“Azərbaycan vəziyyətdən istifadə edib işğalçı Ermənistana qarşı...” - Vüsal Hətəmov

25-07-2018, 16:05           
“Azərbaycan vəziyyətdən istifadə edib işğalçı Ermənistana qarşı...” - Vüsal Hətəmov
ABŞ-İran münasibətləri gündən-günə daha da pisləşir. Vaşinqtonun dünyada bir nömrəli düşməni hesab olunan Rusiya prezidenti Putinlə görüşən Tramp nədənsə İrana qarşı sərt addımların tərəfdarıdır. Ağ Ev bu ilin noyabrına qədər İrana qarşı keçmiş sanksiyaları yenidən bərpa etmək, həmçinin noyabrda yeni sanksiyalar qəbul etmək niyyətindədir.

ABŞ İranın neft ixracatını minimuma endirmək, Tehranın əsas gəlir mənbəyi olan neft satışını azaltmaqla onsuz da zəifləyən iqtisadiyyatına ağır zərbə vurmaq niyyətindədir. Bunun üçün Vaşinqton artıq İrandan neft alan ölkələrə ciddi şəkildə təzyiq etməyə başlayıb. Vaşinqtonun bu cür təcrid siyasəti Tehranda qəzəblə qarşılanıb. Xüsusən də hazırkı hökumət indi daha qəzəblidir. Çünki Ruhani iqtidara məhz İranı nüvə anlaşması imzalamaqla beynəlxalq embarqodan xilas etmək vədi ilə gəlib.

Doğrudur, 2015-ci ildə nüvə anlaşmasının əldə olunması ilə Ruhani iqtidarı müəyyən qədər divident qazandı, embarqolar yumşaldı, bəzi dondurulmuş pullar geri qaytarıldı. Ancaq indi Tramp yenidən və daha sərt embarqolarla hədələyir. Bu isə Ruhani komandası üçün ağır imtahandır.

3 gün əvvəl Tehranda səfirlər və diplomatik missiya nümayəndələri ilə görüşən Həsən Ruhani ABŞ administrasiyasının İrana qarşı təcrid siyasətini sərt tənqid edib. İranın strateji dərinliyinin şərqdə Hindistan, qərbdə Aralıq dənizi, cənubda Qırmızı dəniz və şimalda Qafqaza uzandığını deyən Ruhani Trampın İranın neft ixracına mane olmaqla bağlı hədəsinin ona baha başa gələ biləcəyini deyib.

Sitat:"Bir çox boğaz var. Hörmüz boğazı bunlardan, sadəcə, biridir. İranla sülh sülhlərin açarı, müharibə isə müharibələrin açarıdır. Cənab Tramp! Biz şərəfli bir xalqıq və tarix boyu regionda su yolunun təhlükəsizliyinin zaminiyik. Aslanın quyruğu ilə oynamayın, yoxsa peşman olarsınız”.

Donald Trampın Ruhaniyə cavabı gecikməyib. ABŞ prezidenti twitter hesabında Ruhaniyə cavab olaraq bir daha Amerikanı təhdid etməməyi məsləhət görüb. "Əks halda, dünyada kimsənin görmədiyi cavabı alacaqlarını” qeyd edib.

Xatırladaq ki, ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ İrandan neft alan Rusiya, Çin və digər ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib ki, ABŞ-ın İran neft sektoruna qarşı sanksiyası noyabrın 4-dən qüvvəyə minir. Bu müddətdən sonra İrandan neft alınması sanksiyanın pozulması sayılacaq.

İran ABŞ-ın bu təhdidi ilə bağlı BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. Eyni zamanda Tehran bəyan edib ki, əgər İran neftinin ixracının qarşısı alınarsa, Hörmüz boğazından dünya bazarlarına neft ixracının qarşısını alacaq. Hörmüz boğazı ilə dünyada ixrac edilən neftin 20 faizi daşınır. Xüsusən Bəhreyn, Qətər və Küveyt neftini yalnız bu boğaz vasitəsilə dünya bazarlarına çıxarır. Hörmüz boğazından keçməklə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraq da neftini ixrac edir.


İranın xarici işlər naziri Cavad Zərif də Trampın hədəsinə cavab verib. Zərif yazıb ki, bu hədə-qorxu onları təsirləndirməyib:"Təsirlənmədik, dünya bir neçə ay əvvəl daha böyük hay-küyə şahid oldu. İranlılar 40 ildir ”mədəni olanlardan" bu hay-küyləri eşidir. Biz min illərdir varıq və bəzi ölkələrin yaşından daha çox həyatda qalmış, öz imperiyalarımız da daxil olmaqla, bir çox imperiyanın süqutunu gördük. Diqqətli!"

Qeyd edək ki, indi bir çoxları İran-ABŞ gərginliyinin hansı mərhələyə qədər böyüyəcəyini müzakirə edir. Bu münasibətlər hərbi qarşıdurmaya qədər gedib çıxa bilərmi?


Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dissertantı Vüsal Hətəmov deyir ki, bu iki dövlət arasında soyuq münasibətlər birbaşa müharibə meydanına qədər gedib çıxmayacaq:"Çünki hər iki dövlətin müəyyən tarixi siyasi və dil bağlılığı var. Vaxtilə, yəni pəhləvilərin dövründə İran Qərblə, xüsusilə də ABŞ-la hər cəhətdən yaxın olub. Odur ki, ABŞ indi də ümid edir ki, İranda nə vaxtsa dini üsuli-idarə çökəcək və hakimiyyətə gələn qüvvələr Qərblə işləyəcək. ABŞ İranı xalqına, dövlətinə görə deyil, xarici siyasətdə əks mövqe sərgiləməsinə görə təhdid edir”.

V.Hətəmovun sözlərinə görə, ABŞ İran xalqı ilə düşmən olmaq istəməz, düşmən olsaydı, şahın dövründə də olardı:"Şahın dövründə fars hakim elita ilə ingilis dünyasının həm siyasi yaxınlığı, həm də eyni, yəni hind-avropa dil ailəsinə mənsub olmaları İranın qeyri-rəsmi də olsa, ”Şərqin Avropası" statusu almasına səbəb olmuşdu. Ümumiyyətlə, keçən əsrin əvvəllərində türk qacarları devirib fars pəhləviləri hakimiyyətə gətirən Qərbin bir planı da bu idi ki, Yaxın Şərqdə bir-biri ilə düşmən olan kürd-ərəb-fars-türk-yəhudi dövlətləri yaratsın. Buna demək olar ki, nail də oldu. Lakin 1979-cu ildə İranda milli deyil, dini şüarlı təbəqənin hakimiyyətə gəlməsi onların planını sarsıtdı".

V.Hətəmova görə, Ağ Evin istədiyi budur ki, İranın Yaxın Şərq siyasəti Moskva ilə deyil, Vaşinqtonla üst-üstə düşsün:"Ümumiyyətlə, 1979-cu il inqilabından sonra ABŞ bu dövlətlə özünü bir xətdə görə bilməzdi. Çünki İranda inqilabdan sonra dini əsaslı hakimiyyət qurulsa da, xarici siyasətdə xristian Rusiya ilə hər cəhətdən müttəfiqliyə üstünlük verildi. Halbuki 1979-cu il inqilabına qədər İran da daxil olmaqla, bütün Yaxın Şərq demək olar ki, ABŞ-ın nəzarətində idi və Yaxın Şərqdə siyasi hərəkət xətti bir istiqamət üzrə inkişaf edirdi. Və bu siyasi inkişaf zolağı Çinə qədər uzanmalı idi. İranın əldən çıxması isə Amerikanın nəinki Uzaq Asiyaya qədər əllərini kəsdi, hətta Yəmən, Suriya, Livan, İsrail mövzularında yeni problemlərə aparıb çıxartdı. Təbii ki, burada Rusiya faktoru əsasdır. Əgər İran dövləti bu gün Rusiyanın deyil, ABŞ-ın sözünü desə, Qərb Tehranın nüvə mövzusuna da göz yumar, üstəlik, dini əsaslı hakimiyyət mövzusunu da həzm edər. Necə ki, ABŞ və Avropa bu gün Yaxın Şərqdə teokratik-monarxiya üsuli-idarəsinə malik ərəb dövlətlərinə hər cür dəstək verir, həmçinin nüvə başlıqlı raketlərə malik İsrail dövlətini də gücləndirir”.

"ABŞ-İran qarşıdurmasında Azərbaycan bu vəziyyətdə hansı mövqeni tutmalıdır” sualına cavab olaraq ekspert deyir ki, Azərbaycan dövləti, ümumiyyətlə, "dövlətlərin dostluğu olmur, marağı olur” prinsipindən istifadə edir və müəyyən qədər düz də edir:"Lakin unutmayaq ki, İranda böyük sayda azərbaycanlılar yaşayır. İran-ABŞ münasibətlərinin soyuması həmyerlilərimiz üçün çətinlik yaratdığından bizim mövqeyimiz bir qədər həssaslaşır. Odur ki, bir qədər absurd da görünsə, rəsmi Bakı Tehranla Vaşinqton arasında körpü rolunu oynamalıdır. Müharibə şəraitində yaşayan bir dövlət üçün bundan yaxşı yol ola bilməz. Həmçinin Azərbaycan tərəfi bu vəziyyətdən istifadə edib işğalçı Ermənistana qarşı beynəlxalq təzyiqlərə də nail ola bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.