Laçından birbaş Göyçəyə uçan əfsanəvi pilot: ”Son döyüş üçün…” –Foto

25-07-2018, 09:56           
“Mən şərəflə yaşadım! Mən xoşbəxtliyin nə olduğunu gördüm!!! Cəsarətlə döyüşdüm! Səmanı gördüm! Ah, bir dəfə səmaya qalxa bilsəydim! Düşməni yaralarıma sıxıb onu qanımla boyasaydım! Ah, döyüş həsrəti!!! Cəsurların çılğınlığına biz şərəf mahnısı oxuyuruq! Cəsurların çılğınlığı—budur həyatın hikməti! Oxx, igid şahin, bir gün gələr, sənin isti qanının damlaları qığılcım kimi həyatın qaranlıqlarında alışar, bir çox igid ürəkləri çılğın bir azadlıq və işıq ehtirası ilə yandırar!”

Maksim Qorki, “Şahin nəğməsi”

Adı Loğman, soyadı Məhərrəmovdur. 1 iyul 1967-ci ildə doğulub. Saratov Ali Pilotlar Məktəbini bitirib. Evlidir, 2 övladı var.

Faktlara baxırsan, adi rəqəmlər, məlumatladır. Əksəriyyətin tərcümeyi-halına nəzər salsaq, belə faktları görə bilərik. Ancaq bu faktların altında nə qədər fərqli talelərin, ömürlərin yaşantısı, həyəcanı, emosiyası var.
Mən onu çoxdan – səksəninci illərdən tanıyırdım. Kənd uşaqlarına məxsus utancaq, sadə görkəmli, uca boylu, əsmər sifətli, gözündən gülən bir yeniyetmə idi. Sonralar onun Rusiyada hərbi təyyarəçi kimi təhsil almasını, 90-cı illərdə isə Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqları eşitmişdim.Bu yaxınlarda bir bədii əsər keçdi əlimə: M.Zaman “Hava canavarı”. Onun haqqında idi. Təsadüfən rastlaşmağımız isə onun haqqında yazmaq fikrimə təkan verdi.

Torpağa, doğma vətənə sevgi nə zaman yaranır? Ana südüyləmi keçir? Bəlkə isti fəsillərdə min cür rəngə çalan çiçəklərlə süslənmiş üstündə gəzdiyin çəmənlikdən, o çəmənlikdə şən-şən vızıldaşan böcəklərin səsindən cana hopur? Bəlkə əzəmətli, boy-boya vermiş uca dağların və o dağları bürüyən keçilməz meşələrin şahanə, ilahi görkəmindən baş qaldırır? Ola bilərmi ki, o sevgi meşələrin əbədi sakinləri olan quşların səhərçağı oxuduğu təntənəli himndən – nəğmələrdən cücərsin?..

Bir dəfə təyyarə ilə doğma şəhərimə yaxınlaşanda ilk dəfə quş uçuşu məsafəsindən buludsuz səmadan yeri gördüm. İlk dəfə belə böyük və ecazkar bir hiss içimi bürüdü : yer o qədər doğma və cazibədar görünürdü ki, təyyarənin illüminatoru olmasa idi, təvəccöhdən, bəlkə də, özümü yerə atardım: torpağı qucaqlamaq üçün. İnsan göyləri də sevir, daim ora baxır –bəlkə də, Allahın məskəni sandığı üçün.

Bəlkə də, nəzərlərimiz sərhədi, hüdudu olmayan səmada Tanrının məskən saldığı yerə gedib toxuna bilir? Yeri isə Tanrı bizə əmanət olaraq məskən kimi, vətən kimi bəxş edib ən mükəmməl şəkildə. O, bizim istinad nöqtəmizdir. Və bu istinad nöqtəsinin – torpağın ayağımızın altından çəkilib alınmasına dözməməliyik. Təyyarələr də istinad nöqtəsi kimi yerdən qalxar havaya… Elə bizim qəhrəmanımız da bu torpağı sevərək göyləri özünə məskən etdi.

Bəlkə, o da bu torpağı doğulduğu kəndin ecazkar mənzərələrini – Quş yuvası, Cırranın yalı, Xırman yalı deyilən yüksəkliklərdən doğma yurdun gözəlliklərini seyr edərkən sevmiş, onun vurğunna çevrilmişdi? Kim bilir…

Loğman Məhərrəmov 1984-cü ildə Laçın rayonunun Ağayunus kənd orta məktəbini bitirəndə heç kəs bilmirdi ki, o, hərbi təyyarəçi olmaq istəyir. Saratov Ali Pilotlar Məktəbinə daxil olmasını eşidəndə qohum-qonşu təəccüblənmiş, valideynlərinin isə sevinci yerə-göyə sığmamışdı. Əslən Laçın rayonunun məşhur Məhərrəmuşağı tayfasından olan atası Lətif Məhərrəmov təsərrüfat işləri ilə məşğul olaraq böyük ailəsini – dörd oğlu, bir qızını saxlayırdı. Kənddə həm də məşhur ovçu kimi tanınan Lətif dayı çox sərrast atıcı idi. Sakit təbiətli, işgüzar bir qadın olan Tamaşa xanım ailəsinin yükünu Lətif dayı ilə birlikdə çəkir, övladlarının hər nazı ilə oynayırdı.

Loğman Məhərrəmov1988-ci ildə Saratov Ali Pilotlar Məktəbini bitirdikdən sonara Odessada Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət etməyə başlayır. Bir müddət Əfqanıstana göndərilərək hərbi təlim keçən Loğman 1989-cu ildə Yenidən Odessaya qayıdır. 1989-1991-ci illərdə isə Uzaq Şərqdə – Çitada hərbi vertolyot bazasında xidmətini davam etdirir. Doğma vətəninin – Azərbaycanın zorla cəlb olunduğu Qarabağ müharibəsini uzaqdan daim narahatlıqla izləyir və nəhayət, qəti qərara gəlir: Darda olan Vətənin dadına yetişməlidir. Beləcə xidmət etdiyi hərbi bazanı tərk edir və 1992-ci lin yanvar ayında Azərbaycana gəldikdən sonra ön cəbhəyə - düşmənlə üz-üzə döyüşə atılır.

Xüsusi Təyinatlı Batalyon komandirinin müavini kimi ön cəbhədə bir çox döyüşlərin iştirakçısı olur. Şuşa şəhəri, Qaybalı və Kosalar kəndləri uğrunda gedən döyüşlərdə birbaşa düşmənlə üz-üzə gəlir.
İlk dəfə döyüşə Daşaltı ətrafında gedən vuruşmalarda atılır. Şuşanın Kosalar kəndi yaxınlığında qurduqları müdafiə postunda düşmənin Suriyada xüsusi təlim görmüş yeddi nəfərlik diversant qrupunun başçısı ilə üz-üzə gələn Loğman Məhərrəmov onu yerindəcə məhv edir. Özünün danışdığına görə, postda müdafiədə olarkən birdən kiçik təpənin arxasından iki metrdən hündür boyu olan, nəhəng bir adamın qarşısında peyda olduğunu görür.

Başdan-ayağa ağappaq qoruyucu paltarda olduğu üçün o, özündən cəmi on metr aralıda kolun arxasında uzanmış Loğmanı görmür. Həmin adam çiynindəki ratsiya aparatı ilə kimlərləsə astaca danışır, onlara vəziyyət barədə məlumat verirmiş. Qəfildən ayağa qalxan Loğman avtomatın bütün patronlarını onun sinəsinə boşaldır. Ən son texniki üsulla hazırlanmış gülləkeçirməz bronjiletin sinəsi deşilir və həmin adam ondan 5-6 metr aralıdakı ağaca dəyərək hərəkətsiz qalır.
Laçından birbaş Göyçəyə uçan əfsanəvi pilot: ”Son döyüş üçün…” –Foto
Onun arxasınca gələn digər kəşfiyyat qrupunu da məhv edirlər. O cür ağır vəziyyətdə də bizim uşaqlar zarafatlarından qalmırmış. Həmin suriyalının bronjiletini geyinən Loğmana döyüş yoldaşları zarafat edib gülürlər (bronjilet əyninə çox böyük olduğu üçün).

