Evli kişilərin əsgərlik müddəti qısaldıldı
20-05-2016, 01:06
İranda hərbi xidmətlə bağlı yeni qaydalar təsdiqlənib. Ali dini liderin təsdiqlədiyi qaydalara əsasən, evli şəxslərin hər uşağa görə 3 ay daha az hərbi xidmət keçməsinə imkan veriləcək.
Gələn aydan etibarən İranda evli olan əsgərlərin hər uşağa görə 3 ay daha az hərbi xidmət keçməsinə imkan veriləcək. Bu qərarı İranın ali dini lideri Əli Xameneyi təsdiqləyib.
Sputnik haberler-ə istinadla xəbər verir ki, yeni dəyişiklikdə evli olan əsgərlər yoldaşlarının yaşadığı şəhərlərdə xidmət edib, həftədə 3 dəfə evlərinə gedə biləcəklər. Həmçinin, evli əsgərlər subaylardan fərqli olaraq ildə 30 gün icazədən istifadə edə biləcəklər.
Hərbi xidmətin zəruri olduğu İranda əsgərlik müddəti 21 aydır. İranın ali dini lideri Əli Xameneyi bir neçə gün əvvəl çıxışı zamanı "evlilik sünnəsinə qarşı çıxanlara lənət olsun" deyərək, ölkədəki bəzi ictimai təşkilatlarının mövqeyini sərt tənqid etmişdi.
İranın ali dini lideri son bir neçə ildir, dəfələrlə əhali artımının vacibliyini vurğulayaraq, əvvəlki illərdə dövlət tərəfindən tətbiq olunan əhaliyə nəzarət planlamasının böyük bir səhv olduğunu söyləmişdi.