ABŞ prezidenti yapon xalqından üzr istədi-reaksiyalar...

1-06-2016, 09:55           
ABŞ prezidenti yapon xalqından üzr istədi-reaksiyalar...
Obamanın addımı birmənalı qarşılanmayıb; fikirlər müxtəlifdir; Qabil Hüseynli: “İbrətamiz addımdır”
ABŞ prezidenti Barak Obamanın Yaponiyadan üzr istəməsi dünya gündəmini zəbt edib. Yaponiyaya səfəri çərçivəsində 1945-ci ildə İkinci Dünya müharibəsinin sonlarına yaxın Xirosimo və Naqasaki şəhərlərinə atılan atom bombaları nəticəsində həlak olanları yad edən Obama öz ölkəsi adından üzrxahlığını ifadə edib.

Bu isə dünya tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Kuba və İranla olan gərginliyi aradan qaldırmaqla adını tarixə yazdıran Obama prezidentlik dönəminin bitməsinə yarım il qalmış daha bir ilkə imza atdı. Onun addımına ikili münasibət var. Müdafiə edənlər və etməyənlər arasında ciddi bir fərq yoxdur. Ekspertlər hesab edirlər ki, bu cəsarətli addımla 8 illik prezidentlik müddətində xarici siyasətdə o qədər də uğurlar qazanmayan Amerika prezidenti bununla bir növ səhvlərini sığortalamaq istəyib.

Politoloq Qabil Hüseynli ABŞ prezidentinin addımını belə dəyərləndirir: “1945-ci ildə müharibə bitmək üzrə idi. Yaponiya isə təslim olmaq ərəfəsində idi. Hər iki yapon şəhərinə atom bombası atmaq yeni nüvə silahının sınaqdan keçirilməsi ilə bağlı idi. Yapon hökumətini təslim olmağa vadar etmək deyil, Amerikanın hərbi gücünü dünyaya sübut etmək məqsədi daşıyırdı. İki atom bombası nəticəsində 600 mindən çox insan həlak oldu. Milyondan çox sakin radiasiya xəstəliyinə tutuldu. Bu xəstəliklərin nəticələri bu gün də onların nəsillərində özünü büruzə verməkdədir. Şikəst doğulmuş uşaqlar, əqli çatışmazlığı olan şəxslər buna bariz misaldır. Bütün bunlar Yaponiyaya ciddi zərbə vurdu. Bir növ dünya xalqları bununla başa düşdülər ki, nüvə silahı ilə zarafat etmək olmaz. Müharibədən sonra Amerika-Yaponiya münasibətləri sürətlə düzəlməyə başladı. Çünki həmin dövrdə SSRİ bölgə üçün ciddi əhəmiyyət daşıyan imperiyaya çevrilmişdi. Bu amillərə görə ABŞ-Yaponiya münasibətləri müsbətə doğru sürətlə dəyişdi. Qısa müddətdə müttəfiqlik əlaqələri yaradıldı. Hazırda Yaponiya dünyanın ən inkişaf etmiş ölkəsi sayılır və Amerikanın müttəfiqi hesab olunur. Barak Obamanın səfəri 7 böyük dövlətin Zirvə toplantısı ilə bağlı idi. Belə toplantıda bu gedişin edilməsi böyük əhəmiyyətə malik idi. ABŞ bununla həm nüvə təhlükəsizliyinin qarşısını alınmasının zərurətini anlatdı, həm də müəyyən mənada bütün dünyanın gözü qarşısında alçaldılan yapon xalqından üzr istəməklə amerikan xalqının böyüklüyünü və yaponlara olan hörmətini nümayiş etdirdi. Baş verənlər dünya üçün də ibrətamiz addımdır. Dünya bir daha nüvə silahının təhlükəsini, necə acı nəticələrinin olduğunu xatırladı. Bir sözlə, Barak Obama bu addımı atmaqla adını tarixə yazdırdı. Amerikanın ləyaqətini, dünya qarşısındakı məsuliyyətini müdafiə edən addım atmış oldu”.

Politoloq Obamanın xarici siyasətdə uğursuz olması ilə bağlı fərqli düşünür: “Obamanı müəyyən məsələlərdə cəsarətsiz və ehtiyatlı davranan prezident kimi qiymətləndirənlər var. Amma o, prezidentliyinin ilk illərində əsas diqqəti ölkənin daxilindəki problemlərə yönəltdi. İraqdan qoşunların çıxarılması və Liviya ilə bağlı mövqe Amerikanın xarici siyasətində qiymətləndirilən məsələlərdəndir. Kubadakı Quantanamo həbsxanasını ləğv edə bilməsə də, fəaliyyətini aşağı sala bildi. Orada təhlükəli bir neçə məhbusdan başqa kimsə qalmır. Amma onun xarici siyasətini uğursuz saymaq düzgün deyil. Hətta ona fəaliyyətinə görə Nobel mükafatı da verdilər. Bu baxımdan Obama tarixə bir daha düşüb. Çünki ABŞ prezidentləri içərisində heç kəs fəaliyyətləri dönəmində bu mükafatı almayıb. Obamanın ehtiyatlı siyasət yeritməsini təbii qarşılamaq lazımdır. Böyük bir dövlətin taleyini ona tapşırıblarsa, buna məcbur idi. Bircə onun Rusiya ilə siyasəti tənqid olunub, bundan sonra da olunacaq. O, Amerika tarixinə qaradərili prezident kimi düşməklə yanaşı, həm də ABŞ prezidentləri sırasında ən bacarıqlı şəxs kimi adı çəkiləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.