Elçibəyi “yola salan” inqilab professoru ölkəyə 152 ton pul gətirib?! - MÜƏMMA

15-04-2015, 16:46           
Elçibəyi “yola salan” inqilab professoru ölkəyə 152 ton pul gətirib?! - MÜƏMMA
Ukraynanın “Antonov Airlines” aviaşirkətinə məxsus An-124 nəqliyyat təyyarəsi martın sonlarında Bişkekdəki “Manas” aeroportuna iki reys edib.

Virtualaz.org saytı Ukrayna mənbələrinə istinadən xəbər verir ki, təyyarə 152 ton ağırlığında naməlum yükü boşaldıb. Diplomatik yük statusu daşıdığı üçün yük yoxlamadan keçməyib.

Təyyarə Birləşmiş Ərəb Əmirliklərindən uçub yükü Birləşmiş Ştatların Bişkekdəki səfirliyinin 14 əməkdaşı, o cümlədən 3 Amerika vətəndaşı müşaiyət edib. ABŞ-ın aviabazasının yerləşdiyi “Manas” aeroportundan yükü 6 yük maşınında daşıyıblar.

Bu şübhəli yük barədə yazan Ukrayna həftəliyi “Delo №...” Kiyevdə Maydan hərəkatı zamanı baş verənlərlə müqayisə aparır. Bildirilir ki, həmin hadisələr zamanı da Birləşmiş Ştatların Kiyevdəki səfirliyi naməlum mənşəli diplomatik yük almışdı.

Nəşr yazır ki, hələ 2013-cü ilin noyabrında Maydan hərəkatı yeni qızışanda amerikalılar Ukrayna hakimiyyətinə Birləşmiş Ştatların Hərbi-Hava Qüvvələrinin iki hərbi-nəqliyyat təyyarəsinin diplomatik yüklə Kiyevə enməsi üçün icazə istəyib. O vaxt Ukraynanın Təhlükəsizlik Xidməti prezident Viktor Yanukoviçə məruzə edib ki, yük kiçik kupyurlardan ibarət 60 milyon dollar nağd puldur. Sonradan Maydanda yeni çapdan çıxmış 20, 50 və 100 dollarlıq əskinaslar peyda olmağa başladı.

Qırğızıstan KİV-ləri “Manas” aeroportuna endirilən 152 ton diplomatik yükün nədən ibarət olduğunu dəqiqləşdirmək üçün ABŞ səfirliyinə müraciət ediblər. Lakin səfirliyin mətbuat katibi Con Braun bu yüklə bağlı şərh verilməyəcəyini bildirib. Və bu şübhəli yük ABŞ-ın Qırğızıstanda yaxınlaşan parlament seçkiləri ərəfəsində inqilab həyata keçirməyə, prezident Almazbek Atambayevi devirməyə hazırlaşdıqlarına dair narahatlıqları artırıb.

Bu narahatlıqlar vaxtilə ABŞ-ın Bakıdakı səfiri olmuş Riçard Maylzın 2015-ci ilin fevralında Birləşmiş Ştatların Qırğızıstandakı müvəqqəti işlər vəkili təyin olunmasından sonra yaranıb. Prezident Barak Obamanın Qırğızıstandakı səfir postuna namizədinin təsdiqlənməsi Senatda müəmmalı şəkildə əngəllənib.

Bunun ardınca qoca R.Maylz diplomatik xidmətə geri çağırılaraq Bişkekə müvəqqəti işlər vəkili göndərilib. Qırğızıstan hakimiyyət çevrələri R.Maylzın təyinatından çox narahat olublar. Çünki diplomatın bundan əvvəl səfir işlədiyi üç ölkədə - Azərbaycan, Belqrad və Gürcüstanda hakimiyyətlər inqilab yolu ilə dəyişdirilib.

Bolqarıstanda isə seçki yoluyla amerikayönümlü qüvvələr hakimiyyətə gəlib. Riçard Maylz 1993-cü ildə Azərbaycanda Elçibəyin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxaran proseslər zamanı Bakıda işləyib. Gürcüstanda isə onu “qızılgül inqilabı”nın rejissoru hesab edirlər.

Qırğızıstan hakimiyyətinin R.Maylzdan qorxmaq üçün ciddi səbəbləri var. Bu kasıb Orta Asiya respublikası ötən 10 il ərzində baş vermiş iki qanlı inqilabdan sonra yenicə özünə gəlməyə çalışır. Prezident Atambayev Türkiyə və Rusiya ilə münasibətləri prioritet seçib, Avrasiya İttifaqına daxil olmağa qərar verib və ABŞ-ın Bişkekdəki aviabazasını çıxarmağın yollarını axtarır.

Qırğızıstanda Rusiyanın mövqelərinin güclənməsi ABŞ-ın Cənubi Qafqazdan sonra Orta Asiyadan da sıxışdırılıb çıxarılmasına səbəb olacaq. Bişkekdə hesab edirlər ki, məhz bu səbəblərdən “inqilab professoru” olan qoca Maylzı göndəriblər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.