İsrail parlamentinin 25 üzvü İranın ayrılmasını dəstəkləyən məktubdan imzalarını niyə geri götürdü?

2-05-2023, 17:56           
İsrail parlamentinin 25 üzvü İranın ayrılmasını dəstəkləyən məktubdan imzalarını niyə geri götürdü?
İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanın yaranmasına dəstək məktubunun dərcindən sonra İsrailin informasiya naziri Gila Qamliel öz “Twitter” səhifəsində yazıb ki, o, parlament üzvlərinin əksəriyyətini bu məktubdan geri çəkilməyə inandırıb və artıq 25 nəfər məktubdan imzalarını geri götürüb: "İranın bəzi hissələrinin parçalanmasına dəstək olmaq üçün qondarma plandan xəbər tutduqdan sonra mən İsrail parlamenti üzvlərinin əksəriyyətini bu məktubu və onun mətnini geri götürməyə inandırdım".

Bununla yanaşı, vurğulayıb ki, dini ekstremizm rejiminə qarşı mübarizə bir çox xalqların ümumi arzusudur və biz bu yolu həmişə davam etdirməliyik. Bu o deməkdir ki, İsrail Cənubi Azərbaycan hərəkatını deyil, bir müddət əvvəl İsraildə İran müxalifətinin lideri kimi qəbul edilmiş şahzadə Reza Pəhləvinin təklif etdiyi xətti müdafiə etməkdə maraqlıdır

Belə ki, R.Pəhləvi bir müddət əvvəl İsrail parlamentinin 32 üzvünün ölkənin xarici işlər naziri Eli Kohenə göndərdiyi məktubun “qəbuledilməz olduğunu və anti-İran İslam Respublikasının rejiminə xidmət etdiyini” bildirmişdi. O, bu hərəkəti İranın ərazi bütövlüyünə “şifahi hücum” adlandıraraq tvitində yazırdı: “Bu ağılsız bəyanatlar İsrail liderləri və yüksək vəzifəli şəxslərin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddir. Bu gün mən Qüdsdəki dostlarımıza özümü və həmvətənlərimin narahatlığını bildirdim”. Şahzadə Pəhləvi ümid etdiyini bildirmişdi ki, “bu məsələyə aydınlıq gətirməklə İran və İsrail xalqları arasında köhnə dostluğun bərpasından narazı olanların sui-istifadəsinin qarşısını alacaqlar”.

Onun belə canfəşanlığı da anlaşılan idi. Çünki İran mediası sözügedən müraciətin meydan çıxması və Pəhləvinin İsrailə səfəri arasında paralellər aparır, müraciəti o səfərin nəticəsi kimi təqdim edirdi. İndi müraciətin geri götürülməsi R.Pəhləvinin İran müxalifətinin nəzərində mövqeyini gücləndirə biləcəyi də gözləniləndir.

Bu məktub, həmçinin xaricdəki müxalif iranlı mühacirləri birləşdirən “Həft Aban” Cəbhəsinin reaksiyasına səbəb olmuşdu. Qurum bəyanatında məktubu İranın varlığına və ərazi bütövlüyünə qarşı düşmənçilik fəaliyyətinin bariz nümunəsi hesab edirdi: “Biz hələ də gərginliyin azaldılması, bütün dünya ölkələri ilə dostluq münasibətləri, antisemitizm kimi mürtəce diskurslara qarşı mübarizəni azad İran gələcəyinə baxış hesab edirik, lakin biz İran xalqı ilə döyüşə girməyəcəyik”. Qeyd edək ki, “Həft Aban” öz adını İran tarixində Böyük Kirin taxta çıxdığı gündən götürmüş paniranist təşkilatdır.

Dünən isə İran Xalq Mücahidləri təşkilatının lideri Məsud Rəcəvi öz saytında R.Pəhləvini tənqid edərək “İsraildən un, su istəyən şəxsi, dalğa gəldi və paytaxtı Təbriz olan müstəqil Cənubi Azərbaycan ölkəsinə qul kimi apardı...10 gün əvvəl dedik ki, Padşah oğlunun davranışları bu konkret vəziyyətdə istər-istəməz üsyana səbəb olacaq və Xamneyinin cibinə düşəcək” - yazmışdı.

Müraciətdən sonra İsraildəki İran lobbisi də tam gücü ilə hərəkətə gətirilmişdi. İran əsilli israilli jurnalist Reza Perto bildirirdi ki, Qüdsə səfəri zamanı şahzadə Rza Pəhləvini qəbul edən İsrailin informasiya naziri Gila Qamlielə zəng edərək məktuba etiraz edib: “Bütün iranlılar kimi, biz İran yəhudiləri üçün də ərazi bütövlüyü qırmızı xətdir. Atalarımız İsrailin sağ, İranı isə sol göz olduğunu deyirdi. Biz hər ikimizi qorumalıyıq”.

İsrailli fəal Emili Şreyder isə fars dilində tvitində yazır: “Separatçılıq İslam Respublikasını zəiflətmir, onu gücləndirir. Mən parlamentin 32 üzvünün bu hərəkətini pisləyirəm, onlarla görüşəcəyəm və niyə belə mövqe tutduqlarını müzakirə edəcəyəm. Bilirəm ki, İsrail Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir, lakin bu, İranın ərazi bütövlüyünün pozulması demək olmamalıdır”.

İsrail parlamentinin 32 deputatı cümə axşamı günü İsrailin xarici işlər nazirinə ünvanladığı məktubda İranın şimal-qərbindəki azərbaycanlı azlığına dəstək istəmişdi.

Cəmaləddin Quliyev, siyasi ekspert












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru