Bu ölkənin müdafiə naziri istefa verdi
17-01-2023, 12:25

Son zamanlar Almaniya hökumətinin ən çox tənqid olunan üzvünə çevrilən Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verib.
Ölkə.Az xarici KİV-ə istinadən xəbər verir ki,bu barədə o özü məlumat paylaşıb.
İstefasını kansler Olaf Şoltsa təqdim etdiyini deyən Lambrext mediaya edilən təzyiqlərdən şikayətlənib:
“Aylardır medianın mənə diqqət yetirməsi əsgərlər, silahlı qüvvələr və Almaniya vətəndaşlarının maraqlarına uyğun təhlükəsizlik siyasəti ilə bağlı obyektiv reportajlar və müzakirələr aparmağa imkan vermir. Əsgərlərin dəyərli əməyi və orduda çoxlu motivasiyalı insanların əməyi ön planda olmalıdır. Ona görə də işimi tərk etmək qərarına gəldim”, - deyə o bildirib.
Qeyd edək ki, Alman nazir keçən il hərbi hissəyə baş çəkərkən oğlunu da ordu helikopterinə mindirmiş, oğlu bu səfərin fotolarını İnstaqram hesabında paylaşmışdı. Nazirlik daha sonra uçuş haqqının ödənildiyini açıqlasa da, polemikaya son qoya bilməmişdi.
Lambrext ölkəsində həmçinin hərbi modernləşdirmə və Ukraynaya hərbi yardım göndərilməsi kimi mövzularda effektsizliyi və yalan bəyanatları ilə tənqid hədəfinə tuş gəlmişdi.