Əməllərlə təsdiq olunan vədlər - Israfil Kərimov yazır

28-08-2021, 18:58           
Əməllərlə təsdiq olunan vədlər - Israfil Kərimov yazır
Əməllərlə təsdiq olunan vədlər
Prezident İlham Əliyev 2021-ci il 26 avqust tarixində Abşeron
rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi
qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması
mərasimində bir daha bu əminliyi ifadə etmişdir ki, hərbçilər, qazilər və
şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
Ölkə başçısı şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi
qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması
mərasimində şəhid ailələri və müharibə əlillərinin sosial təminatı,
postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və
avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində
görülən işlərdən geniş bəhs edərək bildirmişdir ki, bütün bunlar böyük
vəsait tələb edir. Bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç
kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş
torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra
olunur.
Bildirilib ki, ölkəmizdə müharibə əlillərinin sosial şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata
keçirilir. 2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və
Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə
50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə
təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi
nəzərdə tutulub.
1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və
fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında
imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-
2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.
Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq
tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200
nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb
edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə
təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən
olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta
aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36
min xidmət göstərilib.
Ölkə başçısı bildirdi ki, eyni zamanda İkinci Qarabağ müharibəsində
qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər və
həmçinin ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də yeni
mənzillərə sahib olacaqlar.
Vətən müharibəsindən sonra 9 mindən çox insana sosial ödənişlər
verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını
itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil
protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan
140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata
qaytarır.
Eyni zamanda müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün
də minlərlə yeni ev tikilməkdədir. Yüzdən çox mülki şəxs, onların arasında
qadınlar və uşaqlar həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir.
Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük
hissəsi artıq inşa edilib. Bu işlər davam etdirilir.
Onu da qeyd edək ki, artan iqtisadi güc ölkəmizə Cənubi Qafqazın və
ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin
təşəbbüskarı olmaq imkanı verib. Azərbaycan regional iqtisadiyyatın
lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından
birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu
yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi
suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır. Əldə edilən iqtisadi
üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə
ölkənin hərbi qüdrətini də yüksəltdi. Bu nailiyyətlər torpaqlarımızın işğaldan
azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbəyə
transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi
Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan
azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı
üçün tam istifadə olunmasına geniş imkanlar yaradır.
Dövlət başçısı İlham Əliyev qeyd etdiyimiz mərasimdə hazırda
işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərin xronologiyasını
təqdim etmişdir. Bu gün o, bölgələrdə gedən quruculuq-abadlıq işləri göz
önündədir. Təbii ki, hər bir ölkənin inkişafı onun daxili potensialının
yüksəlməsi ilə yanaşı beynəlxalq aləmdə çəkisinin, yerinin və rolunun
artmasında da ifadə olunur. Son 18 ilin xarici siyasət uğurlarından bəhs
edərkən bu fikri böyük inamla qeyd edirik ki, sovetlər birliyinin
dağılmasından sonra yaranan 15 dövlətdən yalnız Azərbaycan dünyanın
ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilib. 155 ölkənin dəstəyini qazanmaq böyük uğur, diplomatik
qələbə kimi dəyərləndirildi. Bu mühüm hadisə Azərbaycanın iqtisadi
möcücəsinin beynəlxalq aləmdə çəkisinə nə qədər təsir göstərdiyinin aydın
ifadəsini yaratdı.
Son 18 ildə Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə
ciddi təsir göstərən, dünyada əsl söz sahibinə çevrilən bir dövlət kimi adını
müasir tariximizə yazıb. Regional əməkdaşlığın aparıcı qüvvəsi kimi
Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir. Azərbaycan sözün
həqiqi mənasında ciddi regional faktora çevrilib. «Bizim xarici siyasətimiz
də birmənalıdır, açıqdır, aydındır və müstəqildir» söyləyən dövlətimizin
başçısı İlham Əliyev bildirir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq
bütün dövlətlərlə əlaqələrimiz qarşılıqlı hörmət və milli maraqlar prinsipi
əsasında qurulur. Təkcə tarixi Zəfərimizin yazıldığı 44 günlük Vətən
müharibəsini təhlil etsək Azərbaycanın 18 ildə bütün sahələrdə qazandığı
uğurları təhlil etmiş olarıq. Beynəlxalq aləmdə xoşbəxt, islahatçı ölkə kimi
tanınan Azərbaycan növbəti uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr etdi.
Bu əlavələr sırasında ölkəmizin sözünün imzası qədər dəyərinin artması,
etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi öz növbəsində bu gün
tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirdi.
Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində ərazi
bütövlüyümüz təmin edildi, 30 ilin işğalına son qoyuldu.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.