Tayvan və ABŞ şirkətləri pilotsuz uçan aparatların inkişafı üzrə memorandum imzaladı
3-05-2023, 10:34
Tayvanın pilotsuz uçuş aparatı (PUA) istehsalçısı olan “Thunder Tiger Corporation” aprelin 28-də amerikalı radar sistemi istehsalçısı “Imsar Llc” ilə dronların inkişafı ilə bağlı Anlaşma Memorandumu (MOU) imzalayıb.
"Focus Taiwan" xəbər verir ki, Anlaşma Memorandumu “Imsar”ın sintetik diyaframlı radarını T400 modeli də daxil olmaqla, dronlarında həm hərbi, həm də kommersiya məqsədli istifadə etmək imkanı verəcək.
İki şirkət həmçinin, qlobal bazara çıxmaq üçün sahə sınaqları keçirəcək və müxtəlif dronları nümayiş etdirəcək.
Şirkət bildirib ki, əməkdaşlıq Tayvanın İqtisadi İşlər Nazirliyi tərəfindən ölkənin milli müdafiə sənayesinin inkişafını asanlaşdırmaq proqramında dəstəklənən T400-ün inkişafı üçün mühüm addımdır.
"Focus Taiwan"a görə, yüksək performanslı radar istehsal edən “Imsar”, yeni imkanların yayılmasında Amerika hərbçiləri ilə əməkdaşlıq etmək üçün güclü tərəfdaşdır.
Xəbərdə qeyd edilir ki, Tayvan istehsalı olan İHA-ları dünya miqyasında tanıtmaq üçün sentyabr ayında Taypey Aerokosmik Müdafiə Texnologiyaları Sərgisində hazırladığı T400 və digər dronları nümayiş etdirməyi planlaşdırır.