Vəzirov Ermənistandan qovulan qaçqınların rəsmi sayını azaltdırıb? - 207 mindən 165 minə...

2-04-2018, 00:01           

“Heydər Əliyevə görə edilən qadağa rəsmən götürüldü...”

...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasi idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi. Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır... 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.

(Ali Sovetin 1992-ci il martın 24-25-də keçirilmiş fövqəladə sessiyası. Davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: moderator.az/news/219294.html)

Deputat Bayram Bayramov dedi:”... Xocalıdan, digər rayonlardan olan adamların siyahısını Qarabağa Xalq Yardımı Komitəsinə göndərməyi xahiş edirəm. Bilmək lazımdır ki, Xocalıdan nə qədər adam tələf olub. Bircə faktı sizə deyim. Deyirdilər ki, məhsəti türklərinin hamısı qırılıb. O günü gəldilər mənim yanıma, məlum oldu ki, 7 nəfər ölüb, 6-sı əsir düşüb. İnformasiya vasitələrimdən bir xahişim var, Azərbaycanı, Qarabağı düzgün öyrənmək lazımdır. Ay yoldaş, Qarabağda bu saat 52 kəndimiz var. Hansı əsasla deyirlər ki, bircə Şuşa qalıb? Guya kəndlərimizin hamısı alınıb, elə deyil. Xahiş edirəm, bir xəritə götürüb asın. Qarabağın kəndləri gözünüzün qabağında olsun. Bu saat Qarabağda düz 52 kəndimiz var, döyüşən boşalmayan, tabe olmayan. Bəzi məsələlərə biz düzgün qiymət vermirik. Yerdən qışqırırsan ki, hansı kəndlərdir? Baş üstə, mənim gözüm üstə, madam ki, lazımdır, bu saat deyərəm. Hamını qərar layihəsinə qol çəkməyə, onu təsdiq etməyə çağırıram, çünki bizim bir ağsaqqal kimi buna haqqımız var. Düşmənin qabağına ağ bayraqla gedərlər, mənim ağ saçım var, mən ağ saçımla sizin qarşınızda gedərəm və əyilərəm, bir-birinizin hörmətini saxlayın...”
Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasının növbəti iclası 25 mart 1992-ci ildə Yaqub Məmmədovun sədrliyi ilə başladı. Deputat Bəhrəm Zahidov Qarabağın dağlıq hissəsində vəziyyət və respublikada ictimai-siyasi şərait haqqında qərar layihəsini oxudu:

“Azərbaycana qarşı erməni təcavüzünün miqyasının genişlənməsi ilə xalqın hiddət və qəzəbini ifadə edərək qeyd edilsin ki, respublikanın ərazisinə silahlı basqın, zorla ərazinin zəbt edilməsi Azərbaycana təcavüz əməli kimi qiymətləndirilsin”.

Maksim Musayev: ”Biz Ermənistanda yaşayan azərbaycanlıların 207 min nəfər olduğunu sənədlərlə təsdiq etdik...”

Bəhrəm Zahidovun oxuduğu layihə xeyli müzakirələrə səbəb oldu və Ermənistandan zorla çıxarılan qaçqınların miqdarı barədə bu kitabın müəllifi söz alıb danışmalı oldu. Dedim:”... Biz Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini Musa Məmmədovla 1988-ci ildə Ermənistanda olduq və orada yaşayan azərbaycanlıların 207 min nəfər olduğunu sənədlərlə təsdiq etdik. Hər ikimiz həmin sənədə imza atdıq. Lakin sonradan Əbdürrəhman Vəzirov Moskvadan zəng vurub həmin rəqəmin azaldılmasına tapşırıq vermişdi. Ona görə də qaçqınların sayı 207 min yox, 165 min nəfər göstərilir. Faktiki Ermənistan qaçqınlarının bu günə olan sayı 207 min nəfərdir. Mənim sözlərimi bu zalda əyləşən Azərbaycandan Ermənistana göndərilən hökumət komissiyasının sədri kimi Musa Məmmədov təsdiq edə bilər”.
Bu vaxt 1-ci mikrofondan söz alıb danışan Musa Məmmədov mənim sözlərimi təsdiq etdi:”... Maksim müəllim çox düzgün deyir. Həqiqətən, 1988-ci ilədək Ermənistanda 207 min 258 nəfər azərbaycanlı yaşayıb və hamısı qovulub. Onlardan 198 mini Azərbaycana gəlib. Lakin bədbəxtlik ondadır ki, hadisələrdən 4 il ötməsinə baxmayaraq qeydiyyat düzgün aparılmayıb. Müəyyən siyasətdənmi və ya məsuliyyətsizlikdənmi rəqəmlər düz yazılmayıb”.
Sonra müzakirə edilən məsələ barədə qərar qəbul olundu. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlşadırmaq üçün səlahiyyətli deputat istintaq komissiyası yaradıldı.
Ayrı-ayrı təkliflər ətrafında deputatlardan T. Bağırov, M.Mütəllimov, M.Məmmədov, T.Qasımov, C.Hüseynov, B.Bayramov, T.Qarayev, İ.Həmidov, M.Cəfərquliyev, N.Əzimov, S.Əkbərov, Ş.Hüseynov və digərləri bir neçə dəfə çıxış etdilər.
1992-ci il mart ayının 25-də “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarı qəbul olundu.
Gündəliyin 6-cı məsələsi qərar layihəsi şəklində deputatlara paylandığından çox müzakirə edilmədi. Yerdən təklif edildi ki, açıq səsvermə keçirilsin. Təklifə əsasən qərar qəbul olundu. Lakin deputat Arif Hacıyev adbaad səsverilməsini tələb etdi. Təkrarən adbaad səsvermədə də eyni qərar qəbul olundu. Bu qərar Heydər Əliyevin Ali Sovet sədrinin müavini olmasına aid idi. Beləliklə, 25 mart 1992-ci ildə Konstitusiyanın 112-ci maddəsində dəyişiklklər edilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinin qərarı qəbul olundu.
Konstitusiyanın 112-ci maddəsinin 2-ci hissəsi aşağıdakı redaksiyada verildi:” Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin tərkibinə Azərbaycan Respublikası Ali Soveti sədrinin 1-ci müavini, Azərbaycan Respublikası Ali Soveti sədrinin iki müavini, Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının sədrləri daxildirlər, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri vəzifəsinə görə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavinidir”.
Bu Konstitusiya qanuna bir neçə il əvvəl deputat Heydər Əliyevin respublika rəhbərliyində əsas və həlledici vəzifə tuta bilməməsi məqsədilə “düzəliş” edilmiş və bilərəkdən məhdudiyyət qoyulmuşdu. Həmin mətnlə Heydər Əliyevə görə edilən qadağa rəsmi olaraq götürüldü. Beləliklə, çox uzun siyasi eniş və yoxuşları keçən 112-ci maddə çox qısa vaxtda öz həllini tapdı...”

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh.112-115)
(Davamı var)
Təqdim etdi: Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.