Bir neçə döyüşdən sonra hissədə hərbi müşavirə keçirən Şahin Musayev müzakirələr zamanı öyrənir ki, Loğman Məhərrəmov peşəkar hərbi təyyarəçidir. O, çox təəccüblənir və dərhal Loğmanın Zabratdakı vertolyot bazasına dəyişirilməsi barədə əmr verir. Zabrata gələndə ancaq mülki vertolyotlardan və onları idarə edənlərdən ibarət komandanı görəndə Loğman çox təəccüblənir. Hərbi vertolyotar, demək olar ki, yox dərəcəsində idi. Ona görə də döyüşlərdə ştirak etmək üçün kadr hazırlığı işi sürətlənir.

Loğman Məhərrəmov ona doğma və əziz olan maşınının sükanından yapışanda sanki ona dünyaları verirlər. İlk hava döyüşünə Füzuli rayonunun Cəmilli kəndi yaxınlığında atılır. Bundan sonra Ermənistanla həmsərhəd olan Laçını Gorusun Dığ kəndi yaxınlığındakı böyük düzdən – D-30 toplarından daim bombardman edən qurğuları tamamilə məhv edir.

Bir dəfə isə kəşfiyyat uçuşu zamanı ermənilər tərəfindən vurulan vertolyotunu ani və çox risqli qərar verərək Hadrutun Kuropatkina kəndinə endirir. Beş nəfərlik ekipajüzvlərindən biri ağır yaralanmışdı. Kəndlilərlə rus dilində danışb erməni döyüşçüləri olduqlarını bildirirlər və yaralının yaralarını sarıyır, vertolyotu təmir edərək doqquz saatdan sonra geriyə – öz nissələrinə qayıdır.

Kəlbəcərin Təkə qayası yaxınlığında, Murovdağda qalan yaralıları daşımaq üçün ən risqli hərbi tapşırığı könüllü olaraq öz öhdəsinə götürür. Orda qalan yaralıların onu gördükdə necə sevindiklərini, soyuqdan şişmiş sifətlərindəki ifadəni danışdıqca köksünü ötürür, onları təcili Daşkəsənə çatdırdıqda son anda canını tapşıran bəzi ağır yaralıları andıqca gözləri dolur Loğmanın.

Kəlbəcərlə həmsərhəd olan, Laçının Taxta zavodu deyilən yaşayış məntəqəsindəki ağır yaralıları daşımaq kimi ağır risqli əməliyyatı da ona tapşırırlar. Bu zaman həm ermənilərin gözlənən hücumlarını dəf etmək, yerdəki canlı qüvvələrini məhv etmək, həm də o yaralıları daşımaq lazımıydı. Yaralıları götürdükdən sonra hava çox kəskin və küləkli olduğu üçün Murovdadan qayıtmaq mümkün olmur. O, təhlükəli bir trayektoriya cızaraq vertolyotu 5600 metr hündürlüyə qaldırır, Ermənistan ərazisinə keçir, Göyçə gölü üzərindən hərlənərək geriyə dönüb yarlıları hərbi xəstəxanaya çatdırır. Bu zaman aşağıda ermənilərin müxtəlif hərbi texnikasının, canlı qüvvəsinin yerləşdiyinin də şahidi olur.

Son dərəcə təvazökar insan olan Loğman Məhərrəmovdan onun haqqında yazmaq üçün razılığı güclə aldım. Keçdiyi döyüş yolu haqda faktları da həmçinin. Bu haqda danışmaq ona çox çətin idi—həm özündən deməyi heç sevmdiyi üçün, həm də həlak olan yoldaşlarını xatırlamaq ağır olduğu səbəbindən…
Döyüş ruhu, savaş eşqi türkün qanındadır. Döyüş adı gələndə sümüyü oynağa gedən oğullarımız kimi, Loğman Məhərrəmov da həmin anı—sonuncu, həlledici döyüşü həsrətlə gözləyir. İndi məsul bir işdə olduğu halda, yenə də gözü göylərdədir. Döyüşün başlanmasını gözləyir, düşmənə Yerdə, Göydə - elə hər yerdə son sözünü deməyin həsrəti ilə yaşayır: “ Səma aslanı burdadır, o, sizi məhv etməyə, axırınıza çıxmağa gələcək bir gün… Bütün oğullarımızla!”



Həcər Paşayeva












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.