NATO Rusiyanın “qulağının dibi”ndə təlimlərə başlayır - nəzərlər Moskvada

26-07-2018, 08:59           
NATO Rusiyanın “qulağının dibi”ndə təlimlərə başlayır - nəzərlər Moskvada
ABŞ və Rusiya arasında Qafqaz uğrunda mübarizə qızışır; politoloq: “ABŞ və Rusiya üçün həyati əhəmiyyət kəsb edən başqa prioritetlər var...”
Avqustun 1-də Gürcüstanda NATO-nun çoxmillətli “Noble Partner” (“Layiqli tərəfdaş”) hərbi təlimlərinin sayca dördüncüsü başlayacaq. Artıq dördüncü ildir keçirilən bu təlimlər Rusiyada hər dəfə qəzəb və hiddətlə qarşılanıb. Azərbaycan və Ermənistanın bu təlimlərdə iştirakı məsələsi də hər dəfə xüsusi həssaslıqla nəzərdən keçirilib.

Virtualaz.org xəbər verir ki, bu dəfə də eyni reaksiya müşahidə olunur. Gürcüstan Müdafiə Nazirliyinin saytında yer alan rəsmi məlumata əsasən, Azərbaycan və Ermənistan təlimlərdə iştirakını təsdiq edib. Onların adları 13 ölkənin siyahısındadır. Təlimlərdə NATO üzvü olan ölkələrdən 3 mindən çox hərbçi, o cümlədən ABŞ ordusunun 1500-ə yaxın hərbçisi, onlarla “Abrams” tankları və “Apaçi” vertolyotları, digər hərbi texnikası iştirak edəcək. Amerika hərbi texnikası Gürcüstana dəniz yolu ilə gətiriləcək, Poti limanında boşaldılacaq və oradan tanklar Tiflis yaxınlığındakı Vaziani hərbi bazasına doğru hərəkət edəcək. Təlimlərə üzv ölkələrdən ABŞ-la yanaşı Türkiyə, Fransa və Almaniya qatılacaq.

Lakin Ermənistanın adı təlimlərdə iştirak edəcək ölkələrin siyahısında yer alsa da, bu ölkənin Müdafiə Nazirliyi hələ məsələyə aydınlıq gətirməyib. Erməni siyasi analitiklər ötənilki “Noble Partner” təlimlərində yaranmış vəziyyəti yada salırlar. Belə ki, uzunmüddətli sükutdan sonra təlimlərə cəmi bir gün qalmış Ermənistan müdafiə naziri Vigen Sərkisyan təlimlərə qatılmayacaqlarını bildirmişdi - baxmayaraq ki, Ermənistanın bayrağı artıq Vaziani bazasında təlimlərə qatılan ölkələrin bayraqları arasında qaldırılmışdı. Amma Rusiyadan edilən güclü təzyiqlərdən sonra İrəvan son anda təlimlərə qatılmayacağını elan etməli oldu.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, siyasi analitik Akop Bədəlyan deyib ki, yenə də Ermənistanın təlimlərdə iştirakı məsələsi yaxın günlərdə, yəni təlimlərin başlamasına az qalmış məlum olacaq. Onun sözlərinə görə, Ermənistanın təlimlərdə iştirakı məsələsinə Rusiya amilinin təsiri aydındır. “Son zamanlar, ümumiyyətlə, Ermənistan-Rusiya münasibətlərinə böyük informasiya hücumu müşahidə edilir. Müxtəlif təbliğati mənbələrdən daim Kremlin nəzərinə çatdırmağa çalışırlar ki, Ermənistandakı hakimiyyət anti-Rusiya mövqeyindədir. Güclü informasiya-təbliğat hücumu qarşısında isə indiki hakimiyyət doğrudan da ağır vəziyyətdədir. Bu ağır vəziyyət NATO təlimlərində iştirak məsələsinə də təsir edir” - Bədəlyan deyir. Digər siyasi analitik Stepan Səfəryan isə deyib ki, hakimiyyət Ermənistanın NATO təlimlərində iştirakını əsaslandırmaq üçün kifayət qədər legitimliyə malikdir. Onun sözlərinə görə, bu məsələ Ermənistan hakimiyyətinin NATO ilə münasibətlərdə sınaq daşı olacaq. Başqa sözlə, mövqe seçməyin vaxtı çatıb.

Sözügedən materialda bir məqama da diqqət çəkilib. Bildirilir ki, iyulun 23-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana zəng vurub. Kremlin yaydığı məlumata əsasən, tərəflər “Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlıq məsələlərini” müzakirə ediblər, digər məsələlər barədə isə heç nə deyilmir. Buna baxmayaraq, heç bir şübhə yoxdur ki, telefon danışığında Ermənistanın NATO ilə əməkdaşlığı məsələsindən də danışılıb, Rusiyanın buna necə yanaşdığı Paşinyanın nəzərinə çatdırılıb.

Cəmi iki həftə əvvəl Paşinyan NATO sammitində iştirak etmək üçün Brüsselə gedəndə Rusiyadan ona qarşı çox güclü hücumlar başladı. Paşinyanı hətta təhqir etdilər, Rusiya mətbuatı yazdı ki, Ermənistanın baş naziri ABŞ prezidenti Donald Trampla şəkil çəkdirmək üçün onu qapının ağzında gözləyib. Trampın başqa qapıdan çıxdığını görəndə Paşinyan cəld ona tərəf qaçıb və şəkil çəkdirməyə nail olub. Hərçənd ruslar Trampın qəfildən onun qarşısında peyda olan “bu saqqallı” şəxsin kim olduğunu bildiyinə şübhə edirdilər.


Ermənistanın baş naziri Nikol Paşinyan 26-27 iyul tarixlərində Sankt-Peterburqda keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasına qatılacaq. Çox güman ki, bu səfərdə də Paşinyanla Putin arasında NATO təlimləri mövzusunda müzakirələr aparılacaq.

Paşinyanın sammitdə iştirakının ardınca Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri heç bir xəbərdarlıq etmədən, hansısa təlim adı altında Şirak rayonunun Panik kəndinə daxil olaraq sağa-sola atəş açdılar. Nəticədə kənddə böyük vahimə yaranıb. İnsidentin ardınca müdafiə naziri David Tonoyan bildirib ki, 102-ci hərbi bazaya dair müqavilənin şərtlərinə yenidən baxıla bilər.

Beləliklə, hazırda Rusiyanın Ermənistandakı hakimiyyətlə münasibətləri tamamilə gərgindir və ayrılmaz müttəfiqlik barədə pafoslu nitqlər daha eşidilmir. Belə vəziyyətdə Ermənistan “Layiqli tərəfdaş” təlimlərinə qatılsa şübhəsiz ki, Kremldə Paşinyanın nə dərəcədə nalayiq müttəfiq olduğuna daha çox əmin olacaqlar.

Beləcə, ABŞ Rusiyanın “qulağının dibində” NATO-nun növbəti təlimlərinə start verməklə Kremlə mesajını verir. Postsovet ölkələrini alyansa doğru çəkməyə çalışan ABŞ indi də Qafqaz uğrunda mübarizənin növbəti mərhələsinə keçid etməkdədir. Amma Rusiyanın buna hansı sürpriz edəcəyi maraqlıdır. Tiflis və Kiyevin NATO-ya inteqrasiya cəhdində Moskvanın verdiyi kəskin reaksiyalar unudulmayıb.


Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, NATO-nun “Noble Partner” təlimləri ilk dəfə deyil ki, Gürcüstanda keçirilir: “Bu təlimlərdə təkcə Azərbaycan deyil, Rusiyanın hərbi-siyasi müttəfiqi Ermənistan da iştirak edəcək. Bu baxımdan təlimlərdə hər hansı bir siyasi motivin olduğunu və bunun Rusiyaya qarşı atılan bir addım xarakteri daşıdığını düşünmürəm. Təlimlərin məqsədi Qara Dəniz bölgəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə NATO üzvü olan ölkələrlə tərəfdaş dövlətlərin operativ əlaqələndirməsini təmin etməkdən ibarətdir. Təlimlərə qatılacaq hərbçilərin 1300 nəfərini Gürcüstan, 1170 nəfərini isə ABŞ-dan olan hərbçilər təmsil edəcək. Estoniya, Fransa, Böyük Britaniya, Almaniya, Litva, Polşa, Norveç, Türkiyə, Azərbaycan, Ukrayna və Ermənistanı təmsil edəcək hərbçilərin sayı isə təxminən 500 nəfərdən ibarət olacaq. Bu rəqəm isə dövlətlərin sayına bölündükdə təxminən 45 nəfər edir. Nəzərə almaq lazımdır ki, Təlimlərə NATO üzvü olan dövlətlər daha çox hərbçi ilə qatılacaqlar. Tərəfdaş ölkələrin isə güman edirəm ki, təmsilçilərinin sayı 10-20 nəfər arasında olacaq. Bu isə təlimlərin əlaqələndirmə xarakteri daşıdığını ortaya qoyur”.

Səslənən versiyalara rəğmən E.Mirzəbəyli bildirdi ki, ABŞ-la Rusiya arasında hələlik Cənubi Qafqaz uğrunda elə də ciddi mübarizə getmir: “Hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edən başqa prioritetlər var. Həmçinin bu dəfə Ermənistan iştirak edəcəyini bildirib. Keçənilki durumla mövcud vəziyyəti müqayisə etmək doğru olmazdı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.