“Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağ ərazisində referendum keçirilə bilməz" - Rusiyalı politoloq

31-05-2016, 13:13           

“Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində iki məsələ - Dağlıq Qarabağın və ətraf rayonların statusu müzakirə edilir".

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri rusiyalı politoloq Sergey Markedonov deyib. O bildirib ki, danışıqlar prosesində böyük dəyişikliklər görmür: “Həmsədrlər tənzimlənmənin əsası kimi baza prinsipləri üzərində təkid edirlər. Elə bu günlərdə həmsədrlər öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü və gücdən istifadə etməmək prinsiplərinin bərabər olduğu bildirilən bəyanat verdilər. Biz burada da əhəmiyyətli dəyişikliklər görmürük”.

Politoloqun sözlərinə görə, münaqişə tərəfləri arasında zorakılığın artması və kompromisin olmaması təhlükəlidir: “Vyanada aparılan danışıqlar diplomatik prosesi müəyyən səviyyəyə qaytarmaqdan ibarət cəhd idi. Lakin mən yaxın zamanlarda keçmişdə baş vermiş zorakılıqların təkrarlanmayacağı təminatını verə bilmərəm”.

Dağlıq Qarabağın müəyyən mərhələdə danışıqlar masasında qayıtması ilə bağlı rusiyalı həmsədr İqor Popovun fikirlərinə münasibət bildirən S. Markedonov qeyd edib ki, yenilənmiş Madrid prinsiplərinin sonuncu bəndi elə məhz bundan bəhs edir: “Bu bənd Qarabağın statusu ilə bağlı mütləq hüquqi referendumdan bəhs edir. Ümumiyyətlə, bu, qarabağlıların öz talelərini özlərinin müəyyənləşdirməsini ehtiva edir, lakin problem ondandır ki, həmsədrlər və onların arxasında duran ölkələr bu qərarı Azərbaycanın razılığı olmadan həyata keçirə bilməzlər. Azərbaycan Konstitusiyasına əsasən ölkənin müəyyən bir ərazisində referendum keçirilə bilməz. Ona görə də Dağlıq Qarabağın tezliklə danışıqlar prosesinə qoşulacağına inanmıram, çünki bu, kifayət qədər çətindir. Lakin Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi tənzimlənmənin əsas prinsipi kimi gündəlikdə olacaq. Ümumiləşdirsək, iki məsələ - Dağlıq Qarabağın statusu və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılması məsələləri müzakirə edilir”.

Sonda politoloq bildirib ki, etimad quruculuğu tədbirləri hazırda sıfır səviyyəsindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.