Rusiyaya qarşı yeni sanksiyalar gündəmdə: səkkizinci paketdə nələr olacaq?

23-09-2022, 16:17           
Rusiyaya qarşı yeni sanksiyalar gündəmdə:
Əsas məqsəd Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün G7 razılaşmasını həyata keçirməkdir

Rusiya Federasiyasına qarşı səkkizinci sanksiyalar paketində Rusiya neftinin qiymətləri ilə bağlı məhdudiyyətlər, fiziki şəxslərə qarşı sanksiyalar, habelə Rusiyanın İT sənayesinə yönəlmiş məhdudiyyətlər ola bilər.

AYNA UNİAN-a istinadən bildirir ki, Polşa və Baltikyanı ölkələr Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarına və nüvə ilə bağlı hədələrinə cavab olaraq Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının artırılmasını fəal şəkildə təşviq edirlər.

“Financial Times”ın məlumatına görə, Aİ-yə üzv ölkələr Rusiyaya qarşı sərt tədbirlərə, o cümlədən “Swift”dən daha çox bankın çıxarılmasına və almaz idxalına qadağa qoyulmasına çalışırlar. Onlar həmçinin dəbdəbəli mallara və Rusiyanın İT, kibertəhlükəsizlik və proqram təminatı sənayesinə qarşı sanksiyaların tətbiq edilməsini tələb edirlər.

Bununla belə, Aİ rəsmiləri 27 üzv dövlətin hamısı arasında konsensusun tapılmasının çətin olacağını, Macarıstan isə heç bir yeni sanksiyaların ümumiyyətlə istəmədiyini bildirib.

Nəşr qeyd edir ki, Avropa Komissiyasının əsas məqsədi Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün G7 razılaşmasını həyata keçirməkdir. Buna görə də Rusiyaya qarşı sanksiyaların səkkizinci paketində Rusiya neftinin qiymətinin məhdudlaşdırılması qaydaları, fiziki şəxslərə qarşı sanksiyalar, həmçinin Rusiyanın İT sənayesi, kibertəhlükəsizlik və proqram təminatının inkişafına yönəlmiş məhdudiyyətlərin olacağı gözlənilir.

Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, Aİ-nin Moskvaya təzyiqi artırmalı olduğuna daha çox əmin olan ölkələr Avropa Komissiyasının dəstəkləməli olduğu təfərrüatlı tədbirləri yaydılar. Onların ideyaları arasında Belçikanı vuracaq almaz idxalına qadağa, daha çox Rusiya bankının “Swift” şəbəkəsindən çıxarılması, Rusiyaya İT və digər xidmətlərin əlçatanlığının məhdudlaşdırılması və Rusiyanın müharibədə müttəfiqi olan Belarusa qarşı eyni sanksiyaların tətbiqi var.

Bununla belə, Avropa rəsmiləri bəzi iddialı ideyalar üzərində razılaşmağın çətin olacağını qeyd ediblər.

Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.