Səbaildə 31 Mart soyqırımının 100 illiyinə həsr olunmuş tədbir - FOTOLAR
2-04-2018, 10:16
teref.az - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı imzaladığı Sərəncamın icrası ilə bağlı paytaxtın Səbail rayonunda geniş tədbirlər planı hazırlanmış, idarə, təşkilat və müəssisələrdə, ali və orta təhsil, mədəniyyət müəssisələrində müxtəlif konfrans, dəyirmi masa, toplantılar keçirilib, rəsm və kitab sərgiləri təşkil olunub, ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabının təqdimatı keçirilib, məktəblilərin Soyqırım muzeyinə ekskursiyaları təşkil olunub.
Səbail rayonunda Soyqırım faciəsinin 100 illiyinə həsr olunmuş növbəti tədbir hər bir azərbaycanlınin and yeri olan “Şəhidlər Xiyabanı”nda yerləşən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail Rayon Təşkilatının qərargahında rayon rəhbərliyi, müharıbə veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
teref.az xəbər verir ki, tədbirdə çixiş edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov rayonda keçirilən tədbirlər barədə ətraflı məlumat verərərək qeyd etmişdir ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır.
Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada «Böyük Ermənistan» yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı və Azərbaycanın bir sıra bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar. 1992-ci ilin fevralında isə ermənilər öz havadarlarının köməyi ilə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törətdilər.
Azərbaycan müstəqillik qazandıqdan sonra Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi.
Ulu öndərin siyasətini müvəfəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalanmışdır.
Eldar Əzizov vurğulamışdır ki, Dünyada yeni tipli lider kimi tanınan, bu günkü çətin və mürəkkəb dövrdə müstəqil siyasət yürüdən cənab Prezidentin bu siyasəti yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir.
Daha sonra çıxış edən Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev, müharıbə veteranları Bəhrəm Ağakişiyev, Yuri Qaraqanov, İradə Sadıqova və başqaları 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş və görüləsi işlər
barədə danışmış, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı siyasəti yekdilliklə dəstəklədiklərini bildirmişlər.
Sonda iştirakçılar tərəfindən havaya yüzlərlə qara şar buraxılmışdır.