Hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar

28-08-2021, 19:00           
Hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə
qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı
bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər
gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı
salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad
edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən
qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün
cəmiyyətimizin borcudur.
Qalib Sərkərdə cənab İlham Əliyev və dövlət başçısının ən yaxın, ən
sadiq silahdaşı, birinci xanım, birinci vitse-prezident Mehriban xanım
Əliyeva tərəfindən Şəhidlərə, Şəhid ailələrinə, Qazilərə, Qazi ailələrinə,
bütövlükdə Vətən Müharibəsi iştirakçılarına diqqət, qayğı, ehtiram, həssas
münasibət göstərilib, bu gün də göstərilməkdədir.
Şəhid ailələrinin, Qazilərin, Vətən Müharibəsi iştirakçılarının
müavinətlərlə, güzəştlərlə, imtiyazlarla təmin olunması, onların mənzil,
yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində mütəmadi və ardıcıl
addımların atılması deyilənlərin əyani təsdiqi və sübutudur. Son illərdə hər
ay, hər həftə neçə-neçə Şəhid ailəsi, Qazi ailəsi evlərlə, mənzillərlə, minik
avtomobilləri, o cümlədən, iş yerləri ilə təmin edilirlər.
26 avqust tarixində Abşeron rayonunda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri,
müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və
avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Mərasimdə
şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına
300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.
İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə
ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid
ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə
görüşmüş və ölkə başçısı çıxışında qazanılmış qələbənin önəminə bir daha
toxunmuşdur. “Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri,
Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür.
Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək
özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə
bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni
torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı
yazdırdıq.”
Ölkə başçısı mərasimdə çıxışı zamanı Vətən Müharibəsi Qəhrəmanı
adına layiq görülmüş şəxslərin və şəhidlərin evlərlə təmin olunacağını,
həmçinin, şəhid ailələri, qazilər, müharibə veteranlar ilə yanaşı müharibə
dövründə öz əmlakını itirmiş mülki şəxslər üçün də yeni evlərin tikildiyini qeyd
etdi.
Bəli, bütün bunlar bir daha onu göstərir və bir daha onun əyani
təsdiqidir ki, dövlət hər zaman vətəndaşının yanındadır və bir daha
vurğulamaq gərəkir ki, tarixi Qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin
qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Qəhrəman oğullarımızın
müharibədə göstərdikləri qəhrəmanlıq salnamələrinə yüksək dəyər verilir.
Cənab Prezidentin imzaladığı müvafiq sərəncam da bu qayğının və diqqətin
əyani təzahürüdür.
Aysel Mənsimova – YAP üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.