Moldova hakimiyyəti iyunun 1-2-də hava məkanını bağlayacağını elan edib.
Bu barədə Moldova Baş Polis Müfəttişliyi məlumat yayıb.
Bildirilir ki, qərar ölkədə Avropa siyasi ictimaiyyətinin sammitinin keçirilməsi ilə bağlıdır.
“Moldova hava məkanını iyunun 1-dən yerli vaxtla saat 00:00-dan - iyunun 2-si yerli vaxtla saat 07:00-a qədər bağlayacaq”, - deyə məlumatda vurğulanıb.
Qadağa biznes təyyarələrinə şamil edilməyəcək. O da bildirilir ki, mayın 15-dən 25-dək Kişineu Beynəlxalq Aeroportunun yaxınlığındakı avtomobil dayanacağı xüsusi rejimdə fəaliyyət göstərəcək. Aşağı mərtəbələrdə avtomobillərin parklanması qadağan olunacaq.
Xatırladaq ki, martın 28-dən Bakı və Moldovanın paytaxtı arasında birbaşa aviareys açılıb. Kişineudan Bakıya çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətə isə çərşənbə, cümə və bazar günləri üçün reyslər həyata keçirilib.