ABŞ NƏDƏN "ŞİMAL AXINI-2" LAYİHƏSİNƏ QARŞI ÇIXIR? - EKSPERT RƏYİ

24-08-2018, 12:19           
ABŞ NƏDƏN "ŞİMAL AXINI-2" LAYİHƏSİNƏ QARŞI ÇIXIR? - EKSPERT RƏYİ
Natiq Cəfərli: "ABŞ-Rusiya-Avropa qaz üçbucağındakı münasibətlərin fonunda Azərbaycanın önəmi artır"

"Azərbaycan üçün ciddi fürsətlər açılır, bu həm də ciddi təhlükələrə də qapı açır"

"Dünyada baş verən hadisələri, dövlət və hökumət başçılarının bəyanatlarını, səfərlərini ancaq hərfi mənada oxumaq, görmək yanlışdı, mütləq kontekstə fikir verməli, baş verənləri çoxmüstəvili baxışla görməyə üstünlük verilməlidir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

“ÜDM 10 ildə rəsmilərin dediyi kimi 3,5 dəfə yox, 2,6 dəfə artıb” - NATİQ CƏFƏRLİ

ABŞ-ın israrla Rusiyanın Avropada həyata keçirmək istədiyi qaz layihələrinə əngəl olmağa çalışdığını vurğulayan ekspertin sözlərinə görə, Ukrayna və Belorusdan yan keçən ilk "Şimal Axını" qaz layihəsi Rusiya-Qərb münasibətlərinin tam da kəskinləşmədiyi dönəmdə hayata keçirildi: "Bu boru xətti ilə Rusiya Avropaya 55 mlrd. m3 qaz satır. Sonra Rusiya Ukraynanı tamamilə tranzitdən kənarda qoymaq üçün "Şimal Axını -2" layihəsinə start verdi. Həmin xətt üzrə də Avropaya 55 mlrd. m3 qaz satılması nəzərdə tutulur. Amma bu dəfə ABŞ bu layihəyə qarşı çox aqressiv münasibət göstərərək hayata keçirilməsinə ciddi maneələr yaradır. ABŞ-ın əsas arqumenti odur ki, Avropadakı müttəfiqlərinin Rusiya qazından asılı vəziyyətə düşməsini istəmir. Məhz buna görə də "Şimal Axını -2" layihəsinə mane olur". Lakin avropalıların, əsasən də Almaniyanın bu layihəni dəstəklədiyini deyən Natiq Cəfərli qeyd edir ki, Almaniya həm tranzitdən, həm də qazpaylayıcı "xaba" çevrilməsindən ciddi qazanc əldə edəcək: "Həm də bu layihənin həyata keçirilməsində çalışan podratçı-subpodratçı şirkətlərin bir çoxu Almaniya şirkətləridir. Faktiki olaraq Almaniya Rusiya qazının Avropaya paylanmasında mərkəzə çevrilməyi hədəf götürüb".

Avropa üçün Rusiya qazından asılılığın təhlükəli olduğunu bildirən iqtisadçı ekspert hesab edir ki, bu asılılıq qarşılıqlıdır: "Avropanın illik qaz istehlakı 500 mlrd. m3-dir, bu gün bu təlabatın 35 faizini Rusiya verir. Belə asılılıq Avropa üçün təhlükə törədir. Yəni, Rusiya istənilən an bu üstünlüyündən istifadə edərək Avropaya təzyiq edə bilər, hətta belə presidentlər artıq olub. Amma asılılıq qarşılıqlıdır – Rusiya üçün ən vacib, gəlirli, stabil qaz bazarı məhz Avropadır. Yəni, Avropaya qazı kəssə, Rusiya elə öz büdcəsini və gəlirlərini kəsmiş olacaq. Qaz elə bil məhsuldur ki, onu böyük həcmlərdə yığıb-saxlamaq və ya marşrut istiqamətlərini tez-tez dəyişmək mümkün deyil. Sual yaranır: Nədən ABŞ Avropadan daha çox "Şimal Axını -2" layihəsinə qarşı çıxır? Məntiqlə Avropa daha çox narahat olmalıdır axı, elə deyilmi? Sualın cavabı çox sadədir – ABŞ bu ildən başlayaraq Avropaya tankerlərlə sıxılmış qaz satmağa başlayıb, yaxın 2 ildə Avropaya ildə 80 mlrd. m3 qaz satmağı düşünür. Amma sıxılmış qaz daha baha başa gəlir, qiymətdə Rusiya qazına uduzur. ABŞ Moskvanı sıxmaqla Rusiyanın AB bazarında payını azaltmağa, əvəzində öz qazını satmağa çalışır. Yəni, Rusiyadan asılılığı qabartmaq bəhanədir, əsas öz maraqlarıdır və bu da təbiidir – öz marağını güdməyən dövlət qlobal "oyunlarda" zatən uduzmağa məhkum ola bilər".

Bu arada, ABŞ-Rusiya-Avropa qaz üçbucağındakı münasibətlərin fonunda Azərbaycanın önəminin artdığını qeyd edən Natiq Cəfərlinin fikrincə, burada əsas hədəfdə Türkmənistan qazıdır: "Söhbət qaz həcmlərindən getmir. Sadəcə Avropa özünə lazım olan boru-nəqliyyat xətlərini Azərbaycanın hesabına çəkdirir, bu isə heç də az önəmli məsələ deyil. Azərbaycanın qaz ehtiyatları da, Avropaya 2020-ci ildən sonra satacağı ildə cəmi 10 mlrd. m3 qaz da o qədər də əhəmiyyətli həcmlər deyil. Avropanın kiçik dövlətlərindən biri olan Macarıstanın illik qaz istehlakı 11,5 mlrd. m3-dir, deməli Azərbaycanın qazı balaca Macarıstana belə yetəcək həcmdə deyil. Amma Azərbaycanın coğrafi mövqeyi, boru infrastrukturu ölkənin önəmini artırır, əsas hədəfdə Türkmənistan qazıdır. Düşünürəm ki, bir neçə gün öncə anidən baş tutan Merkel-Putin danışıqlarının əsas mövzusu "Şimal Axını -2" layihəsinin dəstəklənməsi qarşılığında Rusiyanın "Transxəzər"ə mane olmayacağı məsələsi olub. Görünən odur ki, bu haqda ilkin razılaşma artıq var və Merkelin Bakı səfərində əsas mövzulardan biri məhz bu məsələ olacaq. Rusiya "Transxəzər"ə mane olmasa, məncə, ABŞ-ın da, Avropanın da "Şimal Axını – 2" layihəsinə münasibəti yumşalacaq. Çox maraqlı və dinamik dövrdə yaşayırıq, dünyada, ətrafımızda baş verən, hər an dəyişən siyasi, iqtisadi mövzulara çevik və operativ reaksiya verən hökumətə ehtiyacımız daha da artıb. Hətta bu məsələləri özgürcə müzakirə edə bilən normal parlamentə ehtiyac isə on qat artıb. Yəni, bizim "qalstuklu müəlimlər" anlamalıdırlar ki, bizdən asılı olmadan Azərbaycanımız üçün ciddi fürsətlər açılır, amma bu həm də ciddi təhlükələrə də qapı açır. Fürsətlərdən yararlanmaq, təhlükələrdən sovuşmaq üçün isə ortaq ağıl, ciddi və açıq müzakirələr lazımdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.