlidir. Klassik siyasətin uçuruma apardığı bizlər yeni demokratiya yoluna – xalqa söykənən, xalqa əsl həqiqəti söyləyən və onunla birgə çıxış yolu tapılan demokratik cəmiyyət yoluna çıxmalıyıq. Xalqa söykənən, onun istəklərini, arzularını, azad və xoşbəxt cəmiyyətdə parlaq yaşamasına dəstək verməklə.