Həcc ziyarəti biznesə və siyasi təzyiq vasitəsinə necə çevrilir?
25-08-2018, 10:24
Hər il 2 milyona yaxın müsəlmanın ziyarət elədiyi Səudiyyə Ərəbistanı onların təhlükəsizliyi, yerləşdirilməsi və s. bu kimi məsələlərə məsuliyyət daşıyır. Ölkənin sərt viza qaydaları bura gedişi bir az da çətinləşdirir.
Çətinliyi yaradan digər amil də Həccə getməyin İslamın beş şərtindən biri olması və hər müsəlmanın imkan daxilində həyatında ən azı bir dəfə bu şərti yerinə yetirməli olmağıdır.
1
Kvota necə müəyyən edilir?
İslamın tələbinə görə, bu ziyarətə gedən müsəlmanın borcu olmamalıdır, həmin ziyarət üçün tələb olunan pul kimdənsə borc alınmamalıdır və s.
Maddi imkanla yanaşı müsəlmanın yaşadığı ölkə, bu ölkə üçün Səudiyyə Ərəbistanının ayırdığı kvotanın da Həccin reallaşmağına təsiri var. Azərbaycanla müqayisədə müsəlmanların sayının daha çox olduğu Türkiyə, İndoneziya, Nigeriya və s. kimi ölkələrdə Həccə gedəcək zəvvarlar dövlətin təşkil etdiyi püşkatma ilə müəyyən edilir.
Kvotanın sayını müəyyən edən Səduiyyə Ərəbistanı bunu bir çox meyarlara əsasən müəyyən edir. Məsələn, hər il qonaqlaya biləcəyi sayda zəvvarların gəlməsini təmin edir. 2006-2016-cı illər ərzində Həccə gedən zəvvar sayında ən aşağı göstərici 2016-cı ildə qeydə alınıb. Belə ki, həmin il Məkkəni 1 milyon 325 min 372 xarici və 537 min 537 yerli zəvvar ziyarət edib.
2017-ci ildə Hacı titulu almaq istəyən təxminən 2 milyon zəvvar Məkkəyə gedib.
İnfoqrafika: Mikroskop Media
2
Həcc siyasi təzyiq vasitəsi kimi
Həcc müsəlmanlar üçün nə qədər müqəddəs və ali ziyarət sayılsa da bu ziyarətin təşkili ilə bağlı korrupsiya, onun siyasi təzyiq vasitəsinə çevrilməsi iddiaları da var. Bəzi ekspertlər deyir ki, Səudiyyə Ərəbistanın onun haqqında tənqidi fikirlər səsləndirən müsəlman ölkələrini zəvvarlar üçün kvotanı azaltmaqla təhdid edir. Səudiyyə Ərəbistanın diplomatik münasibətlərinin gərgin olduğu ölkələrin vətəndaşları üçün müqəddəs torpaqları ziyarət eləmək xeyli çətinləşir.
Məsələn, bu ölkənin 2012-ci ildən bəri Suriya ilə, daha konkret desək Bəşər Əsəd hökuməti ilə diplomatik münasibətləri yoxdur, ona görə də Həccə getmək istəyən Suriya vətəndaşlarından tələb olunur ki, 3-cü ölkədən viza alsınlar. Bu da müxalif qüvvələrin nəzarətində olan Suriya Milli Həcc Komitəsi tərəfindən idarə edilir.
Bundan başqa Səduiyyə Ərəbistanın Qatarla da münasibətləri gərginləşəndən sonra buradan gələn zəvvarlardan tələb olunub ki, ölkəyə Qatar hava yolları ilə yox, başqa hava yolu vasitəsilə gəlsinlər.
Təkcə dövlətlər deyil, ayrı-ayrı şəxslər də Səudiyyə Ərəbistanının təzyiqinə məruz qalıb. Belə ki, Tunis İslam Hərəkatının lideri Rəşid əl-Qanuçinin bu ölkəyə girişi 9 il qadağan olunub. Yalnız 2016-cı ildə Səudiyyə kralı onu Həcc ziyarət etmək üçün ölkəsinə dəvət edib.
2015-ci ildə isə Həcc ziyarəti zaman 2 mindən çox adamın ölməsi də İranla Səduiyyə Ərəbistanı arasında münasibətlərin pozulması ilə nəticələnib. Belə ki, ölənlər arasında 400 zəvvar iranlı idi və buna görə də ölkənin ali dini lideri Ayətullah Xomeneyi Səudiyyə Ərəbistanını zəvvarların təhlüksəziliyini təmin etməməkdə təqsirli bilib və tənqid edib. Bundan sonra isə Səudiyyə Ərəbistanı 2016-cı ilin yanvarında İranla diplomatik münasibətləri kəsib.
2015-ci ildə ziyarət zamanı ölən zəvvarların cəsədləri. Foto: AP
Müsəlman Gənclər Konfransında Müsəlman Tələbələr Assosiasiyasının rəhbəri Ziyad Əbdül Malik Səudiyyə hökuməti Həcc ziyarətini siyasiləşdirməkdə ittiham edib. Müsəlman gənclər həm də hesab edir ki, Səudiyyə hökuməti müsəlmanların müqəddəs şəhərini dağıdır.
Həcc ziyarətinə ev sahibliyi edən Səudiyyə Ərəbistanı həm də kvota sisteminin qeyri-şəffaflığına görə tənqid olunur. Ölkənin kvotanı hər il konkret hansı meyarlara əsasən müəyyən etdiyi məlum deyil, açıqlanmır.
3
Korrupsiya ilə zəvvar seçimi
Həcc ziyarəti ilə bağlı tənqidi fikirlər təkcə Səudiyyə Ərəbistanın qapalı saxladığı kvota siyasəti ilə bağlı deyil. Ziyarətin növbəti mərhələsi, yəni kvota ayrılan ölkələrin zəvvar seçimi ilə də bağlı tənqidi fikirlər kifayət qədərdir. Müsəlman əhalinin sıx yaşadığı ölkələrdə bu seçim daha çətin və bəzilərində isə rüşvətlə həyata keçirilir.
Zəvvarların seçimində korrupsiyaya yol vermə hallarında adı çəkilən ölkələrdən biri Pakistandır. Korrupsiyanın geniş yayıldığı Pakistanda bu qanun pozuntusu Həcc ziyarətinin təşkilinə qədər gedib çıxıb. Belə ki, 2010-2011-ci illərdə nazirlərin həcc ziyarəti təşkili agentliklərindən qeyri-qanuni ödənişlər aldığı ortaya çıxıb. Ötən il bu hadisədə adı hallanan nazir Həmid Sayid Kazimı məhkəmədən azadlığa buraxılsa da korrupsiya faktı uzun müddət müzakirə olunub.
Həcc ziyarəti ilə bağlı tənqidi fikirlər səsləndirənlər təkcə Səudiyyə Ərəbistanı tərəfindən yox, elə öz ölkələrində də təzyiqə məruz qalır. Ən yüksək Həcc kvotasının ayrıldığı ölkələrin ilk 10-luğunda olan Banqladeşdə də bu hal yaşanıb. Həcc ziyarətinin vaxt itkisi olduğunu deyən Əbdül Lətif Sidqi 2014-cü ildə həbs olunub.
4
Həcc ziyarəti ölkələrə necə pul qazandırr?
Korrupsiya, şəffaf olmayan kvota sistemi ilə yanaşı Həcc ziyarəti həm də böyük pullar gətirir. Həm Səudiyyə Ərəbistanına, həm də bu ölkəyə zəvvar göndərən ölkələrə. Bu pullar təkcə hava yolu şirkətlərinin, Məkkə yaxınlığındakı otel və qonaq evlərinin ziyarət ərəfəsində qiymətləri artırması ilə əldə olunmur. İndoneziya Həcc kvotasına görə liderlik edən ölkələrdəndir. Bu ölkədə 260 milyon müsəlman yaşayır və həcc ziyarəti üçün zəvvar kvotası 2018-ci il üçün 221 min nəfərdir. Müsəlman əhalinin say çoxluğu təşkil edən digər ölkələr kimi İndoneziyada da zəvvar olacaq adamlar dövlətin təşkil etdiyi püşkatma ilə seçilir. Bu püşkatmada iştirak etmək üçün zəvvar olmaq istəyən indoneziyalı ən azı 2 min ABŞ dolları ödəməlidir. Bundan sonra onun adı gözləmə siyahısına düşür və 12-17 illik gözləmə müddəti başlayır. Bu pul paytaxt Cakartada yaşayan və minimum əmək haqqı alan indoneziyalının 1 illik gəliridir. Ölkə əhalisinin 43 faizi isə daha az gəlirlə yaşayır və bu da onların təxminən 3 illik gəliridir.
Minimum əmək haqqının 130 manat olduğu Azərbaycanda isə Həccə getmək istəyən zəvvarlar 4150 ABŞ dolları, yəni təxminən 7 000 AZN pul ödəməlidir.
Türkiyədə isə zəvvar olmaq istəyənlər üçün ödənişlər müxtəlifdir, bu da zəvvarın qalmaq istədiyi otaq sayına əsasən dəyişir. Diyanət İşləri Nazirliyinin açıqlamasına görə, 2017-ci ildə qiymətlər belə olub:
2 nəfərlik otaq üçün adambaşı qiymət – 15 min 500 Türk lirəsi, həmin dövr üçün təxminən 4 min ABŞ dolları
3 nəfərlik otaq üçün adambaşı qiymət – 14 min türk lirəsi ($3 700)
4 nəfərlik otaq üçün adambaşl qiymət – 12 min 250 türk lirəsi ($ 3 250)
Oteldə gecələmək istəyənlər üçün isə qiymətlər 22 min türk lirəsindən 39 min lirəyə qədər dəyişirdi.
Türkiyədə minimum əmək haqqı isə 1603 türk lirəsidir.
İstənilən halda ən çox gəlir Səudiyyə Ərəbistanı hökumətinə məxsusdur.
Məkkəni ziyarət edən hər zəvvar orta hesabla burada 4-5 min ABŞ dolları miqdarında pul xərcləyir. Ölkənin hər il Həcc turizmindən gəliri zəvvarların sayından asılı olaraq dəyişir. Buna baxmayaraq hər il bu rəqəm milyardlarla hesablanır. Məsələn, 2016-cı ildə krallıq Həccdən 8.5 milyard dollar gəlir əldə edib.
2012-ci ildə Səudiyyə Ərəbistanı Həcc və Umrə ziyarətlərindən birlikdə 12 milyard dollar gəlir əldə edib. 2017-ci ildə bu gəlirin 4 milyard dollar olduğu bildirilir. Amma ekspertlər deyir ki, 2022-ci ilə qədər bu ölkənin müqəddəs ziyarətlərdən əldə etdiyi gəlir 150 milyard dollara çatacaq.
mikroskopmedia.